AZ

Yeddinci çağırış Azərbaycan parlamenti demokratik təcrübənin yeni nümunəsidir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən növbədənkənar seçkilər azad, demokratik və şəffaf, ölkənin milli qanunvericiliyinə və beynəlxalq səviyyədə qəbul edilmiş qanunlara tamamilə uyğun olması ilə milli dövlətçilik tariximizdə mühüm hadisələrdən biri kimi yadda qaldı. Ölkəmizin siyasi sistemində aparıcı rola malik Yeni Azərbaycan Partiyası (YAP) bu seçkilərə Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz möhtəşəm ümumxalq Zəfərindən sonra yaranmış reallıqlardan irəli gələn hədəflərlə - “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldı. Seçkilərin nəticələrinə əsasən, YAP parlamentdə 68 mandat əldə edərək inamlı qələbə qazandı. Azərbaycan xalqı bir daha bütün dünyaya birliyini, həmrəyliyini nümayiş etdirdi.

Sentybarın 21-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sentyabrın 1-də keçirilmiş Milli Məclisə növbədənkənar seçkilərin nəticələrini təsdiqləyib.

23 sentyabr tarixində yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin birinci iclasına təşrif buyuran Prezident İlham Əliyevin dəyərli fikirlərini bölüşərək proqram xarakterli tövsiyələrini verməsi parlamentin tarixinə yazılan mühüm hadisələrdən biri kimi yadda qalacaq. İclasda geniş nitq söyləyən dövlətimizin başçısı Milli Məclisin üzvlərini yeddinci çağırış Milli Məclisin fəaliyyətə başlaması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.

Builki prezident və parlament seçkiləri müstəqil Azərbaycan tarixində ilk dəfə idi ki, ölkəmizin bütün suveren ərazilərində keçirilib. İkinci Qarabağ müharibəsi və ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün bərqərar olması dünya miqyasında tarixi hadisədir.

Prezident İlham Əliyev çıxışında bildirib ki, Azərbaycan xalqı güclü iradə, birlik göstərərək 30 il davam edən işğala son qoydu. Azərbaycan dövləti gücünü, xalqımız isə bütün dünyaya öz əyilməz ruhunu göstərdi.  

Torpaqlarımızın işğalı dövründə Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə Azərbaycan xalqının işğalla barışmayacağını, nəyin bahasına olursa-olsun ərazilərimizin geri qaytarılacağını qətiyyətlə bəyan edirdi. Dövlətimizin başçısı prinsipial və düşünülmüş siyasət yürüdərək ötən dövrdə ölkəmizi gücləndirdi, onun beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə yüksəltdi. Eyni zamanda müasir, güclü ordu yaradılması istiqamətində sistemli tədbirlər həyata keçirildi. Bütün bunlar möhtəşəm Qələbəyə zəmin yaratdı. Tarixi Zəfər təkcə torpaqların azad edilməsi deyil, ilk növbədə, məğlub xalq sindromundan qurtulma, milli ləyaqətimizin bərpa olunması, müzəffər xalq, qalib dövlət deməkdir.

Azərbaycan Ordusunun son illər ərzində həyata keçirdiyi çoxsaylı uğurlu hərbi əməliyyatlar nəticəsində əldə edilən tarixi Zəfərlər ölkə qarşısında yeni imkanlar, yeni üfüqlər açır. Qarabağ və Şərqi Zəngəzurda erməni separatçılığına birdəfəlik son qoyuldu, hazırda Azərbaycan dövləti işğaldan azad edilmiş bütün ərazilərimizdə genişmiqyaslı quruculuq, inkişaf mərhələsinə qədəm qoyub və postmüharibə dövründə bu sahədə əldə olunan nəticələr də göz qabağındadır.

Prezident İlham Əliyev, həmçinin çıxışı zamanı qeyd edib ki, son illər ərzində Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmləndi. İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələrini biz bütün dünyaya qəbul etdirə bildik.

Şanlı ordumuzun qazandığı möhtəşəm qələbələr Azərbaycanın regionda, eləcə də beynəlxalq müstəvidə mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib. Hazırda bizim siyasətimiz Qələbəmizi siyasi müstəvidə daha da möhkəmləndirmək, regionda yaranmış yeni vəziyyətə uyğun addımların atılmasından ibarətdir. Postmüharibə dövründə regional əməkdaşlıq və inkişaf məsələləri xarici siyasətimizin başlıca prioritetlərindən biridir.

Cənab İlham Əliyev onu da vurğulayıb ki, Azərbaycana qarşı ikili standartlar əsasında qurulmuş ittihamlar davam edir. Ancaq bu, nə bizim iradəmizə, nə xalqımızın iradəsinə heç cür təsir edə bilməz.

Erməni vandalizmi dünyanın gözü önündədir. Hazırda elə Qarabağda və Şərqi Zəngəzurda dağıdılmış abidələrin vəziyyəti, tez-tez minaların partlaması nəticəsində həlak olan və xəsarət alan vətəndaşlarımızın aqibəti Prezident İlham Əliyevin çıxışlarında gündəmdədir. Dövlətimizin başçısı beynəlxalq konfranslarda çıxışları zamanı bu məsələləri hər zaman qaldırır, erməni vandalizmini dünyada ifşa etmək istiqamətində uğurlu iş aparır. Ermənistan və ona dəstək verən dövlətlər, eləcə də beynəlxalq təşkilatlar Azərbaycanın uğurlarını həzm edə bilmirlər. Bu baxımdan anti-Azərbaycan qüvvələr ölkəmizə qarşı böhtan kampaniyası aparır, əssasız ittihamlar səsləndirirlər. Təbii ki, onların bu iddiaları Azərbaycan dövlətinin uğurlu siyasəti nəticəsində iflasa məhkumdur.

