AZ

Zəngəzur dəhlizi ilə bağlı yeni təklif

Türkiyənin nəqliyyat və kommunikasiyalar naziri Abdülkadir Uraloğlu parlamentin plenar iclasında 2025-ci il büdcəsinin müzakirəsi zamanı çıxışında Zəngəzurdan keçən yolun məsələsini qaldırıb:

“Vacib layihələrimizdən biri də Zəngəzur keçididir ki, bu keçidlə Azərbaycan, Mərkəzi Asiya və Uzaq Şərqə birbaşa çıxışımız olacaq”. 

Abdulkadir Uraloğlunun bu açıqlaması Zəngəzur dəhlizi məsələsinin Türkiyənin Cənubi Qafqaz və Mərkəzi Asiya siyasəti üçün əsas prioritet olaraq qaldığını göstərir. Yəni, rəsmi Ankara Türkiyə vasitəsilə Avropa və Çin arasında nəqliyyat-ticarət əlaqəsini təmin edəcək “Orta dəhliz”in Zəngəzurdan keçməklə reallaşmasında maraqlıdır. Türkdilli dövlətlərin xüsusilə “Orta dəhliz”in üzərində yerləşdiyini nəzərə alsaq, Zəngəzurdan nəqliyyat-kommunikasiya əlaqələlərinin açılması Türkiyənin Cənubi Qafqazda və Mərkəzi Asiyada yalnız geoiqtisadi imkanlarının deyil, həm də geosiyasi təsirinin artmasına səbəb ola bilər. 

Eyni zamanda, Rusiyanın Avropa bazarlarına çıxış yollarının bloklanması fonunda Türkiyə Şərqlə Qərb arasında əsas tranzit məkana çevrilmək fürsəti qazanıb. Uraloğlunun “vacib layihələrimiz” ifadəsini işlətməsi Zəngəzurdan kommunikasiyaların açılması məsələsinin yalnız Azərbaycanla Ermənistan arasında deyil, Türkiyə -Ermənistan müstəvisində də müzakirə olunduğunu deməyə əsas verir. 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanın Baş naziri Nikol Paşinyanla sentyabr ayında Nyu-Yorkda və noyabrın 7-də Macarıstanda görüşləri Zəngəzur dəhlizi ilə bağlı ikitərəfli müzakirələrin fəallaşmasına təkan vermişdi. Hətta Türkiyə ilə Ermənistanın nəqliyyat və infrastruktur nazirlərinin oktyabrın 16-da İstanbulda keçirilən qapalı görüşü kommunikasiyaların açılacağına dair ümidləri artırmışdı. 

Lakin Ermənistanın “Zəngəzur dəhlizi” ifadəsi ilə razılaşmaması hələ də ortaq mövqenin tapılmasına mane olur. Bu baxımdan, Türkiyə regional nəqliyyat-tranzit əlaqələrinin işə düşməsi üçün kompromis variantlar təklif edə bilər. Qeyd edilən kontekstdə Uraloğlunun “dəhliz” əvəzinə “keçid” terminini işlətməsi diqqəti cəlb edir. 

Xatırladaq ki, hələ oktyabr ayında Ermənistan mediası Türkiyə tərəfinin Zəngəzur dəhlizi əvəzinə “Orta dəhliz” adlanan razılaşmanın imzalanmasını təklif etdiyini yazmışdı. Lakin Ermənistan “Sülh kəsişməsi” layihəsini ortaya atmaqla Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasında nəqliyyat-kommunikasiya əlaqələrinin açılmasından yayınır. 

Zəngəzurdan nəqliyyