Noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkiləri sadəcə, amerikalıların yox, bütün dünyanın səbirsizliklə gözlədiyi səsvermə olacaq. "Harris, yoxsa Tramp?" sualının ritorik yükü ağır olduğundan cavablar çox fərqlidir.
ABŞ-ın sabiq prezidenti Donald Trampın yenidən Ağ Evə sahiblənməsi və ölkəni idarə etməyə başlaması ilə bağlı ehtimallar güclüdür. Amerikalıların çoxu, ABŞ mediası və siyasi analitikləri ilə yanaşı, dünyanın ən müxtəlif ölkələrindəki mass-media seçkilərdə demokratların məğlubiyyətinə şübhə etmir.
Onların fikrincə, Respublikaçılar və Demokratik partiyalarının yeni qarşıdurmasının nəticələrini təxminləmək çətin deyil.
Hamı hazırlaşır
Brüsseldə NATO rəhbərliyi Ukraynanın dəstəklənməsinin və Kiyevə yardımlar göstərilməsinin davam etdirilməsinin uzunmüddətli təminatı ilə bağlı yeni proqram hazırlayır ki, D.Tramp prezident seçilərsə, onun administrasiyası maneələr yarada bilməsin.
Türkiyədə hakimiyyət dairələri və siyasi analitiklər Donald Trampın prezident seçiləcəyi təqdirdə ABŞ-ın Suriya ilə bağlı yürütdüyü siyasətdə mümkün dəyişiklikləri proqnozlaşdırmağa çalışırlar.
Almaniya, Fransa, İtaliya, İspaniya, Yunanıstan və Kanadanın hakimiyyət elitaları indi ABŞ-dakı respublikaçı qubernatorlarla və senatorlarla müzakirələr apararaq amerikalı mühafizəkarlarla əlaqələri möhkəmləndirmək niyyətindədir.
Qərbdəki siyasi analitiklərin gündəmə gətirdikləri yeni sual belədir: "Donald Trampın qayıdışına hazırlaşmalıyıq, yoxsa yaxşısı budur tələsməyək və yeni reallığın necə olacağını gözləyək?"
Şübhələr və narahatlıq, təlaş və nigaranlıq səbəbsiz deyil.
Donald Tramp Birləşmiş Ştatların çağdaş siyasətində tam fərqli fiqurdur. Ənənəvi sosial və ailə dəyərlərinin, Çinlə münasibətlərin minimallaşdırılmasının, Avropa İttifaqı və NATO ölkələrinə amerikalıların dəstəyi ilə yardımlarının azaldılmasının, sağ təcridçiliyin radikal təzahürlərinin gündəmə gətirilməsinin tərəfdarı olan Tramp üçün ümdə məsələ məhz ABŞ-ın maraqları, daxili siyasəti, iqtisadiyyatı, nüfuzu və yeridir.
NATO ilkin tədbirlər görür
Donald Trampın ilk prezidentliyi dönəmindən fərqli olaraq, NATO ölkələri yeni siyasi situasiyaya daha yaxşı hazırlaşdıqlarını deyirlər. Avropa ölkələrinin siyasətçilərinin dediklərinə görə, Trampın siyasi qayıdışına tam sürətlə gedən hazırlıq üç istiqamətdə aparılır:
1. Donald Trampın özü və yaxzın ətrafı ilə sıx əlaqələrin qurulması, bu minvalla gələcəkdə anlaşılmazlıqlar riskinin minimuma endirilməsi.
2. Avropa İttifaqı ölkələrinin müdafiə və hərbi-texniki xərclərini azaldaraq Donald Trampla onun rəhbərlik etdiyi siyasi koalisiyanın rəğbətini qazanmaq.
3. NATO-nun siyasi, geosiyasi və s. prioritetlərini Tramp adminstrasiyasının müdaxilələrindən qorumaq üçün diplomatik, habelə hüquqi tədbirlərin hazırlanması.
İlk baxışdan bütün bunlar Donald Trampın ABŞ prezidenti seçiləcəyi təqdirdə dünyanı gözləyən turbulentliyin təsirini azaltmaq üçün strateji idarəetmə prinsipləri təsiri bağışlayıb.
Lakin problem odur ki, Trampın ABŞ prezidenti postunda nə edəcəyi, hansı qərarlar verəcəyi bəlli deyil və onları təxminləmək belə, çox çətindir.
2017-ci ilin yanvarın 20-də D.Tramp ABŞ prezidenti postunda səlahiyyətlərinin icrasına başlayanda Qərb ölkələri, ABŞ-ın müttəfiqləri düşünürdülər ki, 4 illik müddət uzun zaman kəsimi deyil, dözmək olar.
İndi düşüncə tərzi və formatı dəyişib. Qərb gec də olsa, anlamağa başlayıb ki, "trampizm" keçici proses deyil və bu səbəbdən Şimali Atlantika Alyansı mütləq şəkildə ABŞ-ın yeni təcridçilik (izolyasionizm) siyasəti ilə qarşılaşacağını güman edir.
Fransada, İtaliyada, Almaniyada və Avropa İttifaqının digər ölkələrində radikal mühafizəkarların, ifrat sağçıların hakimiyyətə gəlmək şanslarının artdığı bir dövrdə Donald Trampın bu ümumi trendin liderinə çevriləcəyi də şübhə doğurmur.
Digər önəmli məsələlərdən biri də özlərini "Trampın yaxın adamı" kimi qələmə verən amerikalı siyasətçilər arasında kimin gerçəkdən də, ABŞ-ın 46-cı prezidenti olmağa hazırlaşan şəxsin real emissarı olmasının müəyyənləşdirilməsidir.
ABŞ-ın müttəfiqləri D.Trampın ilk prezidentliyi dövründəki təcrübələrinə əsaslanaraq nətiyyətlə deyirlər ki, onun özü və yaxın ətrafındakı insanlarla birbaşa, vasitəçilərsiz təmaslar həddən ziyadə önəmlidir.
Xatırladaq ki, D.Tramp prezident olarkən Sindzo Abe və Jair Bolsanarudan tutmuş, Boris Conson və Kim Çen Inadək ən müxtəlif dövlət və hökumət liderləri ilə birbaşa əlaqələr qurmuşdu: həmin şəxslər də o əlaqələrdən öz maraqları üçün istifadə etmişdilər.
Trampın yaxın ətrafındakı insanlarla təmaslar intensivləşib. Məsələn, Kanadanın xarici işlər naziri Frasnua-Filipp Şampan ABŞ-a yollanaraq qubernatorlar Henri MakMaster (Cənubi Karolina) və Cim Pillenlə (Nebraska), onun alman həmkarı Annalena Berbok Texasa yollanaraq Qreq Ebbotla, Britaniyanın XİN başçısı Devid Lemmi isə Vaşinqtonda Trampın ətrafındakı şəxslərlə, o cümlədən senatorlar Lindsi Qrem və C.Di Venslə görüşüb.
Ümumiyyətlə, avropalı siyasətçilər və hakimiyyət mənsubları hazırda MAGA ("Make America Great Again") koalisiyasında olanlarla aktiv danışıqlardadır.
Xatırladaq ki, MAGA 2016-cı ildə D.Tramp prezident seçkiləri ilə bağlı təbliğat kampaniyasına başlayanda onun gündəmə gətirdiyi şüar idi və indi yenidən aktuallaşıb.
NATO-nun təlaşını anlamaq olar. Donald Tramp indiyədək dəfələrlə bəyan edib ki, Şimali Atlantika Alyansına daxil olan ölkələr müdafiə xərclərini artırmalı, təhlükəsizliklərinin təminatında ABŞ-a bel bağlamamalıdır.
"Dünyanın bir çox yerlərində ölkələr təhlükəsizliklərini amerikalı vergiödəyiciləri, ABŞ vətəndaşları hesabına təmin etmək istəyirlər. Buna son qoymaq gərəkdir! Ukraynadakı hərbi əməliyyatlara gəldikdə isə, Rusiyanın qarşısını almaq üçün bu qədər pul xərcləmək niyyətində deyiləm. Özlərini təhlükəsizliyini və müdafiəsini təmin etməyə pul xərcləmək istəməyən NATO müttəfiqlərimizə Rusiya nə edirsə, etsin!" - D.Tramp deyib.
D.Trampın sözlərinə görə, NATO üzvü olan ölkələrinin hər birinin müdafiə və təhlükəsizlik xərcləri dövlət büdcəsinin minimum 3 faizini təşkil etməlidir.
Bu səbəbdən NATO və alyansa daxil olan ölkələr müdafiə xərclərini artırmaq qərarına gəliblər. Məsələn, Norveç yaxın 12 il ərzində müdafiə xərclərini 152 milyard dollara çatdıracaq, həmin vəsaitinin böyük qismi raket və artilleriya sistemlərinin istehsalına sərf ediləcək.
Rumıniya "Patriot" zenit-raket sistemlərinin alınması ilə bağlı ABŞ ilə 4 milyard dollarlıq müqavilə imzalayıb.
Polşa müdafiə xərclərini dövlət büdcəsinin 4 faizi səviyyəsinə çatdırıb.
Ancaq NATO ölkələrinin heç də hamısı bu strategiyanı reallaşdırmır.
İtaliya və Kanadanın müdafiə xərcləri büdcənin 2 faizindən artıq deyil.
