Azərbaycanın bir qrup media nümayəndəsi Prezident İlham Əliyevin iyulun 5-də Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra açılışını etdiyi “Palace” və “Qarabağ” hotelində yaradılan şəraitlə tanış olublar.
“Sherg.az"-ın Qarabağ bürosunun verdiyi məlumata görə, “Palace” hoteldə müxtəlif tipli 54 otaq var.
Burada ən müasir iaşə məkanları da yaradılıb. Lobbi, açıq və qapalı terras zonalarından ibarət restoranda 300 qonağı qəbul etmək imkanı olacaq.
Bundan başqa, burada səhər yeməyi restoranı, “Şirin Coffee & Bakery”, “Cafe Park-Fast Food” və “Dəfnə” restoranları fəaliyyət göstərəcək. Hotelin əyləncə və istirahət zonalarında SPA, sauna və qapalı hovuz, idman zalı yaradılıb.
Daha sonra jurnalistlərə “Qarabağ” hotelində yaradılan şəraitlə bağlı ətraflı məlumat verilib.Qeyd edilib ki, hotel ötən əsrin ortalarında istifadəyə verilib.
2023-cü ildə 24 saatlıq antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün tam bərpasından sonra Prezident İlham Əliyevin tapşırığına əsasən, hoteldə təmir-bərpa və yenidənqurma işlərinin həyata keçirilməsinə başlandı. Yenidənqurma işlərindən sonra bina ilkin görkəminə qaytarılıb.
Bildirilib ki, hotelin keçmiş adı da qaytarılıb və “Qarabağ” adı ilə fəaliyyət göstərəcək. Müasir səviyyəyə çatdırılan hoteldə Xankəndi şəhərinə səfər edəcək qonaqların rahatlığı üçün hər cür şərait yaradılıb. Burada müxtəlif kateqoriyalı otaqlar var. Binada restoran da qonaqların ixtiyarına veriləcək. Hoteldə işgüzar görüşlər və tədbirlər keçirmək də mümkün olacaq. Hotelə yaxın olan ərazidə abadlıq işləri də görülüb.