AZ

Pezeşkian seçildi - Qərb əlini İrana uzadacaqmı?..

Lap əvvəlcə onu deyək ki, İranda ruhani elitası və sistemi çox böyük qüvvə olsa da, hər halda, mütləq mənada həlledici də deyildir.  Prezident seçkilərinin ikinci turu ərəfəsində deyirdilər ki, mühafizəkarların birinci turda bölünmüş səsləri birləşəcək və seçicilər mühafizəkar S.Cəliliyə səs verəcəklər. 

Ən əsası isə ali dini-ruhani lider S.Ə.Xameneyinin və hakimiyyət dairələrinin S.Cəlilini müdafiə etdiyi bildirilirdi və iddia edilirdi ki, M.Pezeşkianın seçilməsi qəti mümkün deyildir. Amma nə oldu? Bütün bunlara baxmayaraq, islahatçı Məsud Pezeşkian seçildi! 

İranın yeni seçilmiş prezidenti ilə bağlı daxili və xarici siyasətdə çox böyük gözləntilər var. Amma onlar doğrulacaqmı? Pezeşkian sözün həqiqi mənasında İranın yeni prezidenti olacaqmı? Bəri başdan deyək ki, hələ ki bu tipli suallara dəqiq və birmənalı cavab vermək olmur. Başlayaq xarici siyasətdən.

Pezeşkian hələ birinci turda demişdi ki, Qərblə yeni münasibətlər quracaq. Amma mümkün olacaqmı? Axı hər şey İrandan asılı deyil! Qərb, xüsusən də ABŞ Tehrana barışıq əlini uzadacaqmı? Qeyd edək ki, hələ seçki başlamamışdan öncə Vaşinqton bəyan etmişdi ki, onlar bu seçkilərdən də heç nə gözləmirlər. Düzdür, bunu çoxillik məyusluqla da izah etmək olar: bu vaxta qədər islahatçı çətiri altında İranda çox adam hakimiyyətə gəlib, amma onlar bu müstəvidə ciddi heç nə etməyiblər. 

Di gəl, bir məsələ var ki, hər şeyi İranın da üstünə yıxmaq olmaz, necə deyərlər, Qərb və xüsusən də ABŞ da az aşın duzu deyil, bu neçə illər ərzində belə təsəvvür yaranıb ki, Vaşinqtona Tehranın timsalında bir “xortdan” lazımdır. Dəfələrlə olub ki, İranın real siyasi palitrasını dəyişmək üçün real imkanlar yaranıb, amma ABŞ hər dəfə bu cəhdləri heçə endirib. Yaxın keçmişdə də belə oldu. İranda etirazlar başladı. Gəl, ABŞ nə etdi? Keçmiş şah Rza Pəhləvinin oğlunu irəli verməyə çalışdı və bununla da etirazların sönməsinə səbəb oldu, çünki hamıya Vaşinqtonun əsl məramı aydın oldu...

İndi Pezeşkian xoş məramlı siyasətçiyə oxşayır, hərçənd bu cür mülahizələrin hələ dəqiqləşməsinə ehtiyac var, çünki o da hələ birinci turda deyirdi ki, Xameneyinin bütün tapşırıqlarını yerinə yetirəcək və Cavad Zərifi xarici işlər naziri təyin edəcək. Amma sual yaranır: bəs Cavad Zərif Qərblə yeni münasibətlərə başlamaq üçün nə qədər uğurlu namizəddir? Əlbəttə, bunu bir hökm kimi qəbul etmək lazım deyil, hər şeyi yaxın gələcək göstərəcək...

Pezeşkianın qələbəsini cənubi azərbaycanlılar böyük coşqu ilə qarşıladılar. Bəs onların ümidləri nə qədər doğrulacaq? Hər halda, biz də bu xüsusda ümidliyik. Cənubi azərbaycanlılara qarşı münasibət köklü şəkildə dəyişməlidir, qırx-əlli milyonluq bir xalqı “milli azlıq” elan etmək və onun yalnız mədəni haqlarından danışmaq qəti olmaz. Daha ədalətli olardı ki, İranda iki dövlət dili olsun: fars və türk dilləri. Amma cənublular Pezeşkiandan ən azı əvvəlki prezidentlərin onlara verdikləri, amma əməl etmədikləri vədləri həyata keçirməyi gözləyirlər. Necə deyərlər, görək nə olur? Axı bütün bu vədləri həyata keçirmək üçün təkcə etnik türk-azərbaycanlı olmaq azdır! Axı İranın dini rəhbəri də milliyyətcə azərbaycanlıdır, amma bu, azərbaycanlılara münasibətdə nəyi dəyişibdir?..

Yeni prezidentin bizim Azərbaycana münasibəti də az maraq doğurmur. Biz ən azı onun dövründə Azərbaycana qarşı siyasətin dəyişəcəyinə ümid edirik. İkinci tur ərəfəsində deyilirdi ki, İranda ermənilər dəridən-qabıqdan çıxırlar ki, Pezeşkian seçilməsin. Amma onların da istəkləri çin olmadı - türk oğlu İranın növbəti, səhv etmiriksə, doqquzuncu prezidenti oldu. Onun Azərbaycanla münasibətləri dəyişən birinci İran prezidenti olmaq şansı da var. Görək, o, bu şansı gerçəkləşdirəcəkmi?..

 

Seçilən
173
50
musavat.com

10Mənbələr