Yaxın Şərqdə gərginliyin artmaqda davam etdiyi bir vaxtda uzun müddət Hizbullah lideri Həsən Nəsrullahın ölüm xəbəri dünyanı şoka salıb. Nəsrullahın ölümünün Hizbullahın gələcəyi, Livan və Yaxın Şərq üçün nə demək olduğu ilə bağlı müzakirələr davam edir.
Qeyd edək ki,H. Nəsrullah İsrail ordusunun Hizbullahın mərkəzi qərargahını hədəfə aldığı hücumda öldürülüb.
İsrail ordusu Beyruta hücumda Hizbullah lideri Həsən Nəsrullahın öldürüldüyünü açıqlayıb. Hizbullah Nəsrullahın ölümünü təsdiqləyərək, “Biz mübarizəmizi davam etdirəcəyik” deyib.
Onu da deyək ki, bombardman zamanı Hizbullahın cənub cəbhəsi komandiri Əli Karaki, kəşfiyyat rəhbəri Həsən Yasin və İran İnqilabı Keşikçiləri Korpusunun Livandakı Qüds Qüvvələrinin komandiri Abbas Nilfuşan da həlak olub.
İranın dini lideri Əli Xamneyi İsrailin Livana hücumlarını pisləyib və "müdafiəsiz insanlara qarşı qırğın törədildiyini" deyib.
Həmas həm də Nəsrullahın öldürülməsinin yalnız müqaviməti daha da gücləndirəcəyini bildirib.
Nəsrullahın ölümünün Hizbullah və Yaxın Şərqin gələcəyi üçün nə demək olduğu barədə spekulyasiyalar davam edir.
Hər halda 1992-ci ildən qruplaşmaya rəhbərlik edən Nəsrullah birləşdirici fiqur idi, həm də təkcə Hizbullahda və Livan siyasətində yox, həm də İranın “müqavimət oxu” adlandırdığı coğrafiyada həlledici gücə malik idi.
Hizbullahın gücü Nəsrullahın yoxluğunda qruplaşmanın mövcudluğunu saxlayacağı fikrini önə çıxarsa da, ciddi itkilərin olacağı qaçılmazdır. Onun yoxluğunda Hizbullahın gələcəyi sual altına düşür, məsələ qruplaşmanın mövcud olub-olmaması yox, Livan siyasətində və “müqavimət oxu”nda nə qədər təsiredici olacağıdır. Burada əsas problematika yeni liderin kimliyidir.
Digər diqqət çəkən məqam isə baş verənlərə Tehranın cavabının necə olacağıdır.
Politoloqlar hesab edir ki, İranın cavabını hadisələrin də inkişafını müəyyənləşirəcək. İran birbaşa hücuma keçəcəksə, bölgədə İsrailin planlaşdırdığı genişmiqyaslı müharibə qaçılmaz olacaq; cavab olmasa, yaxud adekvat addım atılmasa, İran xüsusilə “müqavimət oxu” coğrafiyasında ciddi təsir itkiləri ilə üzləşə bilər; Haniyənin ölümündən sonra Nəsrullahla Tehran arasında məhz “cavabın verilməməsi” üzərində fikir ayrılığı yaranmışdı, bu “uçurum”un dərinləşəcəyi ehtimalı böyükdür..
Siyasi şərhçi Vüqar Dadaşov isə "Sherg.az"a açıqlamasında deyib ki, İsrailin yeritdiyi siyasət nəinki Yaxın Şərq üçün, bütünlüklə dünya üçün böyük riskləri reallığa çevirib:
"Heç şübhəsiz ki, İsrail aqressiv, dağıdıcı siyasəti ilə ölkə üçün təhdid hesab etdiyi bütün qüvvələri ancaq hərbi yolla məhv etmək istiqamətindədir. Əvvəllər də qeyd etdiyimiz kimi, İsrail Fələstin, ərəb məsələsini köklü şəkildə, yəni təhdidin yarana biləcək ehtimalını belə məhv edir. Fələstin müqavimətinin bir hərbi, bir siyasi qüvvə kimi, sosial bazası qalmayıb. Təkcə son gedən müharibə ilə İsrail Qəzza bölgəsində 45 min fələstilini öldürüb. Bir sıra Qərb, xristian ölkələrinin formal anti İsrail mövqeyi formal xarakterlidir və əslində də "razılığı" gizlətmək məqsədi daşıyır. Yəni, İsrailin Yaxın Şərqdə güc mərkəzi kimi, söz sahibi olmasını region qəbul etmək məcburiyyətindədir".
İranın cavablna gəldikdə isə siyasi şərhçi deyib ki, İsrail artıq İranın bəyanat və hərbi gedişləri demək olarki heç eşitmir, nəinki onu ciddiyə alsın:
"İran bütün gücü və imkanlarını ifşa edib. SEPAH zabiti Həsən Səyyad Xudayinin Tehranda öldürülməsi, Höccətullah Ümidin, Həmasın ikinci şəxsi Salehin, Qasım Süleymaninin, İsmayıl Haniyənin, nəhayət Hizbulla lideri Həsən Nəsrullahın və adını çəkmədiyimiz onlarla yüksək rütbəli İrana aid şəxslərin öldürülməsinə Tehran heç cürə cavab verə bilməyib, daha doğrusu heç real cəhd də göstərməyib. İran heç bir halda İsraillə açıq müharibəyə getməyəcək. İsrail ona təhdid hesab etdiyi qüvvələri mərhələli şəkildə və ayrı-ayrılıqda məhv etməyi davamlayacaq. İranın rəsmi Livana ordu yeritmək istəyi ciddi qəbul edilməsə də, Rusiya XİN başçısı Lavrovun yaxın Şərqlə bağlı bu günki açıqlaması vəziyyətin gedişatına təsir edə bilər, əlbəttəki Rusiya real addımlar atarsa. Ancaq, Rusiya Ukrayna cəbhəsində ciddi çətinliklər ucbatından real hərəkətə keçəcəyi güman edilmir. Proses üçüncü dünya müharibəsinə aparır".