Almaniya hökuməti məmurların futbol üzrə Avropa çempionatının oyunlarına qatılmaq üçün 500 min avrodan çox pul xərcləyib.
Alman məmurların Avropa çempionatının oyunlarına girişi ilə bağlı xərclər 531 min avro təşkil edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bild" yazıb.
Bildirilir ki, dövlət qulluqçuları üçün biletlər pulsuz olub. Buna rəğmən onlar əsasən stadiona gedən yollarda 531 min avro xərcləyib.
Belə böyük məbləğin olmasının səbəbi kansler Olaf Şolts, səhiyyə naziri Karl Lauterbax, daxili işlər naziri Nensi Feser və başqalarının Müdafiə Nazirliyinin verdiyi eksklüziv transferdən istifadə etməsi olub.
Xüsusilə, Almaniya və İspaniya millilərinin qarşılaşdığı 1/4 finalda Şolts, Lauterbax və Feser iştirak edib. Bu matça görə, xarici işlər naziri Annalena Berbok gecə uçuşlarına qadağa qoyulmasına baxmayaraq, hətta Frankfurt hava limanından Lüksemburqa gecə uçub. Nazirlər Kabineti üzvləri Münhen, Frankfurt və Dortmundda milli komandaların oyunlarına da qatılıb.
Almaniya yığmasının iştirakı ilə keçirilən hər oyuna görə hökumət UEFA-dan 30, Almaniyanın iştirakı olmadan keçirilən oyunlar üçün isə 10 bilet alıb.
"Altı işgüzar səfər üçün yarım milyon avrodan çox xərc çəkən hər kəs tamamilə məsuliyyətsizdir. Hərbi hava qüvvələri federal hökumətin axşam əyləncə proqramı üçün səyahət variantı olmamalıdır", deyə Bundestaqdakı Sol fraksiyasının lideri Soeren Poelmann bildirib.
Bundan əlavə, solçular kansler Olaf Şoltsun həyat yoldaşı Britta Ernstin matçlarda olmasını tənqid ediblər. UEFA-nın qaydalarına görə, fəxri biletlər yüksək vəzifəli dövlət məmurlarına - hökumət başçısına, nazirlərə və parlament nümayəndələrinə verilməlidir. 2023-cü ilə qədər Brandenburqun təhsil naziri vəzifəsində çalışmış Ernst bu kateqoriyaların heç birinə aid deyil.
Aydın