Qlobal çağırışların önündə gedən Azərbaycan hazırda bir çox istiqamətlər üzrə yeni dövrün tələblərinə ən yüksək səviyyədə reaksiya verən ölkələrdən biri kimi tanınır. Belə çağırışlardan ən önəmlisi isə bütün dünyada ildən-ilə artan enerji tələbatının ekoloji cəhətdən təmiz, “yaşıl yollar”la ödənilməsidir. İstehsalı bərpaolunan enerji mənbələrinə əsaslanan bu cür potensial isə hazırda ölkə üzrə 27 min meqavat həcmində qiymətləndirilir.
Bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsinin Prezident İlham Əliyev tərəfindən prioritet vəzifə olaraq irəli sürüldüyü və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə payının 30 faizə çatdırılmasının (hazırda 17 faiz təşkil edir) hədəf kimi müəyyənləşdirildiyi nəzərə alınmaqla bu istiqamətdə bir çox işlər görülür. Dövlət başçısının Qarabağ və Şərqi Zəngəzurla bərabər, Naxçıvanı da “yaşıl enerji” zonası elan etməsi bu hədəfə çatmağın mühüm istiqaməti kimi diqqət mərkəzində saxlanılır.
Muxtar respublikanın yerləşdiyi əlverişli coğrafi mövqe və iqlim şəraiti burada ekoloji cəhətdən təmiz enerji istehsalına imkan verir. Bu sırada isə Günəş enerjisindən istifadə imkanları daha çox ön plana çıxır. Hesablamalara görə, Naxçıvan ərazisində günəşli saatların orta illik miqdarı 2600-2800 saat, hər kvadratmetrə düşən Günəş enerjisinin intensivliyi isə 0,8-1,2 kilovat–saat təşkil edir. Bu isə o deməkdir ki, bütün fəsillərdə Günəş enerjisindən istifadə imkanı mövcuddur.
Qeyd etmək lazımdır ki, son illərdə muxtar respublikada ekoloji cəhətdən təmiz enerji istehsalı məqsədilə bir sıra addımlar atılıb. Xüsusilə yeni Günəş və külək elektrik stansiyalarının tikilib istifadəyə verilməsi Naxçıvanda istehsal edilən ümumi enerjidə bərpaolunan enerjinin payını artırıb. Bəs hazırda sözügedən sahədə hansı işlər görülür?
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətindən bildirilib ki, hazırda bu coğrafiyanın alternativ və bərpaolunan enerji potensialından istifadə ilə bağlı konkret dövlət sənədi mövcuddur. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda 11 prioritet istiqamətin biri elektrik enerjisi istehsalının və ixracının artırılması ilə bağlıdır ki, burada da əsas məqsəd “yaşıl enerji” istehsalıdır. Adıçəkilən Dövlət Proqramının qəbul olunduğu 2023-cü ildə muxtar respublikanın elektrik stansiyalarında 474 milyon 569 min 561 kilovat-saat elektrik enerjisi istehsal edilib ki, bunun da 19,89 faizi su elektrik və 12,75 faizi günəş elektrik stansiyalarının payına düşür. Ümumilikdə alternativ və bərpaolunan enerji mənbələrində istehsal edilən elektrik enerjisi ümumi enerji istehsalında 32,64 faiz təşkil edib. Bununla da muxtar respublikada günəş elektrik stansiyalarının ümumi gücü 39 meqavata çatdırılıb.
Cari ilin 6 ayında isə ümumi elektrik enerjisi istehsalı 221 milyon 597 min 860 kilovat saat olub ki, bunun da 105 milyon 137 min 216 kilovat–saatı su elektrik, 30 milyon 337 milyon 144 kilovat–saatı isə günəş elektrik stansiyalarında istehsal olunub. Yeri gəlmişkən, hazırda Ordubad rayonu ərazisində 36 meqavatlıq “Ordubad” və 15,6 meqavatlıq “Tivi” su elektrik stansiyalarının, Şərur rayonunda isə 3 meqavatlıq Günəş Elektrik Stansiyasının tikintisi davam etdirilir.
Məlumatda qeyd olunur ki, ötən il sentyabrın 28–29-da Naxçıvanda keçirilən Azərbaycan-Tükiyə 3-cü Enerji Forumu və “Naxçıvan–yaşıl enerji zonası” beynəlxalq konfransında, eləcə də Bakı Enerji Forumunda Naxçıvanın enerji potensialı ilə bağlı xarici şirkətlərlə anlaşma memorandumları imzalanıb. Naxçıvanda “Masdar” şirkəti ilə ilkin mərhələdə gücü 150 meqavat olan Günəş Elektrik Stansiyasının tikilməsi də nəzərdə tutulub.
“Czech Engineering” şirkəti isə Sədərək rayonunun Türkiyə ilə sərhədində günəş elektrik stansiyalarının inşası, enerji ötürücülərinin tikilməsi və istifadəsi üzrə əməkdaşlıqda maraqlıdır. Eyni zamanda, Almaniyanın “Notus” şirkəti Naxçıvanda “yaşıl enerji” layihələrini reallaşdırmaq niyyətindədir. İlkin mərhələdə pilot layihə olaraq 70 meqavatlıq Günəş Elektrik Stansiyasının Naxçıvanın şimal-qərbində – Türkiyə ilə sərhəd xəttinə yaxın ərazidə tikilməsi nəzərdən keçirilir.
Göründüyü kimi, Naxçıvanın “yaşıl enerji” potensialına, xüsusilə bu enerjinin Türkiyə istiqamətində ixracına böyük maraq var. Buradan da o nəticəyə gəlmək mümkündür ki, yeni layihələr tezliklə Naxçıvanı “yaşıl enerji” dəhlizinə çevirəcək.