AZ

Balakişi Qasımov: “Qarabağ” olmasaydı, Azərbaycanda futbola maraq çoxdan ölərdi”

Azərbaycanın intellektual kəsimi onu çox sevir. “Nə? Harada? Nə zaman?" elitar klubunda qazandığı beynəlxalq uğurlarla ölkəmizin adını ucaldıb, xalqımızı qürurlandırıb.

Kapitanı olduğu komanda ardıcıl 7 final seriyasında qalib gəlib. “Büllur bayquş”, “Brilyant bayquş”, “Klubun ən yaxşı kapitanı” poqonu mükafatlarına layiq görülüb.

Bu oyunun idman variantında dünya çempionu olub. Beynəlxalq "Nə? Harada? Nə zaman?" Klubları Assosiasiyası tərəfindən 2010-cu ilin adamı seçilib.

Azərbaycan gəncliyini beynəlxalq intellektual oyunlarda uğurla təmsil etdiyinə görə "Tərəqqi" medalına layiq görülüb. İctimai Televiziyanın baş direktoru olandan sonra gördüyü işlərlə “İstedadlı adam, hər sahədə istedadlıdır” deyimini doğruldub.

Çoxları bilmir ki, vaxtilə futbolçu ola bilərmiş. İndi həm də, ən sevdiyi sahədə - futboldadır.

Ölkə futbolunun rəhbərlərindən biri kimi Azərbaycan mediasına ilk müsahibəsində demək olar ki, bütün problemli nöqtələrə toxunmağa çalışdıq, çıxış yolları haqda fikirlərini öyrəndik.

Sportinfo.az sports.az-a istinadən AFFA-nın vitse-prezidenti, İTV-nin baş direktoru Balakişi Qasımovla eksklüziv müsahibəni təqdim edir.

“Təəssüf ki, bu gün klubların əksəriyyəti üçün uşaq futbolu prioritet deyil”

- Sizi yaxından tanıyanlar bilir ki, əla futbol oynayırsınız və bu idman növü ilə uzun illər məşğul olmusunuz. Niyə futbolçu olmamısınız?

- Əvvəllər hər həftə futbol oynayırdım, bəzən vaxt tapanda daha tez-tez də oynamaq imkanım olurdu. Amma sonra zədələr başladı: əvvəlcə ayağım sındı, daha sonra dizimin lateral və medial bağları qopdu. İndi ancaq yuxularımda və “PlayStation”da futbol oynayıram. Niyə futbolçu olmadım? O vaxtlar çox çətin idi: Sovet İttifaqı yenicə dağılmışdı, müharibə gedirdi, hər bir sahədə, o cümlədən futbolda qeyri-sabit vəziyyət hökm sürürdü. Son ana qədər davam etdim, amma sonra başa düşdüm ki, məşqlər təhsilimə mənfi təsir edir. Seçim etmək məcburiyyətində qaldım. Düşünmürəm ki, məndən böyük futbolçu çıxardı. O qədər istedadlı uşaqlar var ki, gənc yaşlarında ümid verirlər, amma sonra yollarını davam etdirə bilmirlər. Heç vaxt seçimimdən peşman olmamışam. Allaha şükür, hər şey mənim üçün yaxşı alındı.

- O dövrdə futbolla harda məşğul olmuşdunuz və hansı problemləri xatırlayırsınız? İndiki uşaq futbolu ilə müqayisə apara bilərsinizmi?

- Mənim məşqçim Yaşar Abdulov idi. Tofiq Bəhramov adına stadionda, əksər vaxtlar tablonun arxasındakı meydançada məşq edirdik. Problemlərə gəldikdə, buts və futbol forması tapmaq çətin idi. Qumlu meydançalarda, bəzən isə asfaltın üstündə məşq edirdik. Toplar da müxtəlif olurdu. Amma o vaxt bizim üçün bu problemlər əhəmiyyət kəsb etmirdi — əsas o idi ki, futbol oynaya bilək. İndi uşaqların məşq edib oynadıqları meydançaların vəziyyəti mənim uşaqlıq dövrümlə müqayisədə yaxşıdır, amma futbolun inkişaf etdiyi ölkələrdə mövcud olan futbol meydançaları ilə müqayisədə qənaətbəxş deyil. Aşağı keyfiyyətli süni örtüklü meydançalar uşaq futbolunda zədələrin əsas səbəblərindən biridir. Zənnimcə, keyfiyyətli meydançalar və stadionlar olmadan ölkədə futbolun inkişafı mümkün deyil. Əminəm ki, indi işlənib hazırlanmaqda olan strategiyada bu və digər problemlərin həll yolları göstəriləcək və AFFA klublarla birlikdə bu problemləri aradan qaldırmaq üçün əlindən gələni edəcək. Təəssüf ki, bu gün klubların əksəriyyəti üçün uşaq futbolu prioritet deyil...

- AFFA İcraiyyə Komitəsində futbol adamlarının təmsil olunmaması haqda fikir var… Veteranlarımızın hər hansı qlobal, məntiqli fikir, ideya verəcək intellekti, yüksək təşkilatçılıq bacarığı varmı? İcraiyyə Komitəsindən kənarda qalan neçə belə futbol veteranı tanıyırsınız?

- Səməd Qurbanov, Qurban Qurbanov və Maqsud Adıgözəlov - bunlar futbol adamlarıdır, elə deyilmi? Onların sayının az və ya çox olması məsələsi isə hazırkı İcraiyyə Komitəsinin tərkibinə səs verənlərə aid bir sualdır. Onların arasında futbol aləmindən olan insanlar az idimi? Hesab edirəm ki, İcraiyyə Komitəsindən kənarda da ideya və işi ilə ölkə futboluna töhfə verə biləcək futbol adamları az deyil. Biz istənilən ideya və problemi müzakirə etməyə hazırıq.

- "Sabah" Futbol Klubunun qurucusu və ideya müəllifi olduğunuz deyilir. Bu klubla sizi nə birləşdirir? Özünüzü futbol adamı sayırsınızmı?

- Bu layihəni başlamağı təklif edən şəxs mən deyildim, amma ilk gündən komandaya dəstək verənlərdən biri olmuşam. Futbola sevgim və “Sabah” klubuna yaxınlığım məni futbol adamına çevirirmi? Düzünü desəm, bunu siz daha yaxşı bilərsiniz. Bir şeyi dəqiq deyə bilərəm: mən futbolda yad аdam deyiləm.

“Rövşən Nəcəf müasir və təcrübəli menecerdir, futbola sevgi ilə yanaşır və onu dərindən anlayır”

- Rövşən Nəcəf Azərbaycan üçün taleyüklü bir vəzifədədir. Həmin postda ola-ola həm də ölkəmizdə dünyanın 1 nömrəli idman növünün inkişafına lazımi vaxt ayırması qeyri-mümkündür. AFFA prezidentliyinə daimi və yalnız bu işlə məşğul olacaq bir şəxsin seçilməsi daha faydalı və doğru deyildimi?

- Rövşən Nəcəf AFFA-nın məsul dövlət vəzifəsi daşıyan ilk prezidenti deyil. Əgər yanılmıramsa, Fuad Musayevdən sonra yalnız futbolu idarə edən federasiya prezidenti olmayıb. Üstəlik, eyni vəziyyət digər idman növlərində də müşahidə edilir. Bu yanaşmanın həm üstünlükləri, həm də çatışmazlıqları var, amma bizim reallıqlarımızda üstünlüklər daha çoxdur. Rövşən Nəcəf müasir və təcrübəli menecerdir, futbola sevgi ilə yanaşır və onu dərindən anlayır. Əminəm ki, tezliklə onun fəaliyyətinin bəhrəsini görəcəyik.

- Rövşən Nəcəf bir neçə ay öncə bizi qəbul etdi, futbolun təbliği və inkişafında jurnalistikanın əhəmiyyətindən danışdı. İdman mediasına AFFA-nın dəstək verəcəyini və bu cür görüşlərin tez-tez olacağını bildirdi. Amma ilk və son görüş oldu...

- Rövşən Nəcəf mediaya açıq adamdır. Məncə, onun öz şəxsi təşəbbüsü ilə idman jurnalistləri ilə görüşməsi və onları dinləməsi də bundan xəbər verir. Ola bilər ki, işlərinin çoxluğu ilə əlaqədar ötən müddətdə yenidən jurnalistlərlə görüş keçirmək mümkün olmayıb. Amma əminəm ki, həmin görüş sonuncu deyildi, çünki idman jurnalistlərinin fikirlərinə böyük önəm verilir. Hətta strategiya hazırlanarkən idman jurnalistləri AFFA-ya dəvət olunaraq onların da fikir və təklifləri dinlənilib.

