AZ

Dövlət Agentliyi və “Azərsilah” arasında Anlaşma Memorandumu imzalanıb

27 sentyabr 2024-cü il tarixində Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC arasında əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr hazırlığının dəstəklənməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən "İki sahil"ə verilən məlumata görə, memorandum çərçivəsində torna və frezer dəzgahların operatoru, çilingər, mexanik, elektrik ixtisasları da daxil olmaqla 20-dək ixtisas üzrə qarşılıqlı kadr hazırlığı, onların bilik və bacarıqlarının artırılması, eləcə də, müasir tədris plan və proqramlarının birgə hazırlanması məqsədilə əməkdaşlıq nəzərdə tutulur. Bundan əlavə, “Azərsilah” QSC-nin peşəkar mütəxəssislərinin peşə təhsili müəssisələrində tədris prosesinə cəlb olunması planlaşdırılır.

Görüş zamanı tərəflər arasında əməkdaşlığın genişləndirilməsi və gələcək addımların müəyyənləşdirilməsi müzakirə olunub. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov peşə təhsili sahəsində işəgötürənlərlə əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə həyata keçirilən tədbirlərin peşə təhsilinin inkişafına töhfə verdiyini qeyd edib.

“Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin baş direktoru Emil İbrahimov təhsilalanların holdinqin bazasında istehsalat təlimi və təcrübəsinin keçmələrinə şərait yaradılması, seçilmiş tələbələrə təqaüdün verilməsi və iş imkanlarının təklif edilməsi, həmçinin, digər istiqamətlər üzrə dəstək göstərəcəklərini bildirib.

Yeni tədris ilindən etibarən qarşılıqlı razılaşdırılmış fəaliyyət planına əsasən daha intensiv fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.

Seçilən
43
5
ikisahil.az

7Mənbələr