AZ

Gənclərin fəal iştirakı ən böyük ehtiyaclardandır - NAZİR

Bu gün dünyanı narahat edən qlobal problemlərdən biri iqlim dəyişmələri və onun ətraf mühitə mənfi təsirləridir. Son illər iqlim dəyişmələrinin təsiri ilə bağlı planetimizdə təbii fəlakətlərin sayı xeyli artıb. Dünyanın bir sıra ölkələrində baş verən sel və daşqın hadisələri, torpaq sürüşmələri və digər təbiət hadisələrinin coğrafiyası ildən-ilə genişlənməkdədir. Bu da insan sağlamlığı və ətraf canlı aləmə zərərli təsir göstərməklə yanaşı, iqtisadiyyat və bizneslər üçün də ciddi risklər yaratmaqdadır. SİA xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev dekabrın 5-də Bakıda keçirilən Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan Respublikası iqlim dəyişmələrinə həssas, inkişaf etməkdə olan ölkə, beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələri ilə mübarizəyə öz töhfəsini verir. Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürmüşdür. Bu il ölkəmiz qlobal miqyasda metan emissiyalarının 30 faiz azaldılmasını hədəfləyən “Qlobal Metan Vədi” təşəbbüsünə də qoşulub. Bu hədəflərə nail olmaq məqsədilə son illərdə siyasi, iqtisadi və qanunvericilik islahatları aparılır.

Gənc nəslin ekoloji problemlərə olan münasibətinin təqdirəlayiq olduğunu deyən nazir müavini qeyd edib: “Gələcəkdə gənclərimiz bu sahədə daha da fəal rol oynayaraq ekoloji hüquqları və təbiətin qorunmasını prioritet məsələ kimi qəbul edəcəklər. Onların iqlim dəyişikliyi ilə mübarizə prosesində aktiv iştirakı dünya miqyasında ətraf mühitin müdafiəsinə yönəlmiş addımların effektivliyini artıracaq.

İqlim dəyişikliyinə qarşı mübarizə yalnız dövlət siyasəti deyil, eyni zamanda, gənclərin fəal iştirakı ilə davamlı və səmərəli olması gərəkli bir məsələdir. Həmin mübarizənin davamlı və səmərəli olması üçün gənclərin fəal iştirakı vacibdir. Bu, təhsilin, maarifləndirmənin və yeni nəslin məsuliyyətli və ekoloji cəhətdən məlumatlı yetişdirilməsinin vacibliyini bir daha sübut edir.

Gənclərin iqlim dəyişikliyi ilə mübarizədə fəal iştirakı bu günümüzün və gələcəyimizin ən böyük ehtiyaclarından biridir. Bu məqsədlə mütəmadi olaraq həyata keçirilən ekoloji maarifləndirmə tədbirləri uşaq və gənclərdə ekoloji şüurun formalaşmasına, ətraf mühitin qorunmasının əhəmiyyətinin dərk edilməsinə və onların bilik və bacarıqlarının artırılmasına töhfə verir”.

Seçilən
22
1
sia.az

3Mənbələr