Dövlətimizin başçısı çıxışı zamanı, həmçinin qeyd edib ki, birinci nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır. Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir.

Şübhəsiz ki, heç bir qüvvə artıq həll olunmuş Qarabağ problemini yenidən bərpa etmək, Azərbaycana öz iradəsini qəbul etdirmək iqtidarında deyil. Çünki 44 günlük Vətən müharibəsində və lokal xarakterli antiterror tədbirlərində Azərbaycanın zəfərləri erməni faşizmi üzərində qələbə idi. Bu gün hələ də Ermənistanda revanşist düşüncədə olanlar var. Ermənistan cəmiyyətinin xisləti dəyişməyib, bu ölkədə azərbaycanofobiya, islamofobiya hələ də tüğyan edir. Bu təcvüzkar dövlətdə azərbaycanlılara qarşı olan nifrət rəsmi ideologiyaya çevrilib. Amma bu kimi hallar ermənilərə yaxşı heç nə vəd etmir. Erməni faşizminin təzahürləri, revanşizm meyilləri, qonşu xalqlara nifrət, ilk növbədə, Ermənistanın özü üçün təhlükəlidir. Bu amillər Ermənistanı bir dövlət kimi məhvə sürükləyir. Bunu nə qədər tez anlasalar, bir o qədər yaxşı olar. Azərbaycan bundan sonra da Ermənistanın hər bir təxribatına layiqli cavab verəcək. Onlar dəmir yumruğu unutmamalıdırlar.

Prezident İlham Əliyev, həmçinin Milli Məclisdə çıxışı zamanı beynəlxalq hüquq anlayışının tamamilə sarsıldığını, Azərbaycanın qarşısında böyük vəzifələr, o cümlədən ilk növbədə, Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək vəzifəsinin durduğunu,  Ermənistanda revanşist qüvvələrin baş qaldırdığını, ATƏT-in Minsk qrupunun formal xarakter daşıdığını, Qələbəmizi həzm edə bilməyən xarici dairələrin bizə qarşı yeni planlar hazırladığını diqqətə çatdırıb. Eləcə də dövlətimizin başçısı ölkəmizin müdafiə potensialının daha da gücləndirilməsi, o cümlədən yerli hərbi sənayekompleksimizi sürətlə inkişaf etdirməli olduğumuzu, daxili təhlükəsizliklə bağlı bütün lazımi tədbirlərin görüldüyünü vurğulayıb.

Hazırda Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır. Təbii ki, onları erməni xalqı maraqlandırmır. Erməni xalqı, sadəcə, onlar üçün bir alətdir, bir vasitədir ki, Azərbaycanı daim təzyiq altında saxlasın. Onlar çalışır ki, Ermənistan ərazisindən istifadə edərək Azərbaycan və Ermənistanın digər qonşuları üçün təhdid mənbələri yaratsın və beləliklə, öz maraqlarını təmin etsin. Azərbaycanda təhlükəsizlik, əmin-amanlıq uzun illərdir yüksək səviyyədə təmin edilir, sabitlik bütün dünya üçün nümunə ola bilər. Bu gün sabitliyi pozulan ölkələrin vəziyyətini və aqibətini hər kəs yaxşı görür. Bu, təhlükəsizliyin, inkişafın, xarici sərmayənin cəlb edilməsi üçün başlıca şərtdir.

Dövlətimizn başçısı 2018-ci ildən bu yana ölkəmizdə dörd sosial islahatlar paketi həyata keçirildiyini, bu sahədə işlərin bundan sonra da sürətlə aparılacağını, son beş il ərzində Azərbaycanda minimum əməkhaqqının 2,7 dəfə, minimum pensiyanın isə 2,5 dəfə artdığını bildirib. Gələn ildən minimum əməkhaqqı və minimum pensiya yenə də artırılacaqdır.

Ümumiyyətlə, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli islahatlar kursuna uyğun olaraq son illər ərzində Milli Məclisin fəaliyyətinin səmərəliliyinin daha da artırılması, müasir tələblər çərçivəsində həyata keçirilməsi üçün müxtəlif addımlar atılıb. Həmçinin parlamentin fəaliyyətində əsas istiqamətlərdən birini təşkil edən qanunvericilik fəaliyyəti daha da təkmilləşdirilib, qanun layihələrinin hazırlanması zamanı daha çox keyfiyyətə diqqət yetirilib.

Yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisi ölkəmizdə demokratiya və hüquqi dövlət təcrübəsinin yeni nümunəsi kimi xarakterizə edilə bilər. Öz işinin öhdəsindən layiqincə gələn respublikamızın parlamentinin fəaliyyəti, eyni zamanda, siyasi sistemin inkişafı, onun struktur komponentlərinin təkmilləşməsi baxımından olduqca əhəmiyyətlidir.

    Seçilən
    63
    50
    sabahinfo.az

    10Mənbələr