AZ

Lamin Yamal: “Bu, doğum gününə ən yaxşı hədiyyədir”

İspaniya millisinin vingeri Lamin Yamal AÇ-2024-ün finalında İngiltərə yığması üzərində qazandıqları 2:1 hesablı qələbəni şərh edib.

Arena.az Yamalın bu barədə fikrini təqdim edir:

“Bu, gerçəkləşmiş bir arzudur. Mən həqiqətən İspaniyaya qayıtmaq və bunu azarkeşlərlə qeyd etmək istəyirəm. Mən bunu ailəmlə qeyd etmək istəyirəm. Bu, doğum gününə ən yaxşı hədiyyədir”, deyə Yamal vurğulayıb.

Xatırladaq ki, Almaniyada keçirilmiş futbol üzrə Avropa çempionatı (AÇ-2024) İspaniya millisinin yeniyetmə vingeri Lamin Yamal üçün bir sıra məqamlarla əlamətdar olub. O, Avropa çempionatını qazanmış ən gənc oyunçu olaraq, adını futbol salnaməsinə yazıb. Belə ki, final oyunu günü Yamal 17 yaş 1 günlüyündə olub. Üstəlik, Yamal bu Avropa çempionatının ən yaxşı gənc oyunçusu seçilib.

Yamal yarışı yüksək səviyyədə keçirərək, 4 məhsuldar ötürmə ilə fərqlənib, həmçinin 1 qol vurub. Qollar və məhsuldar ötürmələrin cəmi üzrə Yamal 5 bal (1+4) toplayıb və komanda yoldaşı Daniel Olmo ilə birlikdə Avropa çempionatının ən səmərəli oyunçusu olub.

Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Artıq geridə qalmış 2023/2024 mövsümündə Yamal “Barselona”nın heyətində bütün yarışlarda 50 oyuna çıxıb, 7 qol vurub və 10 məhsuldar ötürmə verib.

Yamal 2023-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 14 oyun keçirib, 3 qol vurub, 8 məhsuldar ötürmə verib.

Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə 2022/2023-cü illər mövsümündə qazandığı İspaniya La Liqası var. O, milli komanda ilə də AÇ-2024-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı vingerin transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
9
arena.az

10Mənbələr