Xəbər verildiyi kimi, ötən gecə Rusiyanın Tver vilayətində Ukrayna PUA-ları Toropets şəhəri yaxınlığındakı daha bir hərbi obyekti vurub. Bu barədə Rusiya “teleqram” kanalları məlumat yayıb. Yerli sakinlərin “VÇK-OGPU” “teleqram” kanalına verdiyi məlumata görə, söhbət Oktyabrsk kəndindəki Rusiya Silahlı Qüvvələrinin Baş Raket və Artilleriya İdarəsinin 23-cü arsenalından gedir. Bu hərbi obyekt bir neçə gün əvvəl daha bir böyük sursat anbarının partladıldığı Toropetsdən 16 km cənubda yerləşir.
Turkustan.az xəbər verir ki, sözügedən anbarda partlayış və yanğın davam edərkən, burada nüvə raketinin ola biləcəyilə bağlı məlumatlar yayılıb.
Rusiya kəşfiyyat xidmətləri ilə əlaqəli olan Rusiyanın “VChK-OGPU” kanalı yazır ki, partlayış yerindən çox az görüntü var, çünki yerli sakinlər hərbi sirləri açıqlamaqla bağlı cinayət təqibindən ehtiyat edirlər. Eyni zamanda, NASA peykləri artıq hərbi bazanın ərazisində irimiqyaslı yanğınları və partlayışları göstərən görüntülər qeyd ediblər.
“VÇK-OQPU”-nun məlumatına görə, Staraya Toropa stansiyasında təcili təxliyə aparılır, dəmir yolu reysləri ləğv edilib: “Sakinlər bildirirlər ki, bazada hələ də çox güclü partlayışlar eşidilir. Nəhəng "göbələklər" yerdən havaya qalxır və Staraya Toropada evlər titrəyir. Burada xidmət edən hərbi qulluqçuların bəziləri gecə saatlarında öz maşınlarını tərk edərək qaçıblar. Hər şey yanır. Bazada adi artilleriya sursatlarından daha ciddi silahların saxlanıla biləcəyi barədə məlumatlar var. Yerli sakinlər daha güclü partlayışdan qorxaraq özləri ərazini tərk edirlər. Hərbi Hissə hasarla əhatə olunub, orada nə saxlandığı sirrdir. Orada olanlar deyirlər ki, ərazidə raket şaxtaları və bunkerdəki kimi şlüzlər var. Bu ilin may ayında ora PUA düşdü, hərbçilər dedilər ki, əgər orada olanlar partlasaydı, ətrafdakı 30 km-lik ərazidə hər şey məhv olacaqdı. Orada döyüş növbətçiliyində “Satana”(şeytan) raketinin (qitələrarası ballistik raketin) olduğunu deyirlər”.
Qeyd olunur ki, ərazidə bazadan keçən, lakin xəritələrdə qeyd olunmayan gizli dəmir yolu xətti var. Onun vasitəsilə Şimali Koreyadan gələn raketlər də daxil olmaqla, döyüş sursatları daşınır.
Kanalın məlumatına görə, bazaya hücum edilən zaman hərbçilər hər şeyi, o cümlədən maşınlarını ataraq qaçıblar. Bundan əlavə, bazanın yanında plyonka istehsal edən zavod var. Əgər yanğın bu zavoda da keçsə, yaxınlıqdakı ərazilər ekoloji fəlakətlə üzləşəcək./AzPolitika.info/