AZ

Demokratlar narahatdır: Baydeni Harrisin əvəzləməsi seçki prosesinə təsirsiz ötüşməyəcək

ABŞ-da prezidentliyə namizəd Cozef Bayden seçki yarışından geri çəkilib.

Bakıvaxtı.az-ın məlumatına görə, namizədliyini geri götürən Bayden vitse-prezident Kamala Harrisin namizədliyini dəstəklədiyini açıqlayıb.

ABŞ prezidentliyinə namizəd Donald Tramp deyib ki, vitse-prezident Kamala Harrisi məğlub etmək Co Baydeni məğlub etməkdən daha asan olacaq. Kamala Harris prezidentin təsdiqini almaqdan şərəf duyduğunu deyib:

"Bu namizədliyi qazanmaq və qalib gəlmək niyyətindəyəm. Seçkiyə 107 gün qalıb. Biz birlikdə mübarizə aparacağıq. Və birlikdə qalib gələcəyik".

ABŞ-nin keçmiş prezidentləri Barak Obama və Bill Klinton prezident Co Baydenin seçki yarışından geri çəkilməsi ilə bağlı açıqlama veriblər. Bill Klinton və həyat yoldaşı Hillari Klinton verdikləri yazılı açıqlamada, prezidentliyi dövründə böyük uğurlar qazandığını bildirən Baydenə təşəkkür ediblər. Respublikaçılar Partiyasının namizədi Donald Trampın yenidən prezident seçilməsi ehtimalının dərin narahatlıq doğurduğunu bildirən Klinton cütlüyü ABŞ-nin vitse-prezidenti Kamala Harrisi tam dəstəklədiklərini bildiriblər.

Keçmiş prezident Barak Obama da verdiyi yazılı açıqlamada Baydenin ABŞ tarixinin ən mühüm prezidentlərindən biri olduğunu bildirib. Obama, Baydenin 4 ilə yaxındır ölkəni Donald Trampın prezidentliyindən “qoruduğunu” qiymətləndirərək, Baydenin bu seçkidə də risklərin fərqində olduğunu bildirib. Harrisin namizədliyini açıq şəkildə dəstəkləməyən Obama "önümüzdəki günlərdə bir qədər naməlum sularda üzəcəyik, amma partiya liderlərimizə tam güvənirəm" deyib.

Beynəlxalq Münasibətlər və Diplomatik Araşdırmalar Mərkəzinin rəhbəri Samir Hümbətov Bakıvaxtı.az-a deyib ki, Baydenin çox yaşlı olmasıyla yanaşı ciddi fiziki problemləri də var idi. 

Ekspertin sözlərinə görə, xüsusən son günlər Baydenlə bağlı neqativ xəbərlər daha çox gündəmə gətirilirdi: 

"Ona görə də düşünürəm ki, Baydeni daha çox səhhətindəki problemlərdən dolayı geri çəkiblər. Donald Tramp rahatlıqla seçkidə qalib gələcəyini deyir. Bunu seçki prosesində psixoloji üstünlük qazanmaq üçün siyasi açıqlama saymaq olar. Nəzərə alaq ki, Kamala Harris də güclü fiqur, nüfuzlu siyasi rəqibdir. Bayden Administrasiyasında ciddi mövqe sahibidir. O baxımdan Kamala Harrisi "boz kardinal" da adlandırmaq olar. Düzdür, Trampın reytinqi artıb. Ona qarşı sui-qəsdə cəhd də buna təkan verib. Amma onsuz da Baydenin səhhəti, yaşı, fiziki durumu Trampla yarışa imkan yaratmırdı". 

Samir Hümbətov: Onsuz da Baydenin səhhəti, yaşı, fiziki durumu Trampla yarışa imkan yaratmırdı

Həmsöhbətimiz bəyan edib ki, namizədlik üçün nisbətən gənc, enerjili, Amerika "dərin dövlət"inin, qlobalistlərin dəstək verdiyi şəxs daha məqsədəuyğundur: 

"Ona görə də demokratlar ən ideal namizəd kimi Kamala Harrisi irəli sürdülər. Məncə, Baydeni Harrisin əvəzləməsi seçki prosesinə təsirsiz ötüşməyəcək. Noyabr ayınadək xeyli müddət var. Seçki ilə bağlı yüz faiz dəqiqliklə proqnoz vermək doğru deyil. İndiki vəziyyətdə namizədlərin şansları əllinin əlliyə qiymətləndirilir. Yaxın zamanlarda üstünlüyün kimin tərəfində olması tam dəqiqləşəcək".

Aydın Baxış

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
13
bakivaxti.az

10Mənbələr