İspaniya, Portuqaliya və Belçikada da belədir.
ABŞ prezidenti Co Bayden administrasiyası və ümumiyyətlə, demokratlar Donald Trampın mümkün prezidentliyi zamanı Vaşinqtonun NAT0-ya təzyiqlərini azaltmaq üçün preventiv tədbirlər görməyə çalışırlar. Belə ki, ötən ilin dekabrında Nümayəndələr Palatasında və Senatda qəbul edilmiş qətnaməyə görə, Konqresin dəstəyi və razılığı olmadan ABŞ prezidenti ölkənin NATO sıralarını tərk etməklə bağlı qərar qəbul edə bilməz.
Belə qərarlar Donald Trampın NATO ilə bağlı "fəaliyyət sərbəstliyi"ni məhdudlaşdırmaq məqsədi güdür.
Radikallar belə, geridə qalacaq
Cənubi Koreya da ölkəsində 28 min amerikalı hərbçinin mövcud olduğu hərbi bazaların Vaşinqton tərəfindən maliyyələşdirilməsini nəzərdə tutan anlaşmanı noyabra qədər yeniləmə məaələsir. Rəsmi Seul anlayır ki, ABŞ-ın Cənubi Koreyanı dəstəkləməsinə ayırdığı maliyyənin həcmindən narazı olan D.Tramp prezident seçilərsə sərt qərar qəbul edə bilər.
Bütün bunlarla yanaşı, görülən tədbirlərin D.Trampın radikal qərar vermək istəyəcəyi təqdirdə, ona əngəl törədəcəyinə inam azdır.
Çünki D.Tramp hətta inandığı mühafizəkar, "soyuq savaş" illərinin düşüncəsi ilə davranan hərbçilərlə siyasətçiləri - məsələn, Mayk Pompeo, Herbert MakMaster, Cim Mettis və ya Con Keli - də radikallıqda geri qoya bilər.
Üstəlik, Trampın yaxın ətrafındakı siyasətçiləri də NATO və Avropa İttifaqı ilə bağlı skeptik mövqe tutublar.
Trampın prezident seçiləcəyi təqdirdə ABŞ-ın Milli Təhlükəsizlik Şurasına sədr təyin edəcəyi deyilən Elbric Kolbinin son açıqlamalarından biri maraqlıdır: "Bizim Avropada potensial təhlükənin qarşısını almaqla bağlı imkanlarımız sonsuz deyil. Xatırladım ki, hələ Henri Kissincer demişdi ki, "alyanslara və ittifaqlara üzvlük bizim üçün intihara bərabər öhdəliklər olmamalıdır". Bu sözlər indi xüsusilə aktualdır".
Dəyişikliklər qaçılmazdır
Donald Tramp 2024-cü ildə ABŞ prezidentliyinə seçiləcəyi təqdirdə ABŞ-ın xarici siyasətində, geosiyasi doktrinada və diplomatik-hərbi imperativlərində bir sıra mühüm dəyişikliklər qaçınılmaz olacaq. Tramp administrasiyasının xarici siyasətinə yenidən baxış zərurəti, onun ilk prezidentlik dönəminin təcrübələrinə əsaslanaraq, dünya səhnəsində hansı yeni yanaşmaların gözlənilə biləcəyini öyrənmək üçün əhəmiyyətlidir.
"Amerika Birinci" yanaşmasının güclənməsi
Donald Tramp 2016-cı ildə prezident seçildikdən sonra "Amerika Birinci" (America First) doktrinasını önə çəkmişdi. Bu doktrina, ABŞ-ın milli maraqlarını digər ölkələrin maraqlarından üstün tutmağa əsaslanırdı. 2024-cü ildə yenidən prezident seçiləcəyi təqdirdə, bu yanaşmanın daha da güclənməsi gözlənilir. Trampın bu siyasəti çərçivəsində, ABŞ-ın beynəlxalq təşkilatlara və koalisiyalara daha az əhəmiyyət verəcəyi, bunun əvəzində isə ikitərəfli münasibətlərə üstünlük verəcəyi ehtimal olunur. Bu, ABŞ-ın NATO kimi beynəlxalq təşkilatlarda rolunun azalmasına və müttəfiqləri ilə münasibətlərində daha sərt mövqe tutmasına səbəb ola bilər.
Ticarət və iqtisadi siyasətdə proteksionizmin güclənməsi
Donald Trampın prezidentliyi dövründə ABŞ-ın ticarət siyasəti proteksionist yanaşmalarla xarakterizə olunmuşdu. Çinin iqtisadi təsirinə qarşı mübarizə aparmaq üçün ticarət tarifləri və iqtisadi sanksiyalar tətbiq edilirdi. D.Trampın yenidən prezident seçilməsi, ABŞ-ın iqtisadi siyasətində proteksionizmin daha da güclənməsinə səbəb ola bilər. Bu, Çin və Avropa İttifaqı ilə ticarət müharibələrinin davam etməsi və hətta yeni iqtisadi münaqişələrin ortaya çıxması deməkdir.
