AZ

Şəkinin Vərəzət kənd məktəbinin binası QƏZALI DURUMDA – Şagirdlərin aqibəti necə OLACAQ? – FOTO/VİDEO

Şəkinin Vərəzət kənd tam orta məktəbində şagird və müəllimlər yeni dərs ilinə başlayar-başlamaz problemlə qarşılaşıb. Məktəb binasında müşahidə edilən qəzalı vəziyyət müvafiq təşkilatların diqqətinə çatdırılıb. 

Bizim.Media-nın yerli bürosu Rayon Fövqəladə Hallar Komissiyasına istinadən bildirir ki, son günlər istər məktəbin daxili divarlarında, istərsə də çölündən aparılan vizual müşahidələr binada çökmənin olduğunu və divarlardakı çatların genişləndiyini göstərir.

Qarşıdan isə payız və sərt qış günləri gəlir. 

Bəs 420 şagirdin təhsil aldığı bu təhsil ocağının şagirdlərinin gələcək taleyi necə olacaq? 

2 min nəfərə yaxın sakini olan Vərəzət kənd sakinləri, eləcə də 420 nəfər məktəbli yeni tədris ili başlayandan tədris ilinin sevincini deyil, məktəbin qəzalı vəziyyətə düşməsinin kədərini yaşayır.  
Kənd sakini Abdulhəmid Məmmədov hazırda təqaüddə olan qocaman müəllimlərdən biridir. Dörd nəvəsi məktəbdə təhsil alır. Deyir, yeni bina istifadəyə veriləndən bir neçə ay sonra əsaslı təmirə dayandırılıb. Lakin kosmetik əl gəzdirilib və yenidən dərslərə davam ediblər.


Beləcə o zamandan olan fəsadlar bu gün özünü göstərir:


“Mən deyərdim ki, bizim Vərəzət kənd camaatının bəxti məktəb sarıdan bir az gətirmir. 90-ci illərdə hələ sovet dövründə bu məktəbin bünövrəsi qoyulub. Lakin inşası tamamlanmadan yarımçıq qalıb. Çox az müddətdə dərslər gedib. Elə onun yanındaca 2004-2005-ci illərdə bu yeni bina tikiləndə köhnə hissələr söküldü, bu bina tikildi. Bu binada da bu gün vəziyyət belədir. Bina artıq istifadəyə yararsız vəziyyətə düşüb”.

Öyrənirik ki, bu təhsil ocağının uğurları davamlı və ardıcıldır. 

Hər il məktəbi bitirən məzunların 90 faizi ali məktəblərə qəbul olunur. Eyni zamanda onların sırasında dünyanın müxtəlif ölkələrində çalışan, fəaliyyət göstərənlər də az deyil. Sakinlər məzunların uğuruna sevindiyi kimi hazırda təhsil alanların qış qayğılarını, 5-6 km məsafədə yerləşən Baş Zəyzid kənd məktəbinə getməyin çətinliyini düşünür.  

Kənd sakini Arif Mehdiyevin isə üç nəvəsi bu təhsil ocağında oxuyur. Kənd sakinlərin əsas qayğısı qarşıdan gələn sərt qış fəsli ilə bağlıdır. Arif kişi bildirir ki, Şəki dağətəyi rayondur:

“Burada sabah yollar buz bağlayacaq. Baxın, bir dənə marşrut verilib. Bir marşrutda bu qədər adamı daşımaq necə mümkün olacaq?! Həm də dərslər bir növbəli deyil, iki növbəli olacaq. Günün işıqlı vaxtı isə get-gedə qısalır”.   


Qeyd edək ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin, eləcə də Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri bir neçə dəfə binaya baxış keçiriblər.   

Rayon Fövqəladə Hallar Komissiyasının üzvü, Baş memar Cahangir Nəbiyevin sözlərinə görə, məktəb binasına viziual baxış keçiriblər:

“Vizual baxışın nəticəsi olaraq məlum oldu ki, binada bir neçə gündür əsas yükdaşıyan divarlarda keçici çatlar əmələ gəlir və çatların əmələ gəlməsi davam edir. Biz də onu müşahidə edib mayaklar qoyduq və səhəri gün baxıb gördük ki, həmin mayaklarda qopmalar və cırılmalar var” deyən Baş memar bu təhlükənin binada hər gün artdığını və çatların genişləndiyini diqqətə çatdırıb.  

Baş memar bildirib ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsi eləcə də Rayon Fövqəladə Hallar komissiyası qəzalı binanı hər an diqqətdə saxlayır. Məsələ Elm və Təhsil Nazirliyi eləcə də Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının diqqətinə çatdırılıb. Onların da birgə komissiyası binaya baxış keçirəndən sonra əgər məsləhət bilinsə, 90-ci illərdə inşa edilən binanın hələlik bir mərtəbəsi təmir edilərək müvəqqəti məktəblilərin istifadəsinə veriləcək.

Valideynlər övladlarını qonşu kəndlərdəki məktəblərə göndərmək istəmirlər

Əldə etdiyimiz məlumata görə, məktəbinin şagirdləri üç istiqamətdə yuxarı 9-11-ci siniflər onlayn, 5-8-ci siniflər Orta Zəyzid kənd tam orta məktəbində, ibtidai siniflər isə Şəki şəhər 20 nömrəli məktəbdə dərslərini davam etdirəcəklər. Bu gün səhərdən valideynlər bu qərarla razılaşmayıb. Çünki bir evdə ən azı iki, ya 3 uşağın məktəbə yola salınması və hərəsinin başqa istiqamətlərdə oxuması valideynlərə böyük çətinliklər yaradır. 
 

Digər tərəfdən tədrisi davam edənlər üçün məsafə uzaq olduğundan səhər saatlarında kəndə avtobuslar göndərilib. Nəqliyat vasitəsinin nasaz olmasına etiraz olaraq valideynlər uşaqlarını dərsə yola salmaqdan imtina ediblər. 


Hazırda rayon təhsil sektoru valideyn və müəllimlərlə görüşərək məsələdən çıxış yolu tapmaq istiqamətində iş aparır. 



















Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

phrase_var_article.chosen
123
50
bizim.media

10phrase_var_article.sources