Hazırda cəmiyyətdə aktual müzakirə edilən mövzulardan biri də gənc ailələrin valideynlərlə birgə yaşamasıdır. Bəzi şəxslər məsələnin müsbət tərəfləri olduğunu düşünsə də, əksər insanlar bunun bir çox problemlərə səbəb olduğunu iddia edir.
Bu haqda “Yeni Sabah”a danışan aktrisa, tanınmış sənətçi Kübra Əliyeva öz fikirlərini bölüşüb.
Aktrisa bildirib ki, indiki qızlar qaynana ilə yaşamaq istəmirlər:
“Amma bunun özü bir üstünlükdür. Bütöv bir ailə həmişə ən gözəl tablodur. Kim ki, valideynlə birlikdə yaşasa, Allah onların ruzisini də bol edər. İndiki qızlar da bunu istəmir. Əgər gənclər valideynlə birgə yaşamağı qəbul etmirsə, o zaman bir sıra məqamlara da fikir verməlidirlər. Hər bir halda, qız gəlin getdiyi evdə yaşayanların yerini dar edir. İndiki dövrdə hər kəsin ayrı ev almaq, yaxud tikməyə pulu çatmır. Bu o deməkdir ki, camaat oğlunu evləndirməsin? Hansı yerə gəlin gedirsənsə, həmin ailəyə uyğunlaşmağı bacarmalısan. Mənim ailəm bu hal yaşanıb. Bacım illərlə qaynana-qaynatasına, həyat yoldaşına və xəstə qaynına qulluq edib. Çox gözəl də ailə olublar. İndi qardaşımgildə qaynana və gəlin eyni evdə yaşayır və heç bir problem yaşamırlar. Böyüklərə hörmət etmək bir dəyərdir. Bu bizim milli-mənəvi dəyərlərimizin ən əsas yerində dayanır. Həmin tərbiyə də insana evdən, ailədən aşılanır”.
Məsələyə münasibət bildirən psixoloq Əfsanə Rüstəmova qeyd edib ki, ailə ilə birgə yaşamaq üçün ən vacib məsələ adaptasiya olmaqdır:
“Evlilik, əslində, bir yoldur. Biz başlamadan öncə qərar verməliyik ki, yolu necə və kiminlə getmək istəyirik. Ancaq bizlər birinci kimlə yola başlamağımıza qərar veririk. Daha sonra yolu necə və nə cür addımlamağımıza həyatın gedişatı qərar verir. Bu da boşanmaların sayında olan artımda ən böyük rolu oynayır. Belə problemlərin yaşanmaması üçün əvvəlcə nə tərzdə bir evlilik xəyal etdiyimizi və necə bir yola çıxmaq istədiyimizi planlamaq lazımdır. Nəticədə bu yolun mahiyyətinə uyğun yol yoldaşı meyarımız yaransın və bizlər bu sayədə nisbətən daha doğru seçimlər etməyi bacaraq. Ənənəvi seçim edərək yola çıxmaq istəyənlər bilməlidir ki, qaynana-qaynata, baldız, elti, qayın kimi ailə üzvləri də onlara yoldaşlıq edəcək. Bu zaman biz bir adamla deyil, bir nəsil ilə evləndiyimizi anlamalıyıq. Ənənəvi seçim etməyənlər öncə bunu qərarlaşdırmalıdır. Ailənin xətrinə dəyməmək üçün də qərarı onlara bildirmək lazımdır.
Cəmiyyətimizdə övlad ailəyə, ailə də övlada oksigen aparatı ilə bağlı kimi yaşamağa davam edir. Bir dönəmdən sonra övlad ailədən ayrılmaq istəyəndə, bu zaman ana-ata övladından savayı, sanki oksigen aparatından ayrıldığını fərz edir. Bunun fonunda böyük mübahisələr yaranmağa başlayır. Adətən deyirlər ki, el elə sığsa da, ev evə sığa bilmir. İndi insanlar bu deyimi unudub və daha çox birlikdə yaşamağa üstünlük veriblər. Bunun mahiyyəti ondadır ki, hər ailənin təsərrüfatı, büdcəsi, yeməyi, ailə mühiti, tərbiyə forması ayrı olmalıdır.
Psixoloq birlikdə yaşamağın mənfi və müsbət cəhətlərini sadalayıb:
“Birgə yaşamağın müsbət cəhəti odur ki, ev işlərində bölgü aparılır və insan özünə vaxt ayıra bilir. Mənfi tərəfi isə hər kəsin təmizlik, yemək, səliqə, yemək saatı anlayışı fərqlidir. Uyğunluğu təmin etmək üçün isə ya qızlar gəlin getdiyi evin adətləri ilə uzlaşmalı, ya da həmin ailə gəlinin yeni düzənə alışması üçün ona zaman verməlidir”.
Aytac Şahin
Telegram kanalımız