Böyük Britaniyanın "The Guardian" və "The Observer" qəzetlərinin əməkdaşları 50 ildən bəri ilk dəfə ikigünlük tətilə çıxıblar.
hakimiyyet.az-ın "The Daily Telegraph"a istinadla verdiyi məlumata görə, bu barədə Milli Jurnalistlər İttifaqı (National Union of Journalists, NUJ) bəyanat yayıb.
Bu addıma səbəb kimi "The Observer" həftəlik qəzetinin "Tortoise Media" xəbər portalına mümkün satışı ilə bağlı danışıqlar göstərilib.
Onlarla mətbuat işçisi çərşənbə günü London şəhərində "The Guardian" və "The Observer"in sahibi olan "Guardian Media Group" (GMG) media şirkətinin qərargahı qarşısında etiraz piketinə çıxıb.
Qeyd olunur ki, tətil dünyanın ən qədim bazar günü qəzeti olan "The Observer"in ilk nömrəsinin çıxmasının 233-cü ildönümündə keçirilir. Jurnalistlər nəşrin satışı ilə bağlı danışıqların onlarla məsləhətləşmədən aparılmasından narazı olduqları üçün tətilə başlamaq qərarına gəliblər.
NUJ bildirib ki, "The Guardian" jurnalistləri son dəfə 1971-ci ildə Britaniya Həmkarlar İttifaqları Konqresi tərəfindən əlaqələndirilən ümummilli tətildə iştirak ediblər.
O da vurğulanır ki, "The Guardian"ın bir sıra jurnalistləri tətildə iştirak etməkdən imtina ediblər. Tətil qərarı səsvermə yolu ilə qəbul edilib: NUJ-un üzvü olan hər iki nəşrin əməkdaşlarının 93%-i 75% iştirak səviyyəsi ilə aksiyanı dəstəkləyib.
Tətilə baxmayaraq, "The Guardian" çap formatında çıxmağa və saytında xəbərlər yerləşdirməyə davam edəcək. Eyni zamanda, bəzi materiallarda onların əvvəlcədən yazıldığı qeyd olunacaq.