Politoloq Vüqar Zifəroğlu İran-İsrail gərginliyi, Tehranın Zəngəzur dəhlizinə münasibəti və Yaxın Şərqdəki son gəlişmələr barədə Teleqraf.com-un suallarını cavablandırıb.Onunla müsahibəni təqdim edirik.- Nəhayət, İsrail ordusu Livanın cənubunda quru əməliyyatına başladı. Hadisələrin bundan sonrakı gedişatını necə proqnozlaşıdırırsınız, növbəti hədəf hansı ölkələrdir, proses regional savaşa doğru gedirmi?- Biz regional müharibədən çox İsrailin bölgədə İranın dəstəklədiyi proksi qüvvələrə qarşı ardıcıl əməliyyatlarının şahidi oluruq. Zatən, ötən il Qəzzada savaş başladıqdan sonra belə bir gedişatının olacağı proqnozlaşdırılmışdı. Söhbət İranın təsiri altında olan “Şiə halqası”nda əməliyyatların aparılmasından gedir. Buna görə də Livana paralel olaraq, İsrail Suriya ərazisinə də aviazərbələr endirir. Hədəfə alınan bölgələrdə də İranın proksi qüvvələri fəaliyyət göstərir, əsas hədəflər onlardır.Prosesin davamlı şəkildə gedəcəyini söyləmək olar. Bu çərçivədə bir neçə gün əvvəl “Ənsarallah”ın Yəməndəki mövqelərinə qarşı da əməliyyatlar aparıldı. Bütün bunlar göstərir ki, İsrail bu istiqamətdə əməliyyatları davamlı şəkildə aparmaq niyyətindədir.Amma mən regional savaş və ya hansısa ölkələrin bir-birlərinə müharibə elan etməsi ehtimalını yüksək qiymətləndirmirəm.- İsrail qüvvələri Livan ərazisində qalacaqlar, ya məqsədlərinə nail olduqdan sonra çıxacaqlar?- Sual yaranır ki, Livanın cənubu uzunmüddətli əməliyyatlar üçün nə qədər münbitdir? Bu barədə fərqli düşünürəm. Livanın cənubunu Qəzza ilə eyni tuta bilmərik. Livanın cənubunda kifayət qədər gücləndirilmiş istehkamlar var. “Hizbullah” bölgədə bundan öncə, 2006-cı ildə baş verən savaşda İsrailə ciddi itkilər yaşatmışdı. 2006-cı ildən sonra “Hizbullah” Livanın cənubuna tam nəzarəti ələ keçirib və bölgədə ciddi şəkildə möhkəmlənə bilib.Livanın cənubunda aparılacaq əməliyyatlar Qəzzadakı kimi olmayacaq. Həmçinin Livanın cənubunun digər ölkələrlə də quru sərhədləri var, ötən illər ərzində burada logistik şəbəkə qurulub. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, əməliyyatlar lokal ola bilər. İsrail də itkilərinin çox olması və prosesin genişlənməsini istəmir.Digər tərəfdən, Livanın ərazi bütövlüyünə qəsd kimi səciyyələnə biləcək hər hansı bir addım Qəzzadan sonra İsrailə beynəlxalq təzyiqi daha da artıra bilər. Netanyahu hökumətinə isə daxildə də müəyyən siyasi təzyiqlərin olduğunu nəzərə alsaq, buna gedəcəkləri ehtimalı aşağıdır.- Baş verənlər İranla İsrail arasında açıq toqquşmaya səbəb ola bilərmi?- Hava zərbələri ola bilər, amma İran çox yaxşı bilir ki, İsraillə açıq müharibə regional və qlobal anlamda başqa yan proseslərin başlamasına təkan verə bilər. Bunu İsrail də anlayır. Bu baxımdan, yaxın zamanlarda hər hansı birbaşa İran-İsrail müharibəsinin baş verməsi ehtimalı aşağıdır.Sadəcə İran indiyədək İsrailə öz proksi qüvvələri ilə təzyiq etməyə çalışırdı. İsrail də bu təzyiq vasitələrindən qurtulmaq üçün Qəzzada HƏMAS-la vəziyyəti nəzarətə götürdükdən sonra növbəti hədəfi olaraq diqqətini “Hizbullah”a yönəldib. Paralel olaraq, fürsət düşdükcə, öz müttəfiqləri ilə Yəməndə “Ənsarallah”, İraqda “Həşd əş-Şabi” və Suriyadakı digər proksilərə qarşı da müəyyən əməliyyatlar aparır.Son gəlişmələr fonunda Xameneyinin bir açıqlaması olmuşdu. Söyləmişdi ki, bu cavabı Yaxın Şərqdəki müqavimət təşkilatları verəcək. Hazırda biz faktiki olaraq, İranın “müqavimət təşkilatları” adlandırdığı qüvvələrlə İsrailin qarşıdurmasının şahidi oluruq.- İsrailin növbəti hədəfi SEPAH ola bilərmi? Çünki İsrail “Hizbullah”, HƏMAS və “Ənsarallah”a (Husilər) hansı münasibəti sərgiləyirsə, SEPAH-la bağlı mövqeyi də odur.