Ankarada I Beynəlxalq Mediasiya Şurasının iclası başlayıb. Tədbir Türk Dünyası Arabulucular Birliyinin təşkilatçılığı və TİKA, YTB, Türkiyə Vəkillər Kollegiyası və bir sıra universitetlərin dəstəyi ilə keçirilir.
QHT.az xəbər verir, açılışda Türk Dünyası Mediatorlar Şurasının rəhbəri Yakup Erikel barışıq mədəniyyətinin möhkəmləndirilməsinə dair missiyadan danışaraq Azərbaycan Mediatorlar Şurasına təşkilati töhfələrinə görə təşəkkür edib. Azərbaycan Mediasiya Şurasının rəhbəri Nadir Adilov Prezident İlham Əliyevin Türk dünyası ilə əlaqələrin inkişafına verdiyi əhəmiyyətə toxunaraq ölkəmizdə mediatorlara göstərilən qayğını yüksək qiymətləndirib.
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiya proseslərinin vacibliyini vurğulayıb, Türk Dövlətləri Təşkilatını uğurlu əməkdaşlıq platforması kimi qiymətləndirib. Türkiyənin Ədliyyə naziri Yılmaz Tunç mediasiya sisteminin əhəmiyyətindən danışaraq, bu sahədəki inkişafın TDT ölkələrində mövqelərin yaxınlaşmasına töhfə verdiyini bildirib.
Üç gün davam edəcək tədbirdə seminarlar və müzakirələr də nəzərdə tutulub.