AZ

Lyayen Bakıya gəlmədi və Avropanın iqlim siyasətini ifşa etdi...

Image

Azərbaycanın ev sahibliyi etməyə hazırlaşdığı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) mövcud iqlim böhranının çözümündə həlledici rol oyanayacaq. Eyni zamanda sözügedən tədbir Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə sahəsində effektiv siyasət yürütməsinin göstəricisidir. 

Bununla yanaşı, bir sıra maraqlı qüvvələr Azərbaycanın bu cür qlobal bir tədbirə ev sahibliyi etməsini həzm edə bilmirlər. Onlar sırasında Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin yer alması isə heç cür başadüşülən və qəbuledilən deyil. Ursula fon der Lyayen COP29-a qatılmaqdan imtina etdiyini bildirib. 

Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının tərəf dövlətlərinin 50 prezidenti, 10 vitse-prezidenti, 20 hökumət başçısı və iki vəliəhd şahzadəsi noyabrın 12-dən 13-dək COP29 çərçivəsində Bakıda keçiriləcək Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitinin yüksəksəviyyəli seqmentində rəsmi bəyanatlarla çıxış edəcəklər. Bunlar fonunda Ursula fon der Lyayenin yanaşması ümumən Avropa İttifaqının iqlim probleminə etinasız yanaşdığını göstərir. Halbuki, Avropa İttifaqının bir çox dövlətlərinin iqlim böhranında birbaşa iştirakı var. Digər tərəfdən nəzərə alınmalıdır ki, COP tədbirləri qlobal səviyyədə önəm daşıyır, bütün dövlətlər və cəmiyyətlər arasında kollektiv və qlobal həll yolları tapılması diqqət mərkəzində olur. Bunda iştirakdan yayınmaq iqlim probleminə etinasız münasibətdən başqa heç nə deyil. Zamanında Qərb dövlətləri COP29-un Azərbaycanda keçirilməsini dəstəkləyib və bununla bağlı yekdil qərar qəbul edib. Əgər ev sahibi kimi Bakı seçilibsə, deməli, Azərbaycana inanırlar, etimad göstərirlər. Belə olmasa idi, o zaman Azərbaycanın namizədliyinə qarşı çıxardılar. Maraqlı və təəccüblüdür, Qərb inandığı Azərbaycanın əleyhinə niyə davamlı qarayaxma kampaniyası aparır? Ursula fon der Lyayen nədən burada iştirak edənlər sırasında yer alır? İstənilən halda, Azərbaycan qlobal əhəmiyyətli bu tədbirə uğurla ev sahibliyi edəcək və konfransda dünyanın iqlim gündəliyi geniş müzakirə olunacaq. Lakin Avropa İttifaqının rəhbərinin özünü bu mühüm tədbirdən kənarda qoyması qətiyyən qəbuledilən deyil. 

Burada xatərladaq ki, 2022-ci ilin iyulinda Ursula Fon der Lyayen Azərbaycanda səfərdə olub. Həmin vaxt “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. O vaxt Ursula fon der Lyayen ölkəmizin ünvanına xoş sözlər də səsləndirmişdi: “Azərbaycandan Avropa İttifaqına təchiz edilən qazın həcmini ikiqat artıracağıq. İmzalanan Memorandumla Avropa İttifaqı Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı üzərinə öhdəlik götürüb. Bu, artıq Avropa İttifaqı üçün çox vacib təchizat marşrutudur və onun vasitəsilə ildə 8 milyard kubmetr qaz nəql edilir. Biz bir neçə il ərzində onun ötürücülük imkanını 20 milyard kubmetrə çatdıracağıq. Gələn ildən biz 12 milyard kubmetr göstəriciyə çatacağıq, beləliklə Rusiyadan qaz təchizatının həcmini azaldacağıq və Avropanın təchizat təhlükəsizliyinə ciddi töhfə verəcəyik”. O vaxt Azərbaycan Avropanın xilaskarı kimi də təqdim edilirdi. 

İndi isə Azərbaycan bütün planetin xilasına çalışır. Məsələ burasındadır ki, ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan rasional istifadə, su, torpaq və atmosfer havasının çirklənmədən mühafizə edilməsi ümumbəşəri problemə çevrilib. Dünyada demoqrafik artımla yanaşı, istehlakın kəskin artması, qlobal istiləşmə, ozon qatının zədələnməsi, təbii ehtiyatların tükənməsi kimi narahatlıq doğuran məsələlər ətraf mühitlə bağlı düşüncə və fəaliyyətlərə də öz təsirini göstərib. Qlobal ekoloji böhran şəraitində iqtisadiyyat, cəmiyyət və ətraf mühit arasında zəruri balansın saxlanması yalnız inkişafın yeni ekoloji təhlükəsiz və iqtisadi baxımdan optimal modelinin formalaşdırılması hesabına ola bilər. Bu kontekstdə hazırda əsas prioritet davamlı inkişafın məqsədlərinin reallaşdırılması üzrə qlobal, regional və milli alətlərin əlaqələndirilməsidir. Azərbaycan da buna çalışır və dünyanı, o cümlədən Avropa İttifaqını prosesdə aktiv iştiraka dəvət edir. Lakin Ursula fon der Lyayen hərəkəti Avropa İttifaqının yenə məsuliyyətdən qaçmağa çalışdığını göstərir. Dünya planeti ən çox çirkləndirən Avropa İttifaqı ölkələrindən yeni iqlim mliyyəsi gözlədiyi halda, təşkilat fərqli addım atır, onun rəhbərliyi məsuliyyətdən yayınmaq üçün COP29-a gəlmir. Halbuki, dünyanı narahat edən qlobal problemlərdən biri də iqlim dəyişmələridir. Bu təhlükəli halın canlı aləmə təsiri dünya ictimaiyyətini getdikcə daha çox narahat edir. İstixana qazlarının emissiyalarının artması isə yer səthi və atmosferin əlavə olaraq istiləşməsini şərtləndirir. İqlim dəyişmələri təbii ekosistemlərə, eləcə də məhsuldarlığa mənfi təsir göstərir ki, bu da bəşəriyyəti təhlükəyə məruz qoya bilər. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının əsas məqsədi iqlim sistemində təhlükəli antropogen müdaxilənin qarşısını ala biləcək səviyyədə istixana qazlarının atmosferdə konsentrasiyalarının sabitləşməsinə nail olmaqdır. Amma sənayəsinin inkişafına xüsusi diqqət edən Avropa İttifaqı istixana qazlarının yaratdığı problemlərin həllinə töhfə vermək istəmir. Burada onu da qeyd edək ki, COP29 konfransı Cənubi Qafqaz üzərində geopolitik savaşın gücləndiyi, açıq müstəviyə keçdiyi bir dönəmə təsadüf edir. Azərbaycan öz potensialından faydalanaraq, regionu bu savaşdan kənar tutmağa, bölgədə sülhü, sabitliyi qorumağa çalışır. Təbii ki, belə mövqe region üzərində məkrli planlar qurmuş geosiyasi savaş oyunçuları tərəfindən mənfi qarşılanır. Qərbdə bəzi dairələrin COP29-a qərəzli münasibəti də məhz bundan qaynaqlanır. 

Samirə SƏFƏROVA





Seçilən
85
50
baki-xeber.com

10Mənbələr