AZ

"Rusiya ilə Ukrayna noyabrda sülh müqaviləsi bağlayacaqlar" - Zelenski məğlubiyyəti etiraf edir?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



2014-cü ildən etibarən davam edən Rusiya-Ukrayna münaqişəsi 2022-ci ilin 24 fevralından aktiv fazaya keçdi və bu savaş iki ildən çoxdur ki, davam edir. Ukrayna ərazilərinin təxminən 18 faizini itirsə də, Prezident Volodimir Zelenski ölkəsinin suverenliyi tam bərpa edilənə və Rusiya məğlub olana qədər müharibəni davam etdirməkdə israrlı olduğunu dəfələrlə bildirib. Hətta baş tutan bir neçə çoxtərəfli görüş də bu baxımdan səmərəli nəticə verməyib. Qərbin Ukraynaya dəstəyi isə sadəcə, müharibənin uzanmasına gətirib çıxarıb.
Son olaraq Amerika Birləşmiş Ştatlarının Ukraynaya 61 milyard dollarlıq yardım paketi, görünür ki, Zelenski hakimiyyəti üçün kifayət etməyib ki, o, ölkənin taleyini xalqın öhdəsinə buraxıb. Prezident müharibənin sona çatması üçün sülh müqaviləsinin imzalanıb-imzalanmayacağı ilə bağlı taleyüklü qərarı Ukrayna vətəndaşlarının verməli olduğunu deyib. Yəni ehtimallara görə, Donald Trampın ABŞ-də keçiriləcək prezident seçkisində qələbə qazanması və nəticədə Birləşmiş Ştatların Ukraynaya verilən yardımları kəsməsi ya müharibənin uzanması ilə Kiyevə indikindən daha böyük fəlakətlər gətirə bilər, ya da sülh sazişi imzalansa da, ilhaq edilən ərazilər Ukraynaya geri qaytarılmayacaq. Mövcud Ukrayna hakimiyyəti isə bunu yaxşı başa düşür.
Zelenskinin açıqlamasına nəzər salaq:
"Mənim fikrimcə və bir çox ölkələrin fikrincə, Rusiya nümayəndələri noyabrda keçiriləcək ikinci Ukrayna sülh sammitində olmalıdırlar. Əks halda davamlı nəticələr əldə edə bilmərik. Hər kəs onların danışıqlar üçün masa arxasında olmasını istəyirsə, etiraz edə bilmərik. Ədalətli sülh üçün ərazi bütövlüyümüz təmin edilməlidir, lakin bunu mütləq silahla etməli deyilik. Rusiya istəsə, məsələləri diplomatik yolla həll edə bilərik".
Əbəs deyil ki, meydanda tək qaldığını anlayan Zelenskinin bu açıqlaması sülh istəyi ilə yanaşı, həm də kapitulyasiya aktı və məsuliyyəti xalqın üzərinə atmaq kimi qiymətləndirilib.
Məsələni Oxu.Az-a şərh edən ABŞ-li politoloq İrina Tsukerman bildirib ki, Zelenskinin bu açıqlaması kapitulyasiya aktı kimi dəyərləndirilməməlidir:
"Əksinə, Zelenski müharibənin davam etdiyi müddət ərzində mütəmadi olaraq sülh jestlərini məğlubiyyət məsələsi kimi yox, müharibəyə maraq göstərmədiyi və sülhü mümkün qədər tez bərpa etmək istədiyini göstərmək üçün edib. Yəni o, bu mesajı verməklə dünyaya göstərir ki, Rusiya ilə sülh prosesini yubadan o deyil.
Yeri gəlmişkən, Rusiya bəzi ərazilərdə cüzi uğurlar əldə etsə də, həm də canlı qüvvə və texnika baxımından əhəmiyyətli itkilərə məruz qalıb ki, Qərbə arxa çevirməklə bu itkiləri geri qaytarmaq mümkün deyil".
"Zelenski iddia edir ki, o, Ukrayna xalqının iradəsinin demokratik nümayəndəsidir və ona görə də müharibənin gedişinə yalnız xalq qərar verə bilər. Çox ağır itkilərə baxmayaraq, ukraynalılar fədakarlıqlarına görə qələbəyə layiqdirlər. Bununla yanaşı, Rusiyada bəziləri müharibəni dəstəkləsələr də, çoxu bunun əksinədir və buna görə Qərb ölkələrinə gedib. Üstəlik, hələ də müharibə yox, "xüsusi əməliyyat" olaraq adlandırılan savaş xalqın fikrindən asılı olmayaraq davam edəcək. Bu səbəbdən də Rusiya yeni hərbi çağırışçılara yüksək məvacib təklif edir və müharibəni davam etdirməyə çalışır. Həmçinin, Zelenskinin bəyanatı təkcə ukraynalılara deyil, həm də təhlükənin miqyasını anlamaq istəməyən avropalılara və amerikalılara xəbərdarlıqdır", - deyə Tsukerman vurğulayıb.
