2024-cü ilin yanvar-iyul aylarında Azərbaycandan ixrac olunan təbii qazın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3,2% artıb.
Modern.az xəbər verir ki, Media Təhlil Mərkəzi Dövlət Statistika Komitəsinin məlumatları əsasında hesabat hazırlayıb.
Məlumata əsasən, hesabat dövründə 6 ölkəyə ümumilikdə 13 845 429,2 min kubmetr təbii qaz ixrac olunub.
Qeyd edək ki, 2023-cü ilin ilk 7 ayında təbii qaz ixrac etdiyimiz ölkələrin sayı 8-ə bərabər olub və ixrac həcmi 13 413 760,1 min kub metr təşkil edib. 2023-cü ilin yekununda isə bu rəqəm 26 623 473,5 min kub metrə çatıb və 2022-ci il ilə müqayisədə 40,4% çox olub.
Aparılan təhlil zamanı məlum olub ki, dünya bazarında təbii qazın qiymətinin enməsi, Azərbaycanda da təbii qaz ixracından əldə olunan gəlirə təsirsiz ötüşməyib.
Daha dəqiq desək, 2024-cü ilin ilk 7 ayında ölkəmizin təbii qaz ixracının həcmi artsa da, əldə olunan gəlir 46,8% azalıb. Hansı ki, bu rəqəm ötən ilin eyni dövründə 8,93 milyard dollara bərabər olub.
Son 6 ilin göstəricilərinə diqqət etsək görərik ki, Azərbaycanın ixrac etdiyi təbii qazın qiymətində ən yüksək hədd 2022-ci ildə qeydə alınıb. Həmin il ixrac olunan təbii qazın ortalama qiyməti 790,4 dollar təşkil edib.
Dünya bazarında qazın qiymətinin azalması nəticəsində 2023-cü ilin ilk 7 ayında bu rəqəm 666 dollar, 2023-cü ilin sonunda 513,8 dollar, 2024-cü ilin ilk 7 ayında isə 343,5 dollara bərabər olub.
Rəsmi rəqəmlərə əsasən, cari ilin yanvar-iyul aylarında ixrac olunan təbii qazın 42,11%-i və ya 5,8 milyard kubmetri qardaş Türkiyəyə ixrac olunub və bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,3% çox olub.
İkinci sırada 41,9% və ya 5,8 milyard kubmetr ilə ən böyük ticarət tərəfdaşımız İtaliya yer alıb. İtaliyaya olan təbii qaz ixracı da ötən ilin eyni dövrü ilə müqayisədə 20,8% artıb.
1 milyard kubmetrdən çox təbii qaz ixrac etdiyimiz Bolqarıstan üçüncü sırada yer alıb. Bu ölkəyə təbii qaz ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2 dəfəyə yaxın (96,6%) artıb.
Digər 3 ölkə isə Gürcüstan, Yunanıstan və Serbiyadır.
Əlavə məlumat üçün bildirək ki, Serbiya cari ilin ilk 7 ayında təbii qaz ixrac etdiyimiz 6 ölkə arasına yeni daxil olub.
Cari ilin yanvar-iyul aylarında Türkiyəyə ixrac edilən təbii qazın həcmi çox olsa da, İtaliyaya edilən ixracdan əldə olunan gəlir qardaş ölkə ilə müqayisədə daha çox olub. Buna səbəb təbii qazın bu ölkələrə müxtəlif zamanlarda və fərqli qiymətə ixrac edilməsidir.
Rəsmi məlumata görə, 2024-cü ilin ilk 7 ayında İtaliyaya ixrac olun təbii qazdan 2,3 milyard dollar gəlir əldə olunub. Türkiyəyə ixrac olunan təbii qazdan gələn gəlir 1,8 milyard dollar təşkil edib.
2024-cü ilin yanvar-iyul aylarında Bolqarıstana ixrac olunan təbii qazdan 317,9 milyon dollar gəlir əldə olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 54% çox olub.
Təbii qazın ixracından daha çox gəlir əldə etdiyimiz ölkələr Avropa ölkələridir ki, Yunanıstan burada 400,4 dollar ilə liderdir. Cari ilin ilk 7 ayında ən böyük ticarət tərəfdaşımız İtaliyaya təbii qazın min kubmetrini ortalama olaraq 394,4 dollara satmışıq.
Qardaş ölkə Türkiyə ortalama olaraq hər min kubmetr Azərbaycan qazı üçün 311,3 xərc çəkib.
Əvvəlki dövrlərdə olduğu kimi cari ilin yanvar-iyul aylarında da Gürcüstana ixrac olunan təbii qazın qiyməti ucuz olub. Qonşu ölkəyə ixrac edilən qazın min kubmetrinin orta qiyməti 170,3 dollar təşkil edib.
Məlumat üçün bildirək ki, 2023-cü ilin ilk 7 ayında Yunanıstana ixrac olunan təbii qazın min kubmetrinin qiyməti 1179,3 dollar, İtaliyaya isə 1145,7 dollar təşkil edib.