AZ

Məktəblərdə inkişafa mane olan “Kurtlar vadisi” metodologiyası - rəhbərliyi vaxtaşırı əvəzləmək təklifi

Orta məktəblərdə tədrisin, təlim-tərbiyənin, təhsilin səviyyəsinin inkişafına mane olan başlıca amil məktəb rəhbərliyində təmsil olunanlar - direktor müavinləri, təşkilatçılar, həmkarlar və s. tərəfindən qruplaşmalar yaradılmasıdır. Müşahidələr göstərir ki, əksər orta təhsil müəssisələrində belə durum mövcuddur.

Bir çox məktəblərdə hətta “Kurtlar Vadisi” metodologiyası hökm sürür. Onların yaratdığı şəbəkələr, konfliktlər səbəbindən məktəbi dirçəltmək istəyən direktor olanda belə, buna nail olmaq mümkün olmur. Bəzən bu şəbəkələr məktəbə yeni gələn direktorları onlara təzim etməyə də məcbur edirlər! Əks təqdirdə, ya şantaj edirlər, ya sabotaj...

Uşaqlar bu mühitdə çox pis nümunə götürürlər. Səmimi, uşaqların təhsili üçün can qoyan sıravi müəllimlər isə ruhdan salınır, yaxud müxtəlif oyunlara cəlb olunurlar.

Bəs çıxış yolu nədir? Ekspertlər bildirir ki, bunun üçün qısa müddətdə effekt verə biləcək sadə bir yol var - müavinləri, digər rəhbər şəxsləri 3, maksimum 5 ildən sonra rotasiya qaydasında yaxınlıqdakı digər məktəblərlə əvəzləmək.

Bu taktika hüquq-mühafizə orqanlarında çoxdan tətbiq olunur və özünü də tam doğruldur. Ekspertlər təklif edir ki, nazir Emin Əmrullayev bununla bağlı müvafiq addımlar atmalıdır.

İlqar

İlqar Orucov

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Məktəbin idarəedilməsində, təhsilin keyfiyyətində  əməkdaşlar arasındakı işgüzar münasibətlərin düzgün təşkil olunmasından tutmuş, məktəb mühitinin sağlam olmasına qədər ən  vacib faktorlardan biri məktəb idarəetməsinə cavabdeh olan rəhbər heyətin düzgün formalaşması və yerində olmasıdır. Mən ümumilikdə məktəb idarəetməsindəki şəxslərin heç də hamısının yerində olmamasının fərqindəyəm. Bilirəm ki, məktəb idarəetməsinə cavabdeh şəxslərlə bağlı kifayət qədər problemlər mövcuddur. Əvvəllər məktəb rəhbərliyi nə cür formalaşırdı, hansı şərtlərlə məktəblərə təyinat alırdılar, bu məlum idi. Təəssüf ki, burada xeyli neqativlər mövcud idi. Eyni zamanda məktəb rəhbərliyinin təyinatında xüsusilə yerli icra hakimiyyəti orqanları prosesi həyata keçirirdilər. İnsafən deyim ki, yaxşı məktəb rəhbərləri də olub, çox təəssüf edirəm ki, onlar indi yoxdur. Son illər məktəb direktorlarının seçimi ilə bağlı Elm və Təhsil Nazirliyi tərəfindən prosesin şəffaflaşmasına xidmət edən müəyyən işlər görüldü. Doğrusu, şəffaflıqla bağlı hər hansı bir iradım yoxdur. Məktəb direktorlarının işə qəbulu prosesində komissiya üzvü olaraq mən də iştirak etmişəm. Müşahidələrim həm də bunu mənə deməyə əsas verir ki, tamamilə şəffaf yanaşma var idi. Ümid edirəm, indi də belədir. Eyni zamanda direktor müavinlərinin işə qəbulu ilə bağlı prosedurlar həyata keçirilir. Nazirlik maraqlıdır ki, məktəb rəhbərliyi yerində olsun, şəffaf işləsin. Amma bəzən görürük ki, bunlar əks-effekt verir. Elə məktəb direktorları tanıyıram ki, görünüşü ilə "Kurtlar vadisi" serialındakı qorxulu obraza bənzəyirlər. Davranışları onları xatırladır. İnsanların içindəyik, təhsil ictimaiyyəti ilə sıx təmasdayam. Xeyli şikayətlər var. Direktorlar var ki, onların səs yazıları yayılır. Deyilən o qruplaşmanın başında duran həmin adamlardır. Çox təəssüf edirəm ki, mübarizə aparılsa belə, bu kimi hallar var. Onların yaratdığı o şəbəkələr məktəbləri iflic vəziyyətinə gətirib çıxarıb. Məktəb direktoru, müavinlər “burada mənəm, Bağdadda kor Xəlifə” prinsipi ilə işləməməlidir. Məktəblərdə pedaqoji şuralar ali idarəetmə orqanıdır və işlək olmalıdırlar. Direktora, digərinə xidmət etməli deyillər. Məktəb direktora, müavinlərinə deyil, xalqa, dövlətə, şagirdlərə xidmət etməlidir. Məktəbə öz şəxsi müəssisəsi kimi baxan quldur təfəkkürlü adamların olması qəbuledilən deyil. Müəllimlər bəzən sındırılır. Mən Elm və Təhsil Nazirliyində ictimai şurada üzv olarkən bizə çoxlu şikayətlər gəlirdi. Bir müəllimin haqqını necə tapdalayıblar, direktor müəllimin haqqını ayaqları altına atır. O direktorların bəzilərini hələ də işlədirlər. Onları himayə edən adamlar kimdir?! Özü də böyük məktəblər onlara etibar olunur. Əksər böyük məktəblərdə “Kurtlar vadisi” metodu hökm sürür.  Amma müavin və rəhbər şəxslərin 3 və ya 5 illik rotasiya qaydasdında digər məktəblərlə əvəzləmək də tam çıxış yolu deyil. Çox sərt qaydalar tətbiq olunmalıdır. Məktəb rəhbərliyinə xeyli sayda gənclər gətirilib. Fikrimcə, bu da doğru addım deyil.  Məktəb rəhbəri oturuşmuş, bir az ahıl yaşda olan, səbirli, təcrübəsi olan şəxslər olmalıdır. Kişi direktorlarının sayını artırmaq lazımdır. Direktorların onsuz da yerdəyişməsi aparılır, dəyişiklik isə yoxdur".

