AZ

“Suriyada Güney Qafqazın da taleyi həll olunur” - ŞOK GƏLİŞMƏ

Türkiyə prosesdən uduşlu çıxacaq; Ərdoğan: “Müxalifətin hədəfi Dəməşqdir, Əsədə demişdik ki...”

Suriyada müxalif qüvvələrin Bəşər Əsəd rejiminə qarşı uğurlu əməliyyatları davam edir. Artıq rejim qüvvələri ölkənin 4 iri şəhərindən biri olan Həmadan da geri çəkilib. Suriya ordusu bəyanat yayaraq Hama şəhərinə nəzarəti itirdiklərini elan edib.

Hələb şəhərinin müxalif qüvvələr tərəfindən nəzarətə götürülməsindən sonra isə Türkiyənin Hatay və ətraf vilayətlərində yaşayan suriyalıların öz ölkələrinə qayıtmağa başladığı bildirilir. Onlardan biri Aya Abdussalam 7 ildir Türkiyədə yaşadığını açıqlayıb: “Hatayda məskunlaşmışdım. Hələb azad edildi. Doğma şəhərimizə gedirik. Türkiyəyə çox təşəkkür edirəm”. 

Dünən Suriya müxalifət qüvvələri Homs şəhərinə doğru irəliləyib. Suriya dövlət televiziyası müxalif qüvvələrin Homsdan 5 km məsafədə olduğunu bildirib.

Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan Suriyada baş verənlərə münasibət bildirib.

APA NTV-yə istinadən xəbər verir ki, Türkiyə lideri Suriya Prezidenti Bəşər Əsədə çağırış etdiklərini xatırladıb.

“Müxalifət İdlib, Hama, Homsu aldı, hədəf, təbii ki, Dəməşqdir. Müxalifətin bu yürüşü davam edir və ümid edirik ki, bu, insidentsiz və problemsiz davam edəcək. Əsədə çağırış etmişdik. ”Gəlin Suriyanın gələcəyini birlikdə müəyyən edək" demişdik. Ancaq müsbət cavab ala bilmədik", - Ərdoğan vurğulayıb.

Ümumilikdə proseslərin Türkiyənin maraqlarına uyğun inkişaf etdiyini söyləmək mümkünmü? 

Bu arada qatı antitürk mövqeyi ilə tanınan erməni iranşünas Vardan Voskanyan iddia edib ki, Hələbdə təkcə Suriyanın deyil, bütün bölgənin, o cümlədən Cənubi Qafqaz regionunun taleyi həll olunur (Axar.az). 

“Hökumət qüvvələrinin ciddi uğurlarından danışmaq hələ tezdir, lakin aydındır ki, Yaxın Şərqdə həmişə olduğu kimi, hər şey yenidən döyüş meydanında həll edilir”, - Voskanyan bildirib.

Qeyd edək ki, İranın Suriyadakı son hərbi toqquşmalara başının qarışacağından narahat olan erməni ekspertlər Ermənistanın sərhəddə “yeganə təhlükəsizlik qarantı” saydıqları Tehranın İrəvandan diqqətinin yayına biləcəyindən ciddi əndişə keçirirlər. Onların fikrincə, İran Suriyaya yönələrsə, Ermənistan Azərbaycanın şərtlərini qəbul etməyə, o cümlədən 10 noyabr bəyanatına uyğun olaraq, Zəngəzur dəhlizini aça bilər.

“İran Suriyada yaranan siyasi böhrandan çıxmaq məqsədilə bu ölkəyə müxtəlif silahlı qrupları göndərmək qərarına gəlib”. Bu barədə isə “Anadolu” agentliyinin fars redaksiyasının rəhbəri Oğuz Akkar məlumat verib. “İran Suriyada ”Fatimiyyun" (Əfqanıstan şiələri) və “Zeynəbiyyun” (Pakistan şiələri) qüvvələrini gücləndirmək üçün tədbirlər görür", - Akkar vurğulayıb və əlavə edib ki, İran həmçinin, Suriyaya erməni əsgərlərini göndərmək üçün Ermənistan ordusunun rəsmiləri ilə danışıqlar aparıb.

Mütəllim

Mütəllim Rəhimli

Ədalət Partiyasının sədr müavini, siyasi şərhçi Mütəllim Rəhimli “Yeni Müsavat”a bildirdi ki, Suriya uzun müddətdir bir dövlət kimi öz ərazisində suverenliyini həyata keçirə bilmir, öz vətəndaşlarının təhlükəsizliyini təmin etmir. Faktiki olaraq Suriya dövlət kimi öz funksiyalarını xeyli müddətdir ki, yerinə yetirmir. Bəşər Əsədi artıq ölkənin dörddə üçü öz prezidenti hesab etmir. Belə bir situasiyada Suriyadakı qruplaşmaların təsir mexanizmi olmayan hökumətə qarşı silahlı müqavimətə qalxması təbii sayılmalıdır: “İnsanlar öz müqəddəratlarını təyin etmək uğrunda mübarizəyə qalxıblar. Suriyada hazırda baş verən hadisələri belə qiymətləndirmək daha doğru olar.  Hazırda Türkiyədə milyondan çox suriyalı qaçqın məskunlaşıb. Onlar Türkiyə üçün artıq kifayət qədər ağır yükə çevrilib. Bu insanların öz doğma torpaqlarına qayıtmalari lazımdır. Bu da indiki halda Türkiyədən cəsarətli addımlar tələb edir. Belə ki, Türkiyə sərhədinə bitişik ərazilərdə təhlükəsizliyin təmin olunmasına nail olmalıdır. Xüsusilə, Suriyanın müxtəlif etnik qruplaşmaların döyüş məkanına çevrildiyi indiki zamanda qəti addımlar atmalıdır. Həm sərhədlərinə bitişik ərazilərdə terrorçu qruplaşmaların kök salmasına, həm də türk mənşəli insanların tək qalmasına icazə verməməlidir. Bunun üçün nə lazımdırsa etməlidir. Proseslərin indi tamamilə Türkiyənin maraqlarına uyğun olduğunu söyləmək üçün əlimizdə faktlar yoxdur. Lakin bu prosesi Türkiyənin tamamilə  öz xeyirinə inkişaf etdirməsi üçün şanslar var”.

Məhəmməd

Məhəmməd Əsədullazadə 

Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə isə bildiri ki, Suriyada yaşananları fərqli şəkildə yorumlayanlar var. Suriyadakı gəlişmələrdən ən çox rahatsız İran və Fransadır. PKK-YPG-nin qalalarından birincisi olan Tel Rıfat, hansı ki, altında tunellərdən ibarət ayrıca bir şəhər salmışdılar, artıq həmin ərazi tam təmizlənib. İkinci qalaları olan Minbiç uğrunda əməliyyat davam edir və bir-iki günə oranın da terrrorçulardan azad ediləcəyi bildirilir. Əksər beynəlxalq media strukturları bu hadisələrdən ən çox qazananın, sahədə və masada əli güclənənin Türkiyə olduğunu yazır: “Suriyada müharibə yeni mərhələyə keçib. Dörd il bundan əvvəl aparılan müharibədən fərqli olaraq hazırkı döyüşlərdə Bəşər Əsəd  və müttəfiqləri xeyli zəifləyib. Əsədin dörd il ərzində siyasi iradə ortaya qoymaması, müxalifət və Türkiyə ilə danışıqlardan yayınması, onu hazırkı vəziyyətlə üzləşdirdi. Dörd il ərzində Suriya üzrə heç bir siyasi həll yolu axtarılmadı. Movcud status-kvonun saxlanılması Əsədi, Moskva və Tehranı qane edirdi. Məhz Suriyada siyasi həll yolu labüd idi. Dörd il ərzində davam edən status -kvonun davam etməsi isə, Türkiyənin təhlükəsizliyini və regional sülhün əldə edilməsini çətinləşdirirdi. 

Bəşər Əsəd hakimiyyəti Yaxın Şərqdə Rusiya və İranın geosiyasi mövqelərinin güclənməsinə xidmət edərək, Fələstin dövlətinin yaradılmasını da əngəlləyir. Həmçinin Şimali Suriyada yeni bir PKK-YPG dövlətinin qurulmasına zəmin yaradırdı.  Təbii ki, Türkiyə proseslərin öz əleyhinə çevrilməsini seyr edə bilməzdi. 

Hazırda Türkiyə Suriyada yeni bir siyasi nizam qurur. Bu prosesin qarşısını İran ala bilməyəcək. İran Yaxin Şərqdə kifayət qədər zəifləyib. Rusiya isə, müharibəyə qoşulmaq niyyətində deyil. Artıq Suriyanın strateji şəhərləri Hələb, Həma müxalifətin nəzarətinə keçib. Homs və Latakiyaya hücumlar fonunda  rejim qüvvələri silahları qoyub qaçır. Göründüyü kimi, Suriya ordusu şimal istiqamətində ciddi döyüşməyərək mövqelərindən geri çəkilir. 

Suriyada döyüşən “Azad Suriya Ordusu”və “Heyət Təhrir əş-Şam” (THŞ) silahlı qrupları Dəməşqə doğru irəliləyəcəksə, Əsəd ordusu müqavimət göstərə bilməyəcək. “Heyət Təhrir Əş-Şam” silahlı təşkilatın rəhbəri Colani idarəetməni əlində tutmayacağını və keçid hökumətinə təhvil veriləcəyini elan edib. Həmçinin Əsəd devriləndən sonra, təşkilatin buraxılacağını elan edib.

Görünən odur ki, Türkiyə prosesləri çox ciddi şəkildə idarə edir. Azad Suriya Ordusu və HTŞ təşkilati Suriyada azad şəkildə fəaliyyət göstərə bilməz. Türkiyə PKK-YPG terror təşkilatını da Şimal-şərqi Suriyadan çıxaracaq. Qardaş Türkiyənin bu prosesdən güclənərək çıxması isə təbii ki, Cənubi Qafqaza da müsbət təsirlərini göstərəcək. Türkiyənin bu bölgədə də nüfuzunun artmasına gətirib çıxaracaq".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”



Seçilən
55
50
musavat.com

10Mənbələr