"Ötən gün polis əməkdaşının qətlə yetirilməsi ölkədə kriminogen durumun pisləşməsinin yox, Azərbaycan polisinin ictimai qayda və ictimai təhlükəsizliyin təmin edilməsi, şəxsiyyətin, cəmiyyətin və dövlətin hüquqazidd əməllərdən qorunması, cinayətkarlıqla mübarizə, törədilmiş cinayətlərin açılması və cinayətkarların aşkara çıxarılması, tutulması, bütövlükdə əməliyyat-axtarış fəaliyyətinin, habelə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlərin daha da gücləndirməsinin göstəricisidir".
Bunu "Cebhe.info"ya deputat Bəhruz Məhərrəmov deyib. Deputat əlavə edib ki, yəni daxili işlər orqanlarının qanunvericiliklə təyinatı üzrə aidiyyəti nəzarət və profilaktik tədbirləri gücləndirməsi bu və ya digər formada məsuliyyətdən yayınmağı bacaranların tək-tək ifşa edilərək məsuliyyətə cəlb edilməsi ilə nəticələnir ki, cinayətkar ünsürlərin bu prosesdə hansısa formada müqavimət cəhdi gözləniləndir:
"Lakin ötən gün ağır yaralanmasına baxmayaraq sonadək xidməti vəzifələrini yerinə yetirən Fəxrəddin Nəsirovun timsalında, habelə qeyd olunan cinayət əməli ilə bağlı şübhəlinin tutularaq istintaqa cəlb edilməsi istiqamətində Qaradağ RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş uğurlu əməliyyat-axtarış tədbirləri fonunda bir daha əminliklə demək olar ki, Azərbaycan polisi bütün dövrlərdə olduğundan daha güclü, daha peşəkar və daha qətiyyətlidir. Ölkədə əməliyyat şəraiti isə çox daha etibarlı formada nəzarətdədir.
Xidməti vəzifələrini fədakarlıqla yerinə yetirərkən qətlə yetirilən polis kapitanı Fəxrəddin Nəsirova Allahdan rəhmət, doğmalarına isə səbir diləyirik!"