- AFFA-nın rəhbərliyi dəyişəndən futbolumuzda hər hansı canlanma, yenilik görünmür. Üstəlik, Elxan Məmmədovun dövründəki rəhbər kadrların demək olar hamısı yenə işlərinə davam edirlər. Elşad Nəsirov və komandası yenə futboldadır. Yeni rəhbərliyin hansısa bir əməli fəaliyyətini nə vaxt görəcəyik?

- Mən sizi və dəyişikliklərin daha sürətlə baş verməsini istəyən digər futbol ictimaiyyəti nümayəndələrini başa düşürəm. Bu, yəqin ki, normaldır. Pis işləyən sistemi bir anda dağıtmaq mümkündür, amma bu, adətən, səmərəli olmur. Əsaslı dəyişikliklər etmək üçün əvvəlcə sistemin problemlərini və onların kökünü araşdırmaq lazımdır. Yalnız bundan sonra kadr məsələlərinin həllinə keçmək olar. Düşünürəm ki, hansısa kadrın “kiminsə adamı” olub-olmaması önəmli deyil. Əsas məsələ odur ki, həmin şəxs yeni qaydaları qəbul etsin və onlara əməl etməyə hazır olsun. Yaxın gələcəkdə də kadr dəyişiklikləri istisna edilmir. Əslində, artıq müəyyən dəyişikliklər də olub. Məsələn, Hakimlər Komitəsinin rəhbəri dəyişdirildi. Ötən mövsümlə müqayisədə ilk dövrə ərzində mübahisəli hakim qərarlarının sayı daha azdır. Hakimlik sahəsində gənc kadrların yetişməsi çox önəmlidir və bu məsələ Hakimlər Komitəsinin rəhbərinin qarşısındakı əsas hədəflərdən biridir. Milli komandanın baş məşqçisi vəzifəsinə Fernandu Santuşun təyin edilməsini də aktivə yazmaq olar. O, Azərbaycan futboluna maksimum hörmətlə yanaşır, ölkəmizdə yaşayır və köməkçiləri ilə birlikdə ölkə çempionatının oyunlarını izləyir. Yeganə çatışmazlığı odur ki, sehrbaz deyil. Ona zaman vermək lazımdır. Əminəm ki, o, milli komandamızı daha yaxşı vəziyyətə gətirəcək. Artıq iki dəfə milliyə çağırılacaq futbolçuların siyahısını mətbuat konfransı keçirərək açıqlayıb. Hətta federasiya prezidenti belə, axıra qədər kimlərin dəvət olunacağını bilmirdi. Əvvəllər də belə idi?! Federasiya daxilində də kadr dəyişiklikləri olub, məsələn, Maliyyə departamentinə yeni rəhbər təyin edilib. Əvvəllər bəzi sahələrdə tenderlər keçirilmirdi, indi isə keçirilir. Düşünürəm ki, federasiya daxilində görülən işlər barədə Sərxan Hacıyev daha ətraflı danışa bilər.

- Bu suala ətraflı cavab versəniz, hamı üçün maraqlı olar. Siz Azərbaycanın ən zəki insanlarından birisiniz. Maraqlıdır, Balakişi Qasımov Azərbaycan futbolunun bu bataqlıqdan çıxmasının yolunu necə görür?

