AZ

BDU-105: Ənənələrə söykənən, müasir çağırışlara cavab verən İnformasiya və sənəd menecmenti fakültəsi

Bakı, 27 avqust, AZƏRTAC

2024-cü il sentyabrın 1-də ölkəmizin ilk ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetinin (BDU) yaradılmasının 105 ili tamam olur. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qərarı ilə təsis olunmuş BDU ötən müddət ərzində zəngin elm və təhsil məbədi kimi öz tarixi missiyasını şərəflə yerinə yetirib, xalqımızın maariflənməsində, ölkəmizdə elmin və təhsilin inkişafında, eyni zamanda, milli ruhlu nəsillərin yetişdirilməsində əvəzsiz xidmətlər göstərib.

Ötən əsrin 70-ci illərindən başlayaraq BDU Ümummilli Lider Heydər Əliyevin hərtərəfli qayğısı ilə əhatə olunub. Müstəqillik illərində də Ulu Öndər Heydər Əliyev BDU-nun inkişafı üçün müstəsna xidmətlər göstərib. Bu gün universitet dövlətimizin dəstəyi ilə inkişafının yeni mərhələsini yaşayır.

105 il əvvəl 2 fakültə ilə fəaliyyətə başlayan BDU-da hazırda 16 fakültə mövcuddur.

Bakı Dövlət Universitetindən AZƏRTAC-a bildirilib ki, aparıcı fakültələrdən biri İnformasiya və sənəd menecmenti fakültəsidir.

Azərbaycanda ali kitabxanaçılıq təhsilinə 1947-1948-ci tədris ilindən başlanılıb. Həmin tədris ilində BDU-nun Filologiya fakültəsində Kitabxanaçılıq şöbəsi yaradılıb. Şöbənin ilk ixtisas müəllimləri Xalq yazıçısı Süleyman Rəhimov, Əliheydər Qəhrəmanov, Hüseyn Tağıyev və Məryəmxanım Səmədova olublar. 1958-1959-cu tədris ilində şöbə Şərqşünaslıq fakültəsinin tərkibinə daxil edilib. 1962-ci ilin avqust ayında isə universitetdə müstəqil Kitabxanaçılıq fakültəsinin təşkil olunması haqqında qərar qəbul olunub.

BDU-nun peşəkar kadr hazırlığı sistemində fakültə həmişə xüsusi yeri və mövqeyi ilə seçilib. Fakültənin ilk dekanı Abuzər Xələfov olub. Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Abuzər Xələfov fakültənin inkişafı üçün müstəsna xidmətlər göstərib, ölkəmizdə kitabxanaşünaslıq elmi məktəbinin təməlini qoyub. İndiyədək fakültəni 6000-dən çox məzun bitirib. Fakültədə yüksəkixtisaslı kadr hazırlığında Abuzər Xələfov, Hacı Həsənov, Zöhrab Əliyev, Əşrəf Xələfov, Bayram Allahverdiyev, Xəlil İsmayılov, Tacəddin Quliyev, Rasim Kazımov, Fərman Bayramov, Sahib Rzayev, Əli Rüstəmov, Zöhrab Baxşəliyev kimi alim-pedaqoqların böyük xidmətləri olub.

2003-cü ildə fakültə Kitabxanaçılıq-informasiya fakültəsi adlandırılıb. BDU Elmi şurasının 2023-cü il 18 yanvar tarixli qərarı ilə fakültə İnformasiya və sənəd menecmenti adı ilə fəaliyyət göstərməyə başlayıb. Hazırda fakültədə bakalavriat səviyyəsində “Kitabxanaçılıq və informasiya fəaliyyəti”, “Muzey, arxiv işi və abidələrin qorunması” ixtisasları üzrə, magistratura səviyyəsində isə “Kitabxanaşünaslıq”, “Biblioqrafiyaşünaslıq”, “Biblioqrafik ehtiyatların yaradılması və istifadəsi”, “Kitabxana-informasiya texnologiyası”, “Sənəd resursları və informasiya-axtarış sistemləri” və “Nəşriyyat işi və redaktəetmə” ixtisaslaşmaları üzrə kadr hazırlığı həyata keçirilir. Gələcəkdə fakültədə yeni ixtisas və ixtisaslaşmaların da tədrisi nəzərdə tutulur. Ona görə də fakültənin yeni adı müəyyənləşdirilərkən tədris olunan bütün ixtisas və ixtisaslaşmalar nəzərə alınıb. Çünki hazırda tədris olunan bütün ixtisas və ixtisaslaşmaları birləşdirən termin sənəddir. Qeyd olunan sahələr üzrə kadrlar sənədin yaradılması, mühafizəsi və ötürülməsi proseslərini həyata keçirirlər. Ona görə də informasiyanın və sənədin yaradılması, mühafizəsi və ötürülməsini – yəni prosesin idarə olunmasını (menecmentini) İnformasiya və sənəd menecmenti adı altında birləşdirmək məqsədəuyğun hesab edilib.

