AZ

COP BMT çərçivəsində keçirilən ən inklüziv tədbirlərdən biridir - Yalçın Rəfiyev

Bakı, TurkicWorld

COP BMT çərçivəsində təşkil olunan ən inklüziv tədbirlərdən biridir.

TurkicWorld -in xəbərinə görə, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev "29 İqlim Dialoqları: COP29-a gedən yol" adlı media üçün effektiv kommunikasiya üzrə seminarda keçirilən panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, bu il Bakıda keçiriləcək COP29 konfransından əsas gözlənti cəmiyyət üçün kollektiv məqsədin müəyyənləşdirilməsidir.

"Bu nə deməkdir? 2009-cu ildə Kopenhagendə keçirilən COP konfransında inkişaf etmiş ölkələrin hər il inkişaf etməkdə olan ölkələrdə iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün 100 milyard dollar ayırması qərara alındı. Bu vəsaitlər qrantlar və geri ödənilməyən yardım şəklində təqdim olunmalıdır. Bakıda keçiriləcək COP29-dan əsas gözlənti isə bu 100 milyard dolların yuxarı həddinin müəyyən edilməsidir. Artıq neçə illər keçib, dünya iqtisadiyyatı dəyişib, tələblər və ehtiyaclar artıb və ölkələrin indi fərqli tələbləri var", - deyə Yalçın Rəfiyev vurğulayıb.

O əlavə edib ki, Bakıda keçiriləcək konfransda inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə nə qədər yardım göstərməli olduqları barədə qərar qəbul edilməlidir.

"Biz bu istiqamətdə ilin əvvəlindən etibarən dünya ölkələri ilə iş aparırıq. Hazırda danışıqlar prosesinə hazırlıq gedir. Tərəflərin mövqeləri daha aydın olur. Konsensus əldə etmək və ortaq nöqtəyə gəlmək üçün strategiya hazırlayırıq", - deyə baş danışıqlar üzrə nümayəndə qeyd edib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının (COP29) 29-cu sessiyası bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək. Bu barədə qərar ötən ilin dekabrında Dubayda keçirilən COP28 plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və təxminən 70-80 min xarici qonaq qəbul edəcək.

BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyası, 1992-ci ilin iyun ayında Rio-de-Janeyroda keçirilən Yer Sammitində imzalanmış, insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə qəbul edilmiş bir razılaşmadır. COP (Conference of Parties) abreviaturası ingilis dilində "Tərəflərin Konfransı" mənasını verir və bu, İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ali qanunverici orqandır.

Konvensiyanın tərəfləri 198 ölkədən ibarətdir. Tərəflərin başqa bir qərarı olmadığı halda, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin mart ayında Berlində keçirilmiş və onun katibliyi Bonn şəhərində yerləşir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
50
turkic.world

10Mənbələr