- Düşünürəm ki, bizi çox uzun və çətin bir yol gözləyir. Biz səbrli olmalı və yorulmadan işləməliyik. Bunu təkcə AFFA-nın əməkdaşları və İcraiyyə Komitəsi deyil, bütün futbol ictimaiyyəti - klublar, jurnalistlər, veteranlar, azarkeş klubları və digərləri də etməlidir. Nizam-intizam, şəffaflıq və ədalət prinsiplərinə əməl etməklə insanlarda futbolumuza və onun gələcəyinə inam yarada bilərik. Biz elə etməliyik ki, Bakıda və əlbəttə, regionlarda daha çox uşaq futbol bölmələrinə qoşulsun. Futbolun inkişafına nail olmaq regionlarsız mümkün olmayacaq. Əminəm ki, indi işlənib hazırlanmaqda olan strategiyada futbol infrastrukturunun yaxşılaşdırılmasının vacibliyi vurğulanacaq. Həm əhali, həm də kommersiya strukturları arasında Azərbaycan çempionatına marağın artırılması da çox önəmlidir. Region komandalarının ev oyunlarını Bakıda yox, öz meydanlarında keçirməsi vacibdir. Bu, regionlardakı uşaqlar üçün də böyük stimul olacaq. Bütün oyunlar kabinetlərdə və çayxanalarda yox, futbol meydanında, hamının gözü qarşısında olmalıdır. Bir daha qeyd edirəm - qaydalar istisnasız hamı üçün eyni olmalıdır. Düşünürəm ki, yeni dövlət proqramı tərtib edilsə, bu, futbolun inkişafına böyük təkan verəcək. Peşəkarlar tərəfindən hazırlanmış və futbol ictimaiyyəti arasında geniş müzakirədən keçmiş Azərbaycan futbolunun inkişaf strategiyası yeni dövlət proqramının əsasını təşkil etsə, çox sevindirici olar. Amma bu dəfə həmin proqram əvvəlki kimi yox, qüsursuz şəkildə yerinə yetirilməlidir.

"Təkcə hər şəhərdə deyil, hər kənddə uşaqların zədəsiz məşq edə biləcəyi keyfiyyətli futbol meydançaları olsun"

- Azərbaycan futboluna indiyə kimi bəlkə də milyardlarla manat vəsait ayrılıb. Amma ortada nə normal infrastruktur var, nə mütəxəssis yetişib, nə də futbolçu… Sizcə, buna görə kimsə və ya kimlərsə cavab verməlidirmi?

- Mənə elə gəlir ki, futbolumuzun hazırkı vəziyyətində təkcə futbol məmurlarının deyil, həm də veteran futbolçularımızın, jurnalistlərin və futbol ictimaiyyətinin digər nümayəndələrinin də payı var. Bu, əlbəttə, hamıya yox, çoxlarına aiddir. Buna görə də konkret adlar çəkərək günahkar axtarmaq əvəzinə, diqqətimizi bundan sonra eyni səhvlərə yol verməməyə yönəltməyi təklif edirəm.

- Azərbaycanda 67 rayon, 11 respublika tabeli şəhər, 6 rayon tabeli şəhər, 12 şəhər rayonu, 262 qəsəbə, 190 qəsəbə ərazi dairəsi, 40 sahə ərazi dairəsi, 1724 kənd ərazi dairəsi və 4244 kənd var. Əgər inkişafdan sadəcə pafos üçün danışmırıqsa, razılaşarsınız ki, bu rayonların hərəsində ən azı bir stadion və uşaq futbol akademiyası, qəsəbələrdə və kəndlərdə isə uşaqların futbol oynaması üçün ən azı bir neçə meydança olmalıdır. Ölkədə təbii örtüklü meydançalar yoxdur, uşaqlar kiçik yaşından keyfiyyətsiz süni və rezin meydançalarda şikəst edilir. İllərdir ayrılan vəsaitlə uşaq futbolu üçün bəlkə də dünyada ən yaxşı şəraiti qurmaq olardı. Amma əvəzində bu pullar legioner futbolçulara, məşqçilərə və s. dağıdıldı. Sizcə, bundan sonra nəsə dəyişəcək?

- Əlbəttə, istərdik ki, təkcə hər şəhərdə deyil, hər kənddə də uşaqların zədəsiz məşq edə biləcəyi keyfiyyətli futbol meydançaları olsun. Amma burada daha çox suallar federasiyaya yox, yerli icra hakimiyyətlərinə ünvanlanmalıdır.Legionerlərin c əlb edilməsi məsələsi isə klubların seçdiyi strategiyadan asılıdır. Uşaq və yeniyetmə futboluna daha çox diqqət ayıranlar, əsasən, gələcəyinə inanan və Azərbaycan futbolunun perspektivinə ümid bəsləyən klublardır. Hər klubun öz vəzifələri var və onlar öz prioritetlərini özləri müəyyən edirlər. Bildiyiniz kimi, AFFA hər il klublara 3 000 000 manat ayırır ki, onun da 500 000 manatı uşaq futbolunun inkişafına sərf edilməlidir.