Rusiya və Şimali Koreya ilə münasibətlərdə yenidən yaxınlaşma
Donald Trampın ilk prezidentliyi dövründə Rusiya və Şimali Koreya ilə münasibətləri yaxşılaşdırmağa çalışdığı müşahidə olunmuşdu. Bu siyasətin yenidən gündəmə gəlməsi mümkündür. Rusiya ilə münasibətlərin yaxşılaşdırılması, xüsusən də enerji sektorunda əməkdaşlığın artırılması, ABŞ-ın Avropa ilə enerji rəqabətində üstünlük qazanmasına kömək edə bilər. Şimali Koreya ilə isə nüvə proqramının məhdudlaşdırılması və sülh razılaşmalarının əldə edilməsi məqsədilə diplomatik səylərin davam etdirilməsi gözlənilir.
Orta Şərq siyasətində yeni yanaşmalar
Donald Trampın prezidentliyi dövründə ABŞ-ın Orta Şərq siyasəti də ciddi dəyişikliklərə məruz qalmışdı. İsrail-Fələstin münaqişəsi, İran ilə nüvə razılaşması və Səudiyyə Ərəbistanı ilə münasibətlərdə yeni yanaşmalar müşahidə olunmuşdu. 2024-cü ildə yenidən prezident seçilməsi halında, Trampın bu siyasətləri davam etdirəcəyi və hətta daha radikal addımlar atacağı gözlənilir. İran ilə nüvə proqramı üzrə razılaşmaların yenidən müzakirə edilməsi, İsrail ilə daha güclü əməkdaşlıq və Fələstin məsələsində sərt mövqe tutma ehtimalı yüksəkdir.
İqlim dəyişikliyi və ekoloji siyasət
D.Tramp administrasiyası dövründə ABŞ-ın iqlim dəyişikliyi ilə bağlı siyasəti də ciddi tənqidlərə məruz qalmışdı. Paris İqlim Razılaşmasından çıxılması və ətraf mühit qorunmasına dair siyasətlərin zəiflədilməsi Trampın ekoloji siyasətinin əsas cizgiləri olmuşdu. Yenidən prezident seçildiyi təqdirdə, Trampın bu siyasəti davam etdirəcəyi və iqlim dəyişikliyi ilə mübarizədə daha az fəal olacağı gözlənilir. Bu, ABŞ-ın beynəlxalq səviyyədə ekoloji liderliyinin azalmasına və digər ölkələrlə bu sahədə əməkdaşlığının zəifləməsinə səbəb ola bilər.
İmperativlərdə yenidən strukturlaşma
Trampın prezidentliyi dövründə ABŞ-ın hərbi-strateji yanaşması da ciddi dəyişikliklərə məruz qalmışdı. NATO ilə münasibətlərdə gərginliklər, Avropada hərbi qüvvələrin yenidən yerləşdirilməsi və Asiya-Sakit okean regionunda hərbi mövcudiyyətin artırılması bu dəyişikliklərdən bəziləri idi. Yenidən prezident seçilməsi halında Trampın bu sahədə də yenidənqurma işlərini davam etdirəcəyi və ABŞ-ın hərbi-strateji imperativlərində daha çox qlobal rəqiblərə yönəlmiş siyasət yürüdəcəyi gözlənilir. Bu, xüsusilə Çin və Rusiya ilə hərbi rəqabətin güclənməsi deməkdir.
... Donald Trampın prezidentliyə seçilməsi halında, ABŞ-ın xarici siyasətində və geosiyasi doktrinada mühüm dəyişikliklər gözlənilir. Bu dəyişikliklər ABŞ-ın dünya səhnəsindəki mövqeyini yenidən formalaşdıracaq və beynəlxalq münasibətlərdə yeni dinamika yaradacaq. "Amerika Birinci" yanaşmasının güclənməsi, ticarət və iqtisadi siyasətdə proteksionizmin artması, Rusiya və Şimali Koreya ilə münasibətlərdə yaxınlaşma Orta Şərq siyasətində radikal yanaşmalar və iqlim dəyişikliyi siyasətində dəyişikliklər, ABŞ-ın xarici siyasətində gözlənilən əsas yeniliklərdən yalnız bir neçəsidir. Bu dəyişikliklərin qlobal təsirləri isə dünya siyasətinə və beynəlxalq münasibətlərə ciddi təsir göstərəcək.
Elçin Alıoğlu
TREND