Rövşən

Rövşən Nəcəfov

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov isə “Yeni Müsavat”a məktəbdə qeyri-sağlam mühitin uşaqların psixikasına necə etməsindən danışıb: “Məktəb mühitinin uşaqların sağlam psixi inkişafında rolu daha çoxdur. Ailə mühitindən çıxmış uşaq həqiqətlərlə məktəbdə tanış olur. Məktəbin məqsədi bilik verməklə bərabər tərbiyə verməkdir. Bilik insanın tərbiyəsini tənzimləyir, amma bu bir az zaman alır. Ona görə də, məktəbdə sağlam psixoloji mühitin formalaşması üçün sərt qaydalar tətbiq edilməlidir. Məktəbdə rəhbərliklə müəllimlərin arasında uçurumun mövcud olması və ya müəllimlərlə müəllimlərin arasında olan qeyri-sağlam rəqabət uşaqların da şəxsiyyət kimi formalaşmasına mənfi təsir göstərir. Böyük düşünmək istəyiriksə, kiçik insanlar olmamalıyıq. Gələcək üçün hər kəs əlini daşın altına qoymalıdır. Uşaqlar bizim yox, özlərinin gələcəyidir.

“Kurtlar vadisi” bir filmdir və real hadisələrə əsaslanmır. Filmdə müşahidə olunan düşüncələri real həyatla müqayisə etmək olar, amma müqayisə aparılan zaman həqiqətin filmdə olduğuna inanmaq olmaz. İnsan psixologiyası anlayışı elədir ki, rahatlıq üçün ən qısa həll yolunu niyyətləyir. Biz necə düşünürüksə, bu bizim doğrumuz ola bilər, amma həqiqət deyil. Bütün hallarda istənilən mühitdə sağlam düşüncə formalaşdırmaq istəyiriksə, insanlar arasında münasibətlər də sağlam tənzimlənməlidir. Uşaqlar üçün müəllim nümunədir və məktəb onların ikinci evidir. Birinci evdə olduğu kimi yanaşılmalıdır, amma məktəbin qaydaları üzərində dayanaraq. Yanaşma dəyişməlidir. Uşaqlara həm özlərinə, həm də başqalarına sevgi və qayğı təlqin olunmalıdır. Bunun üçün məktəbdə çalışan şəxslərin davranışları və ifadə etdiyi fikirlər ana xətdir. Məktəb psixoloqlarının sayı artırılmalı və fəaliyyətləri genişləndirilməlidir. Fərdi və qrup yanaşmaları üçün imkanlar yaradılmalıdır. Məktəb psixoloqlarının sosial əhəmiyyəti maddi və mənəvi olaraq tənzimlənməlidir. Məktəbdəki psixoloji mühitin dəyərləndirilməsində məktəb psixoloqlarının fikirləri əhəmiyyət kəsb edir".

Psixoterapevt əlavə edib ki, rotasiya prosesi düşüncəni dəyişmir: “Rotasiya prosesi uşaqların psixologiyasında hansı məqamları yaradacaq, onu uşaqlardan soruşmaq lazımdır. Mühitdə yaranmış adaptasiya prosesini radikal addımlarla dəyişmək doğru deyil. Uşaqların rəhbərliyə və ya müəllimlərinə fərdi münasibəti də formalaşır. Uşaqları məcburiyyət qarşısında qoyub yeni adaptasiya hallarına yol açmaq olmaz. Müsbət nəticələr də ola bilər, amma mənfi gedişatda özünü göstərmiş olacaq. Məsuliyyətli addımlar atıldığı zaman riskləri minimuma endirmək lazımdır. Məktəblərdə hüquq və psixologiya fənn olaraq tədris olunmalıdır. Uşaqlarda hüquqi düşüncə formalaşdırsaq, onlar heç vaxt başqalarının həyatına mane olmazlar. Psixologiya haqqında biliyə sahib olan şəxslər başqalarına qarşı "bullinq" etməz. Məktəb bütün uşaqların bərabər bilik və bacarıqlara sahiblənəcəyi ideoloji həyat tərzidir. Məktəbdə hər kəs fərqlidir və hər kəs bərabərdir. İstənilən fərqlilik məktəbdəki mühitin bərabərliyini pozmamalıdır. Nizam-intizam qaydaları şəxsi şəxsiyyətə çevirir".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
50
musavat.com

10Mənbələr