Yeni Zelandiyanın turistlərdən aldığı giriş vergisini az qala üç dəfə artıracağı açıqlanıb.
Hafta.az-ın CNN-ə istinadən yazdığına görə, ölkənin 35 Yeni Zelandiya dolları (37 manat) olan turist vergisi oktyabrın 1-dən etibarən 100 Yeni Zelandiya dollarına (105 manat) qədər artırılacaq.
Hökumət bu addımın "ziyarətçilərə Yeni Zelandiyaya səyahətləri zamanı ictimai xidmətlərə və yüksək keyfiyyətli təcrübələrə töhfə vermək" və iqtisadi artımı dəstəkləmək üçün atıldığını bildirib.
Turizm sektorunda maraqlı tərəfləri təmsil edən ölkənin ən böyük müstəqil qurumu olan Turizm Sənayesi Aotearoa, bu yüksək qiymətin turistlərin ölkəyə səfərini "inanılmaz dərəcədə baha" edəcəyini bildirib.
Təşkilatın direktoru Rebekka İnqram artıma qarşı çıxıb və deyib: “Yeni Zelandiyanın turizmin bərpası dünyanın qalan hissəsindən geri qalır ki, bu da qlobal rəqabətə gəldikdə daha da böyük dezavantaj yaradacaq”.
Turizm naziri Matt Ducey, yeni verginin çəkindirici olmayacağını müdafiə edib, çünki 100 Yeni Zelandiya dolları ölkəyə gələn turistlərin xərclədiklərinin 3 faizindən azına bərabər olacaq.
O, Avstraliya və Böyük Britaniyada tələb olunan verginin də bu məbləğə yaxınlaşdığını xatırladaraq, "Yeni Zelandiya dünyada bir çox insan üçün cəlbedici ziyarət marşrutu olaraq görülməyə davam edəcək" deyib.
Yeni Zelandiyaya gələn turistlərin əksəriyyəti Avstraliya, ABŞ, Çin və Fici kimi daha yaxın ölkələrdəndir. Amma bu vergi Avstraliya və Sakit okean adalarından gələn ziyarətçilərdən alınmır.
Cənubi Sakit Okeandakı ölkə Maori mədəniyyəti ilə yanaşı dağları, vulkanları, gölləri və buzlaqları ilə də cazibə mərkəzi olsa da, yerləşdiyi coğrafiyaya görə çatmaq çətin olan yerdir.
İlk dəfə 2019-cu ildə turistlərə giriş vergisi tətbiq edən Yeni Zelandiya, o zaman ziyarətçilərin infrastruktur, ətraf mühit və ictimaiyyətə təsiri ilə məşğul olmağa çalışdığını bildirdi.
Koronavirus pandemiyası səbəbilə sərhədlərini iki il yarım bağlayan ölkə 2022-ci ilin avqust ayına qədər xarici turistləri ərazisinə buraxmayıb.
Covid-19-un turizmə təsiri Yeni Zelandiyada ağır olmayıb. 2023-cü ildə xarici turistlərin sayı üç milyona yaxın olub ki, bu rəqəm pandemiyadan əvvəlki səviyyənin dörddə üçünə yaxındır.
İndoneziya, İspaniya, Fransa, Avstriya, Xorvatiya, Kosta-Rika, İslandiya və İtaliya kimi bir çox ölkə turistlərdən oxşar vergilər tələb edir. Hətta bir çox yerlərdə bu vergilər oteldən, vizadan və ya təyyarə biletindən tutulur.
Apreldə Venesiya yeni siyasət tətbiq edib və gündəlik ziyarətçilərdən 5 avro vergi tələb etməyə başlayıb.
Uelsdəki Bangor Universitetində aparılan araşdırmaya görə, bu vergilərin turistləri çəkindirdiyi fikrini dəstəkləyəcək heç bir güclü dəlil yoxdur.