8 Noyabr - Zəfər Günü ölkəmizin bütün ərazisində böyük sevinc və qürur hissi ilə qeyd olunub.
Hamımızın intizarla gözlədiyi böyük zəfərin Müzəffər Ali Baş Komandanımızın ətrafında dəmir yumruq kimi birləşən mərd Vətən övladları tərəfindən əldə olunmasında çoxminli SOCAR ailəsinin də layiqli iştirakı olub.
SOCAR rəhbərliyi bu ailədən olan 1-ci və 2-ci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə, qazilərə və veteranlara xüsusi həssaslıqla yanaşır, onların problemlərini daim diqqət mərkəzində saxlayır. Hamımızın ən əziz bayramı olan Zəfər Gününün SOCAR-ın bir çox müəssisələrində qeyd olunması da bu diqqətin təzahürlərindən biridir.
Belə ki, SOCAR rəhbərliyinin dəstəyi və SOCAR-ın Nəqliyyat İdarəsinin təşəbbüsü ilə İdarənin işçiləri sırasından 1-ci və 2-ci Qarabağ müharibəsi iştirakçıları üçün bayram məclisi təşkil olunub. Məclisi giriş sözü ilə Nəqliyyat İdarəsinin rəisi, 1-ci Qarabağ müharibəsinin iştirakçısı Ələddin Məmmədov açaraq, SOCAR rəhbərliyi və Nəqliyyat İdarəsinin kollektivi adından şəhid ailəsi üzvlərini, qaziləri, veteranları bayram münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.
Bundan sonra qazilər, veteranlar adından arzu edən şəxslər çıxış edərək öz ürək sözlərini bildiriblər.
Daha sonra məclisin bədii hissəsi başlayıb.