AZ

İranın budəfəki Azərbaycanəsilli Prezidenti ilə münasibətimiz necə olacaq? -AÇIQLAMA 

İranın yeni Prezidenti Məsud Pezeşkian seçildi. 
 
Mövzu ilə bağlı VI Çağırış Milli Məclisin deputatı Fazil Mustafa Moderator.az-a açıqlamasında bunları bildirdi:     
 
"Qonşu dövlətdə baş verən prezident seçkiləri, təbii ki, Azərbaycanda da diqqətlə izlənilir. Kimin prezident seçilməsinin elə ciddi bir əhəmiyyət daşıyacağını düşünmürəm. İstər azərbaycanlı, istərsə də digər millət nümayəndəsi olsun.  Əsas olan Ali dini liderin kim olmağı məsələsidir. Burada maraqlı belə bir paradoks var ki, ali-dini lider də əslən azərbaycanlı sayılır, amma onun gəlişindən sonra Azərbaycana münasibətdə heç vaxt arzuolunan tendesiya müşahidə olmayıb.  İran daha çox Ermənistanı dəstəkləyən dövlət kimi diqqət mərkəzində qalıb. Biz hər nə qədər qonşuluq prinsiplərinə əməl etməyə çalışsaq da, yenə də onlar tərəfindən Azərbaycanla məsafəli münasibət qurulub. Yeni prezidentin də bu formatda fəaliyyət göstərəcəyini proqnozlaşdırmaq olar. Bəlkə, İran daxilində hansısa bir islahatların həyata keçirilməyinə cəhd edəcək. Lakin İran kimi bir ölkədə islahat həyata keçirmək mümkün deyil. Çünki din mərkəzli, məzhəb mərkəzli düşüncə heç vaxt fundamental bir yaşam şərtlərinin dəyişməsinə imkan verəcək mahiyyətdə deyil. Bu baxımdan, təbii ki, prezidentin şəxsiyyəti, hansısa şəkildə cəmiyyətin həyatındakı proseslərə müdaxiləsi fərqli ola bilər. Ancaq mahiyyətcə bu münasibətlərdə hər hansısa dəyişikliklər baş verməyəcək.  Mən düşünürəm ki, Pezeşkianın seçilməsi İranın hansısa bir şəkildə islahatçı xəttə yönələcəyini iddia edənlər üçün müəyyən dərəcədə inam yarada bilər. Amma sistem o mahiyyətdədir ki, onun səlahiyyət hüdudları elə də geniş deyil. Kiməsə simpatiya, antipatıyası bir az fərqli görünə bilər. O cümlədən, Azərbaycana da. Ancaq bu  bir yenilik vəd edən dəyişiklik deyil və ola da bilməz. Əsas müzakirə məsələsi  ölkənin quruluş mahiyyətinin dəyişməsindən gedir.  İran hələ çözülənə,  bütövlükdə dünyəvi mahiyyəti əxz edənə qədər müəyyən təlatümlü yollar keçməlidir. Biz sadəcə qonşu dövlət kimi İranın daha təlatümsüz islahatlar yolu ilə yaxşı mənada dəyişməsini arzulayırıq. Arzu etmək hələ yetərli deyil. Çünki iç resurslar və düşüncə sistemi elədir ki, bu məsələdə yaxın zamanlarda bir yenilik gözləmək mümkün deyil. İranda hər hansı bir qarışıqlığın yaranması Azərbaycan üçün də ziyandır.  Biz çalışırıq ki, daha dinc məcrada İranda islahatlar yolu ilə bir dəyişikliklər baş versin. Bu baxımdan da yeni prezidentin seçilməyi yeni bir dövrün başladığı manasına gəlmir. Çünki prezidentin səlahiyyətlərinin məhdudluğu  hamıya bəllidir. Onun addım atmasını əngəlləyən mexanizm o dərəcədə sərtdir ki, prezidentin özünü də kənarlaşdırıb, müəyyən bir şəkildə iradəsini həyata keçirməyə icazə verməyə bilərlər. Məsələn, bunlar əvvəlki proseslərdə də özünü göstərib. Heç bir prezidentin fundamental dəyişiklik etməyə gücü çatmayıb".
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
147
37
moderator.az

10Mənbələr