Qazaxıstanın cənubunda Janatas şəhərində güclü yağışdan sonra onlarla evi və 400 həyəti su basıb.
interpress.az xəbər verir ki, bu barədə vilayət akimliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Cambıl vilayətinin Janatas şəhərində 50-yə yaxın evi və 400-dən çox həyətyanı sahəni su basıb.
“İyulun 7-də Janatas şəhərinin bəzi küçələrindən yağış suyu keçib. Nəticədə 400-dən çox həyətyanı sahə və 47 evi su basıb”, – məlumatda deyilir.
Akimilikdən verilən məlumata görə, bazar ertəsi, iyulun 8-də vəziyyət stabil olub, tələfat olmayıb, mal-qara xəsarət almayıb.
İndi yerli hakimiyyət orqanları su drenaj avadanlıqlarının sayını artırmaq üçün tədbirlər görür.
Cambil vilayətinin akimi Erbol Karaşukeyev səbəb və nəticələrin öyrənilməsi üçün xüsusi komissiyanın yaradıldığını elan edib.
Sakinlər üçün müvəqqəti yerləşdirmə mərkəzlərinin və xüsusi nəqliyyatın hazırlandığı bildirilir.
Xuraman Etibarlı
İnterpress.az