- Bu baxımdan, ötən il Avropada da belə müzakirələr açılmışdı ki, SEPAH terror təşkilatı kimi tanınsın. Amma bir məsələ var ki, SEPAH İranın rəsmi hərbi strukturudur. Yəni SEPAH-a qarşı birbaşa və açıq müstəvidə belə əməliyyatların aparılması daha böyük gərginliyə təkan verə bilər.Amma İsrail onsuz da İraq, Suriya və Livanda apardığı əməliyyatlarda SEPAH-ın yüksək vəzifəli zabitlərini də hədəfə alır. İndiyədək bu strukturun xeyli sayda hərbçisi İsrail tərəfindən zərərsizləşdirilib. İsrail qeyri-rəsmi şəkildə bu prosesi reallaşdırır. Bunun rəsmi şəkildə olmasına ehtiyac varmı? Zaman göstərəcək.- İran Yaxın Şərqdə ağır məğlubiyyət yaşayarkən, yerdəki qüvvələri sıradan çıxarılarkən, yenə də Zəngəzur dəhlizindən danışır, sağ-solu hədələyir. Niyə Tehranda diqqət ora yox, bura yönəlikdir?- İran Zəngəzura “Avropaya açılan qapı” kimi baxır. Tehran bu illər ərzində qeyri-rəsmi olsa da, Avropa ilə ticari əlaqələrə malik olub. İndi İranda elə zənn edirlər ki, bu dəhliz açılsa, həmin qapı bağlanacaq. Buna görə də, İran prosesi öz əlinə almağa çalışır və qeyri-adekvat münasibət sərgiləyir.Digər əsas məqam İran-Rusiya faktoru ilə bağlıdır. Uzun illərdən sonra ilk dəfədir Yaxın Şərq və Cənubi Qafqazda baş verənlərlə bağlı Rusiya və İranın maraqlarının üst-üstə düşmədiyini görürük.İran bu məsələdə risk eləmək istəmir, bu baxımdan, Ermənistanla münasibətlərinə xələl gəlməməsinə çalışır. Unutmaq olmaz ki, 1991-ci ildən İran Cənubi Qafqazda məhz Ermənistanı özünün strateji müttəfiqi kimi müəyyən edib. İki ölkə arasında qeyri-rəsmi hərbi əməkdaşlıq, açıq şəkildə isə ticari, iqtisadi, mədəni və digər əlaqələr mövcuddur. Üstəgəl, Tehran Qərbdəki erməni lobbisindən yəhudi lobbisinə qarşı istifadə edir. Erməni lobbisinin bu baxımdan İrana böyük dəstəyi var.İranın Zəngəzur dəhlizinə münasibətdə yanaşması nə qədər reallığa söykənir və obyektivdir? Əlbəttə, obyektiv deyil. Çünki Zəngəzur dəhlizi hansısa ölkələrin maraqlarını hədəfə alan layihə deyil. Əksinə, bu, region ölkələrinin, eləcə də İranın iqtisadi nöqteyi-nəzərdən yararlana biləcəyi bir projedir. Təəssüf ki, İran buna tərs müstəvidən yanaşır.- İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif Zəngəzurla bağlı hədələyici açıqlama verib. Onun sözlərinə görə, dəhlizin açılması bölgədə gərginlik yaradacaq. Yaxın Şərqdə baş verənlər molla rejiminin belə hədələrinin boş olduğunu göstərdi, bəs bu yöndəki hədələrinin arxasında nə qədər dura bilərlər?- Ümumiyyətlə, İranın Yaxın Şərqdə baş verənlər fonunda diqqətini hərbi-siyasi baxımdan Zəngəzur dəhlizinə yönəltməsi anlaşılan deyil. Buna görə də, belə bəyanatlara İranın öz narazılığını ifadə forması kimi baxmaq daha doğru olar. Yəni İranın bu yöndə hər hansi radikal və ya hərbi addımlar atacağı inandırıcı görünmür.- İranın dini-siyasi dairələri və SEPAH generallarından fərqli olaraq, yeni Prezident Məsud Pezeşkian hələlik Zəngəzurla bağlı mövqeyini açıq göstərməyib. Hesab etmək olarmı ki, Pezeşkianın bununla bağlı yanaşması həmin dairələrdən fərqlidir?- Təkcə Zəngəzur yox, digər məsələlərlə bağlı da İran hakimiyyəti daxilində fikir ayrılıqlarının mövcudluğunu sezə bilərik. Yayılan xəbərlər də onu deməyə əsas verir ki, İranın hazırkı iqtidarına mühafizəkar kəsimdən təzyiqlər var. Bura Qərblə münasibətlərin qurulmasından tutmuş, Cənubi Qafqaz, Türkiyə və Azərbaycana münasibət və digər məsələlər daxildir. Bəli, mövcud durum göstərir ki, İran hakimiyyəti daxilində bu kimi məsələlərə yanaşmada fikir ayrılıqları var.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta