AZ

Alimlər heyrətdə: Delfinlər köpəkbalıqlarını pusquya salır

ABŞ və Meksika okeanoloqları heyrətamiz bir kəşf ediblər - Kaliforniyanın cənub sahillərində planetimizin ən böyük balığı olan balina köpəkbalığını müntəzəm olaraq ovlayan unikal delfin qrupu yaşayır.

Ölkə.Az Oxu.Az-a istinadən xəbər verir ki, alimlərin altıillik müşahidələrinin nəticələri nüfuzlu "Frontiers in Marine Science" elmi jurnalında dərc edilib.

Alimlər bildiriblər ki, "Moktezuma" ləqəbi verilən erkək delfinin başçılıq etdiyi qrup balina köpəkbalıqlarını ovlamaq üçün xüsusi taktika hazırlayıb.

"Onlar nəhəng balıqların qarın üzgəclərinə zərbələr endirərək qanaxmaya səbəb olurlar. Bu, delfinlərə köpəkbalığının yağla zəngin qaraciyərinə çatmağa imkan verir", - deyə meksikalı okeanoloq Erik Rivas bildirib.

Qeyd edək ki, balina köpəkbalıqları Yer üzündəki ən böyük və ən uzunömürlü balıqlardır. Onların uzunluğu 12 metrə çatır və çəkisi 20 tonu keçir. Digər köpəkbalıqlarından fərqli olaraq, bu nəhənglər mikroskopik zooplanktonlarla qidalanır və insan üçün tamamilə təhlükəsizdir. Təəssüf ki, onların populyasiyası son onilliklərdə sürətlə azalır və buna görə də nəsli kəsilməkdə olan növlər siyahısına daxil ediliblər.

Alimlər hesab edirlər ki, balina köpəkbalıqlarının ovu delfinlər üçün anadangəlmə instinkt deyil, qazanılmış davranışıdır.

Qeyd edək ki, bu unikal ov taktikası yalnız "Moktezuma" adlı erkək delfinin başçılıq etdiyi bir qrupda müşahidə edilib. Bu kəşf həmin davranışı gələcək tədqiqatlar üçün xüsusilə maraqlı edir.

Seçilən
71
50
olke.az

10Mənbələr