- AFFA-nın yeni rəhbərliyinin gəlişindən sonra da sanki, hər şey əvvəlki qaydada davam edir... Fernandu Santuş nümunəsi var. Əvvəllər aşağı yaşlardan ibarət milli komandalardan əsas milliyə kimi Azərbaycana heç bir aidiyyatı olmayan futbolçular gətirilirdi. Düzdü, indi bu mənada irəliləyiş var. Amma məsələn, uşaq futbolunda ölkənin əsas ümidi sayılan "Sabah" klubunun 17-18 yaşlı legionerlər gətirdiyini görürük...

- Legionerlərin klublar tərəfindən cəlb olunması və bu məsələnin məqsədəuyğunluğu ilə bağlı sualı yuxarıda cavablandırdım. İndi isə bir daha milli komandanın baş məşqçisi vəzifəsinə Fernandu Santuşun dəvət olunması ilə bağlı vəziyyəti dəqiqləşdirmək istəyirəm. Məsələ ondadır ki, federasiya baş məşqçinin maaşı üçün nəzərdə tutulan büdcədən artıq heç bir vəsait xərcləmir. Fernandu Santuşun adı ilə sponsorlardan əlavə vəsaitlər cəlb edilib. Yəni söhbət başqa məqsəddən və ya layihələrdən getsəydi, bu pullar ayrılmaya da bilərdi. Bir daha vurğulamaq istəyirəm ki, Santuşun gəlişi uşaq futboluna və ya hər hansı infrastruktur layihələrinə planlaşdırıldığından az vəsait ayrılmasına səbəb olmayacaq. “Sabah” klubunun 17-18 yaşlı legionerləri dəvət etməsinə gəlincə, ilk növbədə qeyd etmək istəyirəm ki, bu, kütləvi xarakter daşımır. Gənc legionerləri kluba cəlb edərək onları peşəkar futbolçu kimi yetişdirmək, artıq peşəkarlaşmış legionerləri cəlb etməkdən qat-qat ucuz başa gəlir. İkinci növbədə isə onu bildirmək istəyirəm ki, “Sabah” uşaq və yeniyetmə futboluna AFFA-nın bütün klublara ayırdığı 500 000 manatdan qat-qat artıq vəsait xərcləyir. Yəni, bu legionerlər AFFA-nın vəsaiti hesabına dəvət olunmur.

“Gənclər və İdman Nazirliyi doğru strategiya seçib”

- Xüsusən uşaq futbolunun inkişafı üçün AFFA-nın tək çalışması ciddi fayda verə bilməz. AGİN, Təhsil Nazirliyi, Rayon İcra Hakimiyyətləri, bələdiyyələr, klublar, hamı bu amal uğrunda - Azərbaycan futbolunun gələcəyi üçün bir ürək kimi döyünməlidir. Bu baxımdan hazırda vəziyyət necədir?

- AFFA Azərbaycan futbolunun inkişafı naminə bütün qurumlarla sıx əməkdaşlıq etməyin tərəfdarıdır və işlərini də bu yöndə qurur. AFFA Təhsil Nazirliyi ilə birgə “Məktəblərdə Futbol Dərsi” layihəsini həyata keçirir. Layihənin məqsədi orta məktəb şagirdlərinin sağlam həyat tərzinə istiqamətləndirilməsi, futbolun kütləviliyinin artırılmasıdır. Təhsil Nazirliyi ilə birgə “Bağçalarda Futbol Dərsi” layihəsini də qeyd etmək olar. Bu layihə ölkəmizdə 6 uşaq bağçasında həyata keçirilir. Qadın futbolunun inkişafı məqsədi ilə təşkil edilən 5-8 yaşlı qızlar üçün “Playmakers” layihəsi də Təhsil Nazirliyinin dəstəyi ilə reallaşır. AFFA Gənclər və İdman Nazirliyi ilə də müxtəlif layihələri həyata keçirmək üçün sıx əməkdaşlıq edir. Bildiyiniz kimi, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Ulduz” Futbol Akademiyası yaradılıb və bu Akademiyanın müxtəlif yaş qruplarından olan komandaları AFFA-nın təşkil etdiyi uşaq liqalarında çıxış edirlər. Həmçinin futbolun kütləviliyinin artırılması məqsədi ilə nazirliklə müxtəlif tədbirlər həyata keçirilir. Bundan başqa, AFFA Region Liqasının təşkilatçılığı çərçivəsində müxtəlif rayonların İcra Hakimiyyətləri orqanları ilə də sıx işbirliyi qurur. Klublar barədə geniş danışmağa isə məncə, ehtiyac yoxdur. Hər bir klubun əsas hədəflərindən biri, əlbəttə ki, uşaq futbolunun inkişafı olmalıdır.

