AZ

Sübut olundu - gender bərabərliyi inkişafın mühüm şərtidir...

Image

Beynəlxalq səviyyədə ilk dəfə olaraq kişilər və qadınlar arasında bərabərlik 1945-ci ildə BMT-nin nizamnaməsində təsbit edilib. Bu nizamnamədə müəyyən edilib ki, Birləşmiş Millətlər Təşkilatı xalqları fundamental hüquqlara inamı bir daha təsdiq etməli, gender bərabərliyini təmin etməli, bunun üçün müvafiq şərait yaratmalıdırlar.

Bu müddəalar bərabərlik və ayrıseçkiliyə yol verməmək prinsiplərinin gələcək inkişafı üçün zəmin yaradıb.

Gender bərabərliyi beynəlxalq hüquq müstəvisində 

1946-cı ildə BMT-nin Qadının Statusu üzrə Komissiyası yaradılıb ki, bu da kişi və qadınlar arasında gender bərabərliyinin təmin edilməsində mühüm rol oynadı. Qurumun fəaliyyəti təkcə cəmiyyətin müxtəlif sahələrində qadınların müdafiəsini təmin etmək məqsədi daşımayıb, həm də dünyanın bütün ölkələri tərəfindən kişi və qadın bərabərliyi prinsipinə əməl olunmasına nəzarət etmək vəzifəsini qarşısına qoyub. Beləliklə, Qadının Statusu üzrə Komissiya kişilər və qadınlar arasında bərabərliyin təşviqinə yönəlmiş müxtəlif tövsiyələr qəbul etməklə həm beynəlxalq, həm də milli səviyyədə gender bərabərliyini təmin etməyə çalışmışdır.

1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 2-ci maddəsinə əsasən, hər kəs heç bir fərq qoyulmadan bəyannamədə təsbit olunmuş bütün hüquq və azadlıqlardan istifadə etmək hüququna malikdir. Preambulada qeyd edilir ki, orada təsbit edilmiş müddəalar bütün xalqların və dövlətlərin səy göstərməyə borclu olduğu standartlar kimi qəbul edilməlidir. Beləliklə, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin müddəaları gender ayrı-seçkiliyinə yol verməmək prinsipini təsbit edir ki, ona görə də kişilər və qadınlar bərabər bütün hüquq və azadlıqlara malik olmalıdırlar. 1950-ci il İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi üzrə Avropa Konvensiyası gender əsasında ayrı-seçkiliyin qadağan edilməsini də təsbit edir. Konvensiyanın 14-cü maddəsinin müddəalarına əsaslanaraq belə bir nəticəyə gəlinir ki, kişi və qadın heç bir əsasla ayrı-seçkiliyə məruz qala bilməz. Nəticə etibarilə, İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi üzrə Avropa Konvensiyası təkcə beynəlxalq hüquqi deyil, həm də milli insan hüquqları institutlarının formalaşması tarixində əlamətdar sənəddir. Gender bərabərliyinə dair beynəlxalq hüquqi standartların formalaşmasının növbəti mərhələsi 1966-cı ildə iki beynəlxalq paktın qəbul edilməsidir. Söhbət vətəndaş və siyasi hüquqlar haqqında və genderə görə ayrı-seçkiliyin qadağan olunmasını təsbit edən iqtisadi, sosial və mədəni hüquqlar haqqında paktlardan gedir. İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Paktın 3-cü bəndinə əsasən, paktın iştirakçısı olan dövlətlər kişilər və qadınlar arasında bərabərliyi təmin etməyə borcludurlar. Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 3-cü maddəsi həmçinin iştirakçı dövlətlərin kişi və qadınların bütün mülki və siyasi hüquqlardan istifadə etmək üçün bərabər hüquqlarını təmin etmələrini təmin etməyə yönəlmiş müddəa nəzərdə tutur. Nəticə etibarilə, hər iki beynəlxalq pakt qadınlar və kişilər üçün bərabər siyasi, mülki, sosial, iqtisadi və mədəni hüquqlarda bərabərliyi təmin edir. Qeyd etmək lazımdır ki, bu beynəlxalq paktların 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsi ilə ortaq cəhəti onların İnsan Hüquqları və Azadlıqları Xartiyasını təşkil etməsidir.  Ümumiyyətlə, əksər beynəlxalq sənədlər və ümumilikdə beynəlxalq təşkilatların fəaliyyəti gender ayrıseçkiliyinə məruz qalan qadınların hüquqlarının qorunmasına yönəlib. Bu müstəvidə fəaliyyət göstərən beynəlxalq təşkilatların və xüsusi beynəlxalq sənədlərin yaranması uzun müddət qadınların kişilərlə qeyri-bərabər mövqedə olması ilə əlaqədar idi. Bu vəziyyətə köklü stereotiplərin, eləcə də qadınların rolunu aşağılayan ənənəvi, mədəni və dini adət və ideyaların mövcudluğu səbəb olmuşdu. Qadınlara ana, ev gözətçisi kimi müəyyən sosial rollar qoyulmuş, davranış nümunələri formalaşmış, buna görə də qadın kişi ilə qeyri-bərabər mövqeyə qoyukmuşdu. Əksər hallarda qadınların hüquqları qüvvədə olan milli qanunvericiliklə, məsələn, əmək sferasında, siyasi sahədə və digər sahələrdə məhdudlaşdırılmışdı. Nəticə etibarı ilə qadınlara qarşı gender ayrı-seçkiliyinin bütün dünya ölkələrini əhatə etdiyinə görə, bu problem beynəlxalq xarakter alıb və beynəlxalq ictimaiyyət tərəfindən qlobal problem kimi təsnif edilib. Bu fonda aparılan mübarizə nəticəsində indi bir çox ölkələrdə qadınların mövqeyi kişilərlə əhəmiyyətli dərəcədə bərabərdir. Azərbaycan da belə ölkələr sırasındadır və ölkəmizdə gender bərabərliyi ən yüksək səviyyədə təmin olunur.