İnformasiya və sənəd menecmenti fakültəsi kitabxanalarda, arxivlərdə, muzeylərdə və tarixi abidələrin mühafizəsini həyata keçirən qurumlarda, elm və informasiya mərkəzlərində informasiya daşıyıcılarının, çap və elektron nəşrlərin, sənədlərin toplanması, qeydiyyatı, qorunması, tənzimlənməsi, emalı və istifadəsi ilə bağlı prosesləri, xidmətləri təşkil və tədqiq edən kadrlar hazırlayır. Bununla yanaşı, fakültədə dövlət və qeyri-dövlət təşkilatlarında rəsmi sənədləşmə işlərini tənzimləyən, peşəkar nəşriyyat fəaliyyətini təşkil və idarə edən, nəşriyyat-redaksiya proseslərini, dövlət və qeyri-dövlət təşkilatlarının, idarə və müəssisələrin ictimaiyyətlə əlaqələr işinin təşkilini həyata keçirən ixtisaslı mütəxəssislər hazırlanır.

Hazırda fakültədə təlim-tədris prosesi ilə 50 nəfərdən çox professor-müəllim heyəti məşğul olur. Fakültədə təhsil bakalavriat, magistratura və doktorantura səviyyələrində üç dildə (Azərbaycan, rus, ingilis) həyata keçirilir. Bakalavriat səviyyəsində 600-dən çox, magistraturada 30-a qədər tələbə təhsil alır. İyirmidən çox doktorant isə fəlsəfə və elmlər doktorluğu proqramları üzrə elmi-tədqiqat işləri üzərində çalışır.

Fakültədə tədris prosesinin innovativ üsullarla təşkili sahəsində işlər davamlı olaraq təkmilləşdirilir, modern təhsil standartlarına uyğun tədris və təcrübə metodlarının tətbiqi əsas götürülür. Fakültənin prioritet elmi istiqamətinə uyğun olaraq innovativ tədqiqatların aparılması, aktiv elmi mühitin inkişaf etdirilməsi həyata keçirilir, elmi-tədqiqat işlərinin tətbiqi xarakterli olmasına üstünlük verilir. Beynəlxalq indeksləmə bazalarına daxil olan jurnallarda əməkdaşların mütəmadi olaraq elmi məqalələri dərc olunur, bu dinamika ildən-ilə inkişaf etdirilir. Müvafiq ixtisaslar üzrə kadr hazırlayan xarici universitetlərlə beynəlxalq əməkdaşlıq gücləndirilir.

Tələbələrin azərbaycançılıq ruhunda formalaşdırılması İnformasiya və sənəd menecmenti fakültəsinin qarşısında duran prioritet istiqamətdir. Onlar arasında dövlət gənclər siyasəti, milli-mənəvi dəyərlər davamlı olaraq təbliğ edilir. Vətən müharibəsi iştirakçıları ilə mütəmadi olaraq görüşlər təşkil olunur. Şəhid və qazi ailələrindən olan tələbələrə xüsusi həssaslıqla yanaşılır.

Yubiley ərəfəsində bütün BDU əməkdaşları kimi, İnformasiya və sənəd menecmenti fakültəsinin kollektivi və tələbələri universitetin dünyaşöhrətli məzunu, Ulu Öndər Heydər Əliyevin məzunu olduğu ali təhsil müəssisəsində çalışmaqdan, təhsil almaqdan qürur duyur, müstəqil, qalib, ərazi bütövlüyünü təmin etmiş qüdrətli Azərbaycan dövlətinə xidmət göstərməyi özlərinin ali vəzifəsi hesab edirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
10
azertag.az

10Mənbələr