O əlavə edib ki, Macarıstan və Slovakiya kimi ölkələr, Ukraynadakı vəziyyətdən asılı olmayaraq, gərginliyin Avropaya yayılmasının qarşısını almaq üçün Vladimir Putinin tələblərini yerinə yetirməyə hazır görünürlər:
"Zelenski də başqa ölkələrdə baş verənlərə nəzarət edə bilmədiyi üçün əslində, referendum məsələsini artıq öz seçimini edən ukraynalılara deyil, onlara ünvanlayır".
Türkiyəli siyasi şərhçi Engin Özer isə Oxu.Az-a açıqlamasında Zelenski hökumətinin Rusiya ilə sülh danışıqlarını qadağan etdiyini xatırladıb:
"Buna baxmayaraq, Ukrayna prezidenti son bir neçə gündür ki, ələlxüsus da Donald Trampın seçkidə qələbə qazanmaq ehtimalını yüksək dəyərləndirərək, eləcə də Macarıstanın Baş naziri Viktor Orbanla görüşdən əldə edilən nəticələrə əsasən, Rusiya ilə sülh danışıqlarının mümkün olması ilə bağlı müsbət açıqlamalar verməyə başlayıb. Üstəlik, Zelenskinin son açıqlamasından da anlaşılan odur ki, o, nəyin bahasına olursa-olsun, müharibənin sona çatmasını istəyir və bunun da referendumla həllində tərəfdardır. Təbii ki, hadisələrin necə inkişaf edəcəyi Trampın Amerika Birləşmiş Ştatlarının prezidenti seçilməsi ilə Ukraynaya bütün yardımı dayandırıb-dayandırmamasına əsasən inkişaf edəcək".
"Bu baxımdan, bütün dünyanın diqqəti noyabrda ABŞ-də keçiriləcək seçkinin nəticələrinə uyğun olaraq, Rusiya ilə Ukrayna arasında sülh müqaviləsinin imzalanıb-imzalanmayacağına yönəlib. Lakin əgər tərəflər sülh istəyirlərsə, bunu prezidentlər səviyyəsində deyil, qeyri-rəsmi heyətlər əsasında da həyata keçirə bilərlər. Çünki Zelenskinin prezidentlik müddəti, onsuz da, bitib və o, müharibə səbəbilə seçkilər keçirilmədiyi üçün de-fakto olaraq ölkəyə rəhbərlik edir. Bu baxımdan, bütün bu prosesləri nəzərdən keçirəndə müharibə yekunlaşır kimi görünür. Çox güman ki, noyabr ayında sülh müqaviləsi imzalanacaq", - deyə Özer fikrini tamamlayıb.
Rusiya Prezidenti yanında Beynəlxalq Əlaqələr Şurasının Rəyasət Heyətinin üzvü, politoloq Boqdan Bezpalko isə hesab edir ki, indi həm Qərb, həm də Zelenski münaqişənin dondurulmasını istəyirlər:
"Bəzi mənalarda bu, Qərb və Ukrayna üçün faydalıdır, çünki hazırda Ukrayna öz insan resurslarını tükədib. Onların silahı da yoxdur və hələlik Qərbdən də böyük tədarüklər gözlənilmir. Hazırda "F-16" döyüş təyyarələrinin 10 ədədinin tədarükü barədə məlumatlar olsa da, bunlar döyüşlərin gedişatına əhəmiyyətli təsir göstərə bilməz. Yüzlərlə döyüş təyyarəsi və ya minlərlə tankın tədarükü barədə isə məlumat yoxdur. Hansı ki, bu, vəziyyəti, həqiqətən də, dəyişə bilərdi".
"Zelenskiyə gəlincə, o, indi məsuliyyətdən qaçmaq üçün referenduma əsaslanaraq qərar qəbul etməyə çalışır. Çünki o, ərazi dəyişikliyinə gedə bilər. Sual isə budur ki, ərazi bölgüsü necə olacaq? Yəni hansı ərazilər Rusiyaya veriləcək, hansı ərazilər isə Ukraynada qalacaq? Hətta Rusiyada bəzi şəxslərin dilindən elan edilib ki, Rusiya Ukraynadan əlavə dörd ərazi də götürməlidir. Bunlar "Yeni federal ərazilər" olacaq və onlara Rusiya nəzarət edəcək. Digər tərəfdən də Qərb tərəfindən çağırışlar edilir ki, 1991-ci ilin xəritəsi üzrə Ukraynanın ərazi bütövlüyü bərpa edilməlidir. Hətta bunu deyəndə belə, hərdən Krımın istisna olunacağını da səsləndirirlər. Bunlar isə bir-birilə ziddiyyət təşkil edir. Hətta bu bölgü Şimali və Cənubi Koreya təcrübəsi ilə də baş tuta bilər. Hər halda, tərəflərin görüşündən sonra Ukraynanın aqibəti məlum olacaq", - Bezpalko fikrini yekunlaşdırıb.
Mərahim Nəsib
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
50
oxu.az

10Mənbələr