AZ

Erik Kantona 17 yaşlı Lamin Yamalın oyununu qiymətləndirdi

Fransa yığmasının keçmiş futbolçusu Erik Kantona İspaniya millisinin və “Barselona”nın gənc vingeri Lamin Yamalın oyununa qiymət verib.

Arena.az Kantonanın bu barədə fikrini təqdim edir:

“İspaniya yığmasının oyun tərzini bəyənirəm. Lamin Yamal kimi oyunçuların olması isə yaxşıdır, çünki onun nə edəcəyini heç vaxt bilmirsən. Daim hər kəsi təəccübləndirir. O, meydanı əla görmə qabiliyyətinə, gözəl texnikaya malikdir və düzgün qərarlar qəbul edir. Mənim bundan xoşum gəlir. Bəzən mən oyuna yalnız sırf oyunçu üçün baxıram”, deyə Erik Kantona vurğulayıb.

Xatırladaq ki, İspaniya yığmasının yeniyetmə vingeri Lamin Yamal 17 yaş 1 günlüyündə Avropa çempionatını qazanmış ən gənc oyunçu olaraq, adını futbol salnaməsinə yazıb.

Yamal yarışı yüksək səviyyədə keçirərək, 4 məhsuldar ötürmə ilə fərqlənib, həmçinin 1 qol vurub. Qollar və məhsuldar ötürmələrin cəmi üzrə Yamal 5 bal (1+4) toplayıb və komanda yoldaşı Daniel Olmo ilə birlikdə Avropa çempionatının ən səmərəli oyunçusu olub.

Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Artıq geridə qalmış 2023/2024 mövsümündə Yamal “Barselona”nın heyətində bütün yarışlarda 50 oyuna çıxıb, 7 qol vurub və 10 məhsuldar ötürmə verib.

Yamal 2023-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 14 oyun keçirib, 3 qol vurub, 8 məhsuldar ötürmə verib.

Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə 2022/2023-cü illər mövsümündə qazandığı İspaniya La Liqası var. O, milli komanda ilə də AÇ-2024-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı vingerin transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
9
arena.az

10Mənbələr