AZ

Paris-2024: Paralimpiadanın açılış mərasimi start götürüb

Paris-2024 Yay Paralimpiya Oyunlarının açılış mərasimi start götürüb.

İdman.biz xəbər verir ki, Paralimpiadalar tarixində ilk dəfə tədbir stadiondan kənarda baş tutur.

Mərasim Bakı vaxtı ilə saat 22:00-da məşhur Yelisey Çöllərində başlayıb. İştirakçıların paradı “Beş kral meydanı”ndan biri sayılan Parisdəki Konkord meydanında yekunlaşacaq.

XVII Oyunların paradında 184 nümayəndə heyətində yer alan 6 minə yaxın idmançı və rəsmi şəxs iştirak edəcək. Azərbaycan yığması da tarixinin 8-ci analoji yarışına qatılacaq.

Tədbirdə Azərbaycan bayrağını parataekvondoçu İmaməddin Xəlilov və paraatlet Lamiyə Vəliyeva dalğalandıracaqlar. Rəsmi və bədii hissələrdən ibarət açılışı 65 min tamaşaçı izləyə bilir. Onlardan 35 mini üçün ödənişli oturacaqlara bilet satılıb. Digər 30 min isə sərbəst şəkildə izləyir.

Qeyd edək ki, sentyabrın 8-dək davam edəcək Paralimpiadada 549 medal dəsti sahibini tapacaq. Fransa paytaxtında 7 növdə 18 idmançı ilə yollanan Azərbaycan yığmasını paraatletlər Rüfət Rəfiyev (nüvə itələmə, F36), Oloxan Musayev (nüvə itələmə, F55), Səid Nəcəfzadə (uzunluğa tullanma, T12), Orxan Aslanov (uzunluğa tullanma, T13), Lamiyə Vəliyeva (100 və 400 metr məsafəyə qaçış, T13), parataekvondoçular Sabir Zeynalov (58 kq, K44), İmaməddin Xəlilov (70 kq, K44), Əbülfəz Abuzərli (80 kq, K44), paraüzgüçülər Könül Süleymanova (50 və 100 metr məsafələrə arxası üstə üzmə, S2), Raman Saley (50 və 100 metr məsafələrə sərbəst üsulla üzmə, S12), Vəli İsrafilov (100 metr məsafəyə brass üsulu ilə üzmə, SB13), paracüdoçular Dürsədəf Kərimova (+70 kq, J2), Xatirə İsmiyeva (+70 kq, J1), İlham Zəkiyev (+90 kq, J1), paraatıcılılar Kamran Zeynalov (tapançadan 50 m məsafədən atəşaçma, T4), Aybəniz Babayeva (tapançadan 50 m məsafədən atəşaçma, T4), parakamandan oxatan Cahan Musayev, parapauerliftinq Ceyhun Mahmudov (54 kq) təmsil edəcək.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
3
idman.biz

4Mənbələr