Azərbaycan gender simmetriyasında mühüm uğurlara nail olub 

Tarix boyu qadınlar cəmiyyətimizin mənafeyi naminə böyük işlər görüblər. Bəziləri yaxşı tanınır, digərləri daha az tanınır, lakin hər biri dünyanın tərəqqisinə töhfə verib. İstər insan hüquqlarının və sülhün təbliğində, istər elmin inkişafında, istərsə də insanların həyatını xilas etmək və ictimai sağlamlığın qorunmasında ön cəbhədə xidmət edən qadınların sayı yetərincə olub. Azərbaycan tarixində də bunun çoxsaylı nümunələri var. 

Ümumiyyətlə, Azərbaycan qadını bu gün də ictimai həyatın bütün sahələrində fəaldır, ictimai rəyin yaranmasında və formalaşmasında da iştirak edir. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, siyasi-hüquqi, sosial-iqtisadi sahələrdə, beynəlxalq münasibətlərdə yeni nailiyyətlərin əldə olunmasında qadınlar da yüksək təşəbbüskarlıq və fəallıq göstərdilər. Bu fəallıq tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyəti - qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılması ilə bağlıdır. Ölkədə gender siyasətinin tələblərinə uyğun olaraq qadınlarla kişilərin hüquq bərabərliyi təmin edilib. Azərbaycanda gender bərabərliyi istiqamətində atılan addımlar, görülən işlər ölkəmizdə demokratik cəmiyyətin qurulmasında mühüm rol oynayıb. O da faktdır ki, hər bir ölkənin davamlı inkişafı gender fərqi qoyulmadan onun bütün vətəndaşlarının mənəvi və iqtisadi potensialından səmərəli istifadəni nəzərdə tutur. Məhz buna görə də gender simmetriyasına nail olmaq bütövlükdə dünya birliyi üçün prioritet məsələlərdən biridir. Bu gün BMT-nin bütün dünyada müdafiə etdiyi gender bərabərliyi məsələlərinə aid təsirli həcmdə normalar, standartlar və prinsiplər mövcuddur. Kişilər və qadınlar üçün imkanların, resursların və seçimlərin bölüşdürülməsini dəyişdirmədən və genişləndirmədən heç bir cəmiyyət davamlı inkişaf edə bilməz. Tədqiqatlar göstərir ki, qadınlar kişilərlə eyni sürətlə yeni bizneslər yaradıb genişləndirsələr, iqtisadi fayda 5-6 trilyon dollara yaxın olacaq. Bu səbəbdən gender simmetriyasının təmini yalnız tərəqqiyə əlavə töhfələr verir.

Samirə SƏFƏROVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
15
baki-xeber.com

10Mənbələr