AZ

“1-ci sinifə başlayanların sayı azalıb” – Növbəti 10 ildə…

“Son 7 ildə Azərbaycanda 1-ci sinifə başlayan şagirdlərin sayında əhəmiyyətli azalma müşahidə olunur. 2017-2018-ci tədris ilində 164,523 uşaq birinci sinifə qəbul olunduğu halda, 2023-2024-cü tədris ilində bu rəqəm 132,261 nəfərə qədər azalıb. Bu isə 32,262 nəfərlik fərq deməkdir, yəni 7 il ərzində təxminən 20% azalma baş verib.  Bu tendensiya çox ciddi demoqrafik problemlərə işarə edir və bir sıra təhlükələr yaradır”.

İNFOAZ.WS xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov deyib.

Təhsil eksperti qarşıdakı 10 il ərzində baş verə biləcək mümkün proqnozlara toxunaraq bildirib ki, azalma sürətinə əsasən birinci sinifə gedən uşaqların sayının daha da azalması gözlənilir:

“Hər il təxminən orta hesabla 4,5% azalma qeydə alınır. 7 il ərzində birinci sinifə gedən uşaqların sayı 32 min nəfər azalıb. Əgər orta illik azalma nisbətini nəzərə alsaq, bu o deməkdir ki, təxminən 10 ildən sonra birinci sinifə qəbul olan uşaqların sayı 100,000 nəfərdən aşağı düşə bilər”.

Kamran Əsədov baş verəcək təhlükələr barədə də ehtimallarını qeyd edib:

“1. Əmək bazarında çatışmazlıq:

Uşaqların sayının azalması gələcəkdə ölkənin əmək bazarında gənc işçi qüvvəsinin çatışmazlığına səbəb ola bilər. Bu, iqtisadiyyatın inkişafında problemlər yarada və bəzi sahələrdə işçi qüvvəsinə tələbin ödənilməməsi ilə nəticələnə bilər.

2. Təhsil infrastrukturunun boşalması:

Mövcud məktəb və təhsil infrastrukturunun uşaqların sayının azalması nəticəsində boş qalması ehtimalı var. Məktəblərdə siniflər dolmayacaq və resurslar tam istifadə edilməyəcək.

3. Sosial və demoqrafik problemlər:

Uşaqların sayının azalması ölkədə əhalinin ümumi yaşlanmasına gətirib çıxaracaq, bu da sosial təminat sistemlərinə və səhiyyə sektoruna ciddi təzyiqlər yarada bilər.

4. İnkişaf dinamikasında geriləmə:

Əhalinin azalması iqtisadi inkişaf dinamikasını zəiflədə bilər. Gənc əhali sayının azalması gələcəkdə ölkənin innovasiya potensialını da azaldar”.

O baş verəcəkləri qabaqlamaq üçün təkliflər verib:

“- Ailə planlaması və uşaq doğumuna dəstək:

Uşaqların sayının azalmasının qarşısını almaq üçün ailələrə dəstək proqramları tətbiq edilməli, doğum səviyyəsini artırmaq üçün stimullar verilməlidir.

– Migrasiya siyasətləri:

Xaricdən işçi qüvvəsi cəlb etmək və ya əhalinin azalmasının qarşısını almaq üçün miqrasiya siyasətlərinə diqqət yetirilməli və müvafiq addımlar atılmalıdır.

Bu azalma, Azərbaycan üçün uzunmüddətli sosial-iqtisadi təsirlər yarada bilər, ona görə də diqqətli şəkildə qiymətləndirilərək, uyğun tədbirlər görülməlidir”.

Ərgün Hüseynli,

İNFOAZ.WS

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
1
infoaz.ws

10Mənbələr