Azərbaycanın aviasiya sənayesində son on il ərzində mühüm inkişaf baş verib.
Trend xəbər verir ki, bu barədə "Boeing"in Türkiyə və Mərkəzi Asiya üzrə idarəedici direktoru Ayşem Sargın "ThinkYoung" qeyri-kommersiya təşkilatının "Boeing" aerokosmik şirkətinin tərəfdaşlığı ilə təşkil etdiyi "ThinkYoung" kodlaşdırma məktəbinin diplom təltifetmə mərasimində deyib.
"Bu gün burada olmaqdan şadam, çünki bu tədbir "Boeing" şirkətinin Azərbaycanın ictimai həyatında ilk iştirakı, eləcə də, Xəzər dənizi və Mərkəzi Asiya regionunda həyata keçirdiyimiz ilk təşəbbüsdür", - deyə o vurğulayıb.
Ayşem Sargın qeyd edib ki, Azərbaycan hökuməti və özəl sektor infrastruktura və təyyarə parkına böyük investisiyalar qoyub.
"Bu, "Boeing" üçün mühüm bazardır və Azərbaycanın, o cümlədən, aviasiya sahəsində inkişaf üçün böyük potensialı var. Tərəfdaşımız olan "Think Young" ilə Azərbaycanda həyata keçirdiyimiz kodlaşdırma məktəbi tələbələri rəqəmsal bacarıqlarını inkişaf etdirməklə gələcəyə hazırlayan unikal proqramdır", - deyə o əlavə edib.
Qeyd edək ki, iyulun 22-dən 26-dək "ThinkYoung" və "Boeing" şirkətləri Xəzər regionu və Mərkəzi Asiya üzrə kodlaşdırma məktəbində ilk məşğələlərini keçiblər.
Proqram çərçivəsində Bakıda 10-17 yaş arası azərbaycanlı məktəblilər kodlaşdırma dərsləri, o cümlədən vebsayt və oyunların hazırlanması üzrə dərslər keçiblər.
Tələb olunan rəqəmsal bacarıqlarla yanaşı, tələbələr ingilis dilini də öyrəniblər və texnologiya, aviasiya və digər STEM sahələrində gələcək karyeralarında onlara kömək edəcək bacarıqlar əldə ediblər.