ABŞ prezidenti Co Bayden noyabr ayında keçiriləcək prezident seçkilərində iştirak etməyəcəyini elan edərək, vitse-prezident Kamala Harrisi Demokratlar Partiyasının prezidentliyə namizədi kimi dəstəklədi. Həftələr ərzində zehni vəziyyəti ilə bağlı suallara müqavimət göstərən və prezidentlik yarışından çəkilməyəcəyini deyən prezident Co Bayden noyabr seçkilərində namizəd olmayacağını elan etdi.
Baydenin yaydığı bəyanatda bu xüsusda deyilir: “Sizə prezident kimi xidmət etmək mənim həyatımın ən böyük şərəfi olub”.
Bayden namizədlikdən çəkilərək, geri qalan müddətdə ABŞ prezidenti vəzifəsinə fokuslanmağın Demokrat Partiyasının və ölkəsinin marağında olduğuna inandığını bildirib. O, sosial media paylaşımında partiyanın namizədliyi üçün Harrisə dəstək verdiyini elan etdi. ABŞ prezidenti onun ikinci dəfə seçilməsinə çalışanlara və vitse-prezident Kamala Harrisə gördüyü işə görə təşəkkürünü bildirib. Son vaxtlar səhhətində yaranan problemlərə görə Demokrat Partiyasının nüfuzlu üzvləri və donorları arasında narahatlıq yaranmışdı ki, o bu durumda Respublikaçılar Partiyasından olan namizəd Donald Trampı məğlub edə bilməz. Xüsusən bir neçə həftə əvvəl Trampla debatda daha zəif göründüyü üçün onun seçki marafonundan çəkilməsi ilə bağlı çağırışlar artmışdı. Bu fonda sosial mediada öz partiyadaşlarına müraciətində Bayden builki seçkilərdə prezidentliyə namizəd kimi Kamala Harrisi dəstəkləyib. O bildirib ki, Harrisi 4 il əvvəl özünə vitse-prezident seçməklə özünün ən yaxşı qərarını vermis olub. İndi isə onun prezidentliyə namizəd olmasını istəyir: “Demokratların bir araya gəlib Trampı məğlub etmək vaxtıdır”. Beləliklə, ABŞ-da prezident seçkisinə təxminən 100 gün qalmış Co Bayden marafondan çıxıb və Kamala Harrisi Demokrat Partiyasının namizədi kimi dəstəkləyib. Qeyd edək ki, iyunun 27-də rəqibi, respublikaçıların namizəd Donald Trampla debatda zəif, bəzən çaşqın görünən 81 yaşlı Baydenin fiziki və zehni durumu ilə bağlı suallar yaranmışdı. Avqustun 9-21-də Demokrat partiyanın milli qurultayı keçiriləcək. Bir çox demokratlar, o cümlədən keçmiş prezident Bill Klinton Harrisin Demokratlar partiyasından namizəd olmasını dəstəkləyib. Ancaq Harrisin partiyadan namizəd olmaqda hansısa əngəllərlə üzləşib-üzləşməyəcəyi bəlli deyil. Demokrat Milli Komitəsinin sədri Ceym Harrison deyib ki, partiya tezliklə nominasiya prosesilə bağlı şərh verəcək. Onu da qeyd edək ki, Bayden son 50 ildən artıq bir müddətdə partiyadan namizəd olmaqdan imtina edən ilk vəzifədə olan ABŞ prezidentidir. Corc Vaşinqton Universitetində tarixçi və siyasi elmlər professoru Metyu Dallek bildirir: “Əsas məsələ odur ki, Harrisi bir sıra səbəblərdən siyahıda birincilikdən uzaqlaşdırmaq çox çətin olacaq. O, Baydenin dəstəyini alıb. Onun indi kampaniya infrastruktura və kampaniya dollarlarına çıxışı ola bilər. O, dörd ildir vitse-prezidentdir. Çox vaxt qalmayıb. Fikrimcə, Demokrat partiyasının ilk afroamerikalı qadın vitse-prezidenti namizəd kimi ağdərili kişi ilə əvəzləməsi çox çətin ola bilər”. Demokratlar hazırda seçkini uduzmağın çox şeyə, hətta demokratiyanın özünə də risq yaratdığını deyirlər. Çünki 2017-2021-ci illərdə prezident olan Tramp NATO-nun birliyinə zərbə vurub, Ali Məhkəmədə siyasi spektrin sağ qanadının çəkisini artırıb, 2020-ci ildə seçkinin nəticələrini dəyişməyə çalışıb. İndi Respublikaçı liderlər dərhal Harrisə Bayden administrasiyası siyasətindən dolayı hücuma keçiblər. Demokratların namizədi seçilərsə, keçmiş prokuror və Kaliforniyadan senator olan 59 yaşlı Harris qaradərili qadın kimi ölkə tarixində ilkə imza atacaq. O, administrasiyada immiqrasiya, seçki hüquqları, reproduktiv hüquqlar kimi bir sıra məsələlərlə məşğul olub. Üç il vəzifədə olduğu müddətdə xaricə azı 12 səfər edib, 150-yə yaxın liderlə görüşüb. O, ötən ay İsveçrədə Ukrayna sülh samitində Birləşmiş Ştatları təmsil edib. Demokratlardan digər mümkün namizədlər kimi Kaliforniyanın qubernatoru Gevin Nyusom, Miçiqandan Qreçen Vitmer, Pensilvaniyadan Coş Şapiro, İllinoysdan Con Pritskerin adları çəkilir.
Harrisin də reytinqi Bayden kimi o qədər də yüksək deyil. Ancaq ekspertlərin fikrincə, onu bir çox amerikalılar yaxşı tanımır, ölkə boyunca seçki tədbirlərində imicini yaxşılaşdıra bilər. Harris özü isə noyabrda keçiriləcək prezident seçkilərində Demokratlar Partiyasından namizədliyini irəli sürmək niyyətində olduğunu bildirib: “Prezidentin dəstəyini almaqdan qürur duyuram və namizədliyi irəli sürmək niyyətindəyəm. Seçkilərə qədər 105 günümüz var. Birlikdə mübarizə aparacağıq və qalib gələcəyik". Respublikaçılar Partiyasından ABŞ-ın vitse-prezidenti vəzifəsinə namizəd Ceyms Devid isə qeyd edir ki, Donald Tramp seçkilərdə demokratlardan rəqibinin kim olmasından asılı olmayaraq qalib gələcək: “Keçmiş prezident Tramp və mən Amerikanı xilas etməyə hazırıq və demokratların kim olacağından asılı olmayaraq bunu edəcəyik”. O, Baydeni həyatının ən pis prezidenti adlandırıb, Harrisi isə yalan danışmaqda ittiham edib: “Kamala Harris Baydenin zehni qabilliyyəti barədə 4 il yalan danışıb, həmçinin mənzil və ərzaq qiymətlərini artıran siyasətin həmmüəllifi olub”. Donald Trampın oğlu Baydenin seçki yarışından geri çəkilməsini şərh edərkən bildirib: “Kamala Harris Amerika lideri Co Baydendən də səriştəsizdir. Yeganə fərq ondadır ki, Harris Codan daha liberal və daha az bacarıqlıdır və bu, həqiqətən nəsə deyir. Ona sərhədi mühafizə etmək tapşırılıb, amma biz tariximizdə qeyri-qanuni mühacirlərin ən dəhşətli işğalının şahidi olduq”. Donald Tramp özü də məsələyə münasibət bildirib: “Kamala Harrisi məğlub etmək Baydendən daha asan olacaq. Cozef Bayden Birləşmiş Ştatların ən pis prezidenti olub. ABŞ onun dövründə çox əziyyət çəkib və Bayden ikinci müddətə namizəd olmağa layiq deyil. Ətrafındakı hər kəs, o cümlədən həkimi və mediası bilirdi ki, o, prezident olmağa yaramır”.
Nahid SALAYEV