AZ

Sülh üçün iki yol təklif edildi: Birinci variant belədir

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Bu aydan Azərbaycanla Ermənistan arasında yenidən aktiv formada sülh danışıqlarının bərpa olunacağı açıqlanmışdı. İlin sonuna çox az vaxt qalıb. Amma Nikol Paşinyan ilin axırına kimi sülhün əldə edilməsinin mümkünlüyündən danışıb. Gözləntilər nədən ibarətdir? İlin bitməsinə 27 gün qalıb. Bu müddətə konseptual sülh müqaviləsinin imzalanması nə dərəcədə məntiqlidir?

- Noyabrda Bakıda COP29 tədbirləri keçirildiyinə görə, Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına ara verilmişdi. Ona görə də bu ayda iki tərəf arasında görüşlər, fikir mübadiləsi aparıla bilər. Adətən, dekabr ayında ATƏT-in illik toplantıları olur. Bu toplantılarda xarici işlər nazirləri iştirak edir və burada müəyyən fikir mübadiləsi aparılır. Amma bütün məsələlər yenə də Ermənistan konstitusiyasından asılıdır. Əslində, burada yeganə əngəl elə budur. Qalan məsələlər isə ya həll edilib, ya da ki, həllinə yaxınlaşılıb. Artıq sərhəd məsələlərində danışıqlarda irəliləyişlər var, müəyyən hissələrdə dəqiqləşmələr yekunlaşıb. Eyni zamanda dəhlizlə bağlı danışıqlar davam edir. Hökumətlərarası görüşlər keçirilir. Yekun sülh sazişi isə Ermənistan konstitusiyası və mütəqillik bəyannməsindəki Azərbaycana qarşı olan ərazi iddiasını ehtiva edən müddəanın aradan qaldırılmasından asılıdır. Paşinyan da həmin bəyannamənin konstitusiyaya salınmasını doğru hesab etmir. İndi Paşinyandan tələb olunan odur ki, hansısa yolla həmin müdəaların konstitusiyadan çıxarılmasına nail olsun. İlin sonuna kimi referendum keçirib, həmin məsələləri həll etmək mümkün deyil. Bununla bağlı addım atılsa, sülh sazişinin imzalanması sürətlənəcək. Beləliklə, qısa zamanda sülh sazişini imzalamaq mümkün olacaq. Bu baxımdan, ilin sonuna az vaxt qaldığı üçün sülh sazişini imzalamaq alınmayacaq. Ona görə də sülhlə bağlı bütün ümidlər gələn ilə qalıb.

- Ermənistan müstəqillik bəyannaməsində Azərbaycana qarşı ərazi iddiasını aradan qaldırmaqla konstitusiyanın da istinadı yoxa çıxır. Bu məsələdə həll mexanizmi necədir?

- Bir müddət öncə, Ermənistan konstitusiya məhkəməsinin Azərbaycanla sərhədlərin reqlamentinə dair bir qərarı oldu. Bu qərarda konstitusiya və bəyannaməyə istinad edilmədi. Bunu Paşinyan da dilə gətirdi. Amma bu Azərbaycanı qane etmir. Bakının tələbi odur ki, həmin məsələlər ümumiyyətlə konstitusiyadan və bəyannamədən çıxarılsın. Çünki Paşinyanın yerinə gələcək sonrakı şəxs iddia edə bilər ki, həmin məsələlərə istinad onun üçün əhəmiyyətlidir və s.

- Çıxış yolu nədən ibarətdir?

- Burada iki yol var. Ermənistan parlamentində səsvermə yolu ilə həmin məsələləri həll etmək mümkündür. Eyni zamanda referendum yolu ilə bu hallar aradan qalxmalıdır.

- Bakı üçün məqbul olan variant hansıdır?

- Azərbaycan referendum yolu ilə məsələnin həllinə tərəfdardır. Çünki bu halda erməni xalqı məsələyə münasibət bildirəcək. Çünki Ermənistanda sonradan formalaşacaq hakimiyyət artıq həmin əsassız müddəalara istinad edə bilməyəcək. Vaxtilə Ermənistan parlamentinin qərarı ilə bəyannamədəki əsassız müddəa konstitusiyaya daxil edildiyi üçün qanunverici orqanın bu məsələni həll etməsi mümkündür. Bu çıxış yollarından birini seçmək Paşinyanın işidir. O, bu məsələlərdən qurtulmaqla bağlı açıqlama verməlidir. Bu da danışıqlar prosesini ciddi şəkildə sürətləndirəcək. Özü də alnamalıdır ki, həmin bəndlər aradan qaldırılmayınca, Azərbaycanla sülh sazişi imzalamaq mümkün deyil. Ermənistan tərəfi bu gün çalışır ki, regional layihələrə qoşulsun. Hətta Paşinyan da etiraf edir ki, regional kommunikasiya xəttlərinin 70 faizi Ermənistan üçün bağlıdır. Çünki onun iki böyük qonşusu ilə münasibətləri yoxdur. Sülh sazişini imzalamaqla regional kommunikasiya xətləri də açılacaq. Beləliklə, Ermənistanın Türkiyə ilə münasibətləri normallaşacaq.


Müəllif: Tapdıq Qurbanlı
Seçilən
48
50
teleqraf.com

10Mənbələr