AZ

“Avropa Siyasi Birliyi”nin sammiti - enerjidən miqrasiyaya qədər Böyük Britaniya-Aİ əməkdaşlığının yeni dövrü

Avropanın təhlükəsizliyinin təhdid altında olduğu bir vaxtda qitə yenidən ümumi dəyərlər - azadlıq, demokratiya və qanunun aliliyi ətrafında birləşir.

"İki sahil" report-a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer “Avropa Siyasi Birliyi”nin IV sammiti çərçivəsində keçirilən plenar iclasda deyib.

“Ukrayna hər gün təkcə xalqı uğrunda deyil, həm də bütün avropalılar uğrunda mübarizə aparır, çox çətin qazanılan idealları müdafiə edir”, - o vurğulayıb.

“Bu dəyərlər uğrunda mübarizənizdə biz sizi bir daha alqışlayırıq, şübhə etməyin, sona qədər sizinlə olacağıq”, - Britaniya lideri Ukrayna Prezidenti Volodimir Zelenskiyə müraciət edərkən deyib.

Rusiya təhlükəsinin bütün Avropanı əhatə etdiyini vurğulayan K.Starmer əlavə edib ki, bir çox ölkələr artıq vətəndaşlarına qarşı hücumlar, hava məkanına müdaxilələr və Rusiya gəmilərinin sahillərində patrul xidməti ilə üzləşiblər: “Bu, xüsusilə Moldova və Qərbi Balkan ölkələrinə aiddir”.

“Bizim üçün daha çox işlər görmək vaxtı yetişib. Biz birlikdə işləmək, sənayemizi canlandırmaq və təkcə hərbi çağırışlara deyil, həm də iqtisadi və enerji təhdidlərinə cavab vermək üçün yeni, daha iddialı yollar tapmalıyıq”, - o qeyd edib.

Böyük Britaniyanın Baş naziri Avropa İttifaqı (Aİ) ilə münasibətlərin yenidən qurulmasının vacibliyini də vurğulayıb: “İnanıram ki, Böyük Britaniya və Aİ suveren tərəfdaşlar kimi birlikdə çalışaraq hər kəs üçün sülh, təhlükəsizlik və firavanlıq üçün güclü qüvvədir”.

O, G7 çərçivəsində birgə işin uğurlarını, o cümlədən Ukraynanın bərpası üçün Rusiya aktivlərindən istifadəni və ona qarşı indiyədək misli görünməmiş sanksiyaların tətbiqini qeyd edib: “Ölkələrimizin atdığı addımlarla qürur duymalıyıq, amma indi bu tədbirləri sona qədər həyata keçirməliyik”.

Sammitdə qeyri-qanuni miqrasiya və insan alveri probleminə xüsusi diqqət yetirilib.

Sonda K.Starmer hamını ümumi çağırışlar qarşısında birləşməyə və əməkdaşlığa çağırıb: “Gəlin bu məqamdan Ukrayna üçün daha çox iş görmək, demokratiyamızı qorumaq, enerji təchizatımızı təmin etmək və qeyri-qanuni immiqrasiya ilə mübarizə aparmaq üçün istifadə edək”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
46
ikisahil.az

10Mənbələr