AZ

"Ukraynanın Qələbə planı ölkənin ərazisi və suverenliyi ilə alver edilməsi demək deyil" - Zelenski

 
"Rusiya Ukraynaya qarşı müharibədə məğlub olmalıdır..."
 
Nədən Ukraynanın beynəlxalq tərəfdaşları onun Qələbə planına dəstək verməlidir?..
 
Əgər indi beynəlxalq tərəfdaşlarımız Ukraynanı döyüş meydanında gücləndirməsələr, növbəti ildə Rusiya diktaroru Vladimir Putin Rusiya ordusunu o dərəcədə gücləndirəcək ki, diplomatiyanı həmişəlik kənara qoyacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna Ali Radasında "Qələbə planı"nı təqdim edərkən bəyan edib. Məlumatı "dw.com" nəşri yayıb.
 
"Biz, ukraynalılar və tərəfdaşlarımız səmimi olaraq deməliyik: əgər biz indi əhəmiyyətli dərəcədə güclənməsək, Putin növbəti ildə diplomatiyadan həmişəlik üz döndərmək üçün əhəmiyyətli dərəcədə güclənməyə macal tapacaq", - Zelenski vurğulayıb.
 
Eyni zamanda dövlət başçısı qeyd edib ki, Rusiya Ukraynaya qarşı müharibədə məğlub olmalıdır.
 
"Bu, müharibənin dondurulması deyil. Bu, Ukraynanın ərazizi və suverenliyi ilə alver edilməsi demək deyil. Biz Rusiyanı Sülh Sammitində iştirak etməyə və müharibəyə son qoymağa vadar etmək üçün Qələbə planını gerçəkləşdirməliyik", - Zelenski vurğulayıb.
 
Zelenski Ukraynanın Qələbə planını təqdim edib
 
Qələbə planı beş bənddən və üç gizli əlavədən ibarətdir. 
 
-  Birinci bənd Ukraynanın dərhal NATO-ya dəvət edilməsidir.
 
- İkinci bənd müdafiədir, o cümlədən Ukraynanın təcavüzkara qarşı müdafiəsinin  geriyədönməz möhkəmləndirilməsi deməkdir. Bu, həmçinin USQ-nin Rusiyada əməliyyatlarının davam etdirilməsini nəzərdə tutur.
 
- Üçüncü bənd gizli əlavə ilə birgə Ukraynanın öz ərazisində Rusiya tərəfindən istənilən hərbi təhlükədən müdafiəsi üçün kifayət etməli olan "kompleks qeyri-nüvə strateji çəkindirmə paketinin" yerləşdirilməsini nəzərdə tutur. 
 
- Dördüncü bənd gizli əlavə ilə birgə strateji iqtisadi potensial deməkdir. Bu iqtisadi bənddə beynəlxalq tərəfdaşlarımız olan ABŞ, Avropa İttifaqı və digərləri üçün Ukraynada olan kritik resursların birgə müdafiəsi, birgə investisiyalar və iqtisadi potensialdan birgə istifadə edilməsi təklif olunur.
 
- Qələbənin beşinci bəndi müharibədən sonrakı dövrə hesablanıb. Müharibədən sonra Ukrayna ən təcrübəli və ən böyük hərbi kontingentə malik olacaq, ona görə də Ukrayna qoşunlarının ABŞ-ın Avropada yerləşən Silahlı Qüvvələrinin ayrı-ayrı kontingentlərini əvəzləyəcəyi güman edilir.
 
Ukrayna prezidenti həmçinin Qələbə planının məhz indi icra edilməsinin təcili olduğunu izah edib, çünki onun bəndləri dəqiq zamana hesablanıb. 
 
Prezidentin fikrincə, əgər elə indi konkret olaraq bu Qələbə planı ilə hərəkət edilərsə, o zaman ola bilsin ki, müharibəyə gələn ildən gec olmayaraq son vermək mümkün olacaq.
Seçilən
49
50
moderator.az

10Mənbələr