- AGİN-lə AFFA arasında işlər necə qurulub? Xaricdə yaşayan azərbaycanlı yeniyetmə və gənc futbolçuların milli komandalarımıza cəlb edilməsinə nazirlik tərəfindən icazə verilmədiyi haqda xəbərlər var. Sizcə, bu futbolumuzun gələcəyi və indisi üçün zərbə deyil?

- Fikrimcə, Gənclər və İdman Nazirliyi təkcə futbolçuların deyil, bütün idmançıların milliləşdirilməsi məsələsində doğru strategiya seçib. Bu proses artıq kütləvi xarakter daşımır, amma gördüyümüz kimi, istisnalar olur. Əgər idmançı həqiqətən çox istedadlıdırsa və ən əsası, o, rəqabətə davamlı yerli idmançının olmadığı mövqeyə cəlb olunursa, nazirlik qərar qəbul edərkən bunu nəzərə ala bilər. Gəlin hazırkı milli komandanın tərkibinə baxaq. Bizdə milliləşdirilmiş neçə futbolçu var? Onların neçəsi himni oxuyur və Azərbaycan dilində danışır? Mən futbolçuların milliləşdirilməsi məsələsinin tamamilə bağlanmalı olduğunu düşünmürəm, sadəcə, bu prosesin kütləvi xarakter daşımamasının tərəfdarıyam.

- Sizcə, insfrastruktur və uşaq futbolunun bu cür bərbad durumda olduğu bir məqamda klubların legionerlərə bu qədər pul xərcləməsi nə dərəcədə düzdür? Ümumiyyətlə, bu problem həllini tapmamış legionerlərin Azərbaycana gəlişinə qadağa qoymaq olmaz? Deyəcəksiniz, o zaman məsələn "Qarabağ" avrokuboklarda uğursuz çıxış edəcək. Amma ağdamlıların da hazırki şəraitdə hansısa avrokubok qazanması möcüzə olar. Yəni, niyə ayrılan vəsait ağılla xərclənmir? Ən azı klublara verilən 3 milyon manatın uşaq futboluna xərclənməsini şərt qoymaq olmaz?

- Mənə elə gəlir ki, klublara legioner dəvət etməyi qadağan etmək olmaz. Hesab edirəm ki, legioner limiti Azərbaycan futbolunun inkişafına kömək etmir, əksinə, ona zərər verir. Amma bu, ayrıca bir mövzudur. Bildiyimə görə, heç bir ölkədə legionerlərə tam qadağa yoxdur. Əgər haradasa belə bir qadağa varsa, o ölkə heç bir halda futbol ölkəsi və ya futbol ətrafında olan bir ölkə sayılmaz. Legionerlərin olmaması Azərbaycanda həm ölkə daxilində, həm də xaricdə marağı kəskin şəkildə azaldar. “Qarabağ”ın avrokuboklarda uğurlu çıxışı olmasaydı, cəmiyyətdə Azərbaycan futboluna maraq çoxdan ölərdi. Şadam ki, belə bir komandamız var. Ümid edirəm ki, digər təmsilçilərimiz də zamanla ölkəmizi avrokuboklarda layiqincə təmsil edə biləcəklər. Əgər güclü və parlaq komandalar, maraqlı milli çempionat olmayacaqsa, Azərbaycan futbolu inkişaf etməyəcək.

"Çox ümid edirəm ki, bizim nəslimiz milli komandamızın futbol üzrə dünya çempionatının final mərhələsində çıxışını görəcək"

- Çempionatın çəkilişi bərbaddır. Bu, çempionatın oyunlarında zaman-zaman VAR-la bağlı narazılıqlara səbəb olur. Bu məsələnin həllini nə dərəcədə əhəmiyyətli hesab edirsiniz? Çəkiliş üçün lazım olan şəraitin yaradılması üçün maliyyə sıxıntısı olduğu bildirilir. Maliyyə problemi varsa, bu və başqa problemlərin həlli də mümkünsüzdür. Azərbaycanın adını ölkədən kənarda hər zaman yüksəldən Balakişi Qasımov AFFA-ya gəlişinin nüfuzuna, imicinə zərər vuracağını düşünmür?

- Federasiya rəhbərliyinin tapşırığı ilə Azərbaycan çempionatının yayımını yaxşılaşdırmaq üçün zəruri vəsait ayrılıb. Hazırda oyunlar Türkiyədən icarəyə götürülmüş iki 12 kameralı PTS vasitəsilə çəkilir. Yaxın zamanda bu avadanlıqlar AFFA-nın sifarişi əsasında hazırlanmaqda olan yeni qurğularla əvəz ediləcək. Artıq bu gün belə görüntü keyfiyyətindəki fərqi aydın görmək mümkündür. İdeal görüntü əldə etmək üçün təkcə müasir texnika kifayət etmir. Keyfiyyətli çəkilişlər üçün stadionlarda minimal zəruri şərait də olmalıdır – kameralar üçün yerlər, işıqlandırma və s. Bu baxımdan, bir çox stadionlarda problemlər mövcuddur. Bəlkə də, sizin toxunduğunuz problemlər məhz buradan qaynaqlanır. Buna görə də biz stadionların lisenziyalaşdırılması zamanı tədricən müəyyən tələblər tətbiq etməyi düşünürük. Həmçinin çox şey insan resurslarından - futbolu çəkən mütəxəssislərdən asılıdır. Bu səbəbdən Bakıya xarici mütəxəssislər dəvət olunub ki, yerli kadrların inkişafına kömək etsinlər. Sizə Volkan bəylə müsahibə götürməyi məsləhət görərdim. O, “CBC Sport” əməkdaşlarının çempionat oyunlarının yayımına hazırlıq və yayım zamanı üzləşdikləri problemlər barədə daha ətraflı məlumat verə bilər. İmicimə gəlincə, belə deyərdim: haqqımda başqalarının nə düşündüyü və nə dediyi məni heç vaxt narahat etməyib və bu gün də narahat etmir. Əminəm ki, insan vicdanı qarşısında təmizdirsə və qanunları pozmursa, imici ilə bağlı heç bir problem olmaz.

- Gəlişinizdən sonra İTV-də futbola çox yer ayrılır. Hətta, iki idman telekanalımızı kölgədə qoymusunuz. Yəqin ki, bu həm də sizin futbol sevginizlə bağlıdır...

- Deyərdim ki, İTV-nin efirində təkcə futbol deyil, ümumilikdə idmana daha çox yer almağa başlayıb. Biz basketbol, güləş, cüdo, eləcə də bədii gimnastika və idman gimnastikasını da göstərmişik. Bu yay isə Olimpiya və Paralimpiya Oyunlarını yayımladıq. Hesab edirəm ki, idman yayımı cəmiyyət üçün vacibdir.

- "Nə? Harada? Nə zaman?" intellektual oyununda mümkün olan bütün mükafatları qazanmısınız, o cümlədən dünya çempionu olmusunuz. Azərbaycanın futbolda dünya çempionu olması bir kənara, dünya çempionatının final mərhələsinə yüksələcəyinə inanırsınızmı?

- Çox ümid edirəm ki, bizim nəslimiz milli komandamızın futbol üzrə dünya çempionatının final mərhələsində çıxışını görəcək. Əgər Azərbaycan futbolunda ədalət və şəffaflıq hökm sürsə, futbol ictimaiyyəti, dövlət və kommersiya strukturlarının etimadı və diqqəti də lazımi, yüksək səviyyədə olsa, bu, sonda futbolumuzun inkişafına səbəb olacaq. Bu çətin işdə hamımıza uğurlar arzulayıram!

(Davamı olacaq)

Anar Şabanoğlu

Seçilən
25
1
sportinfo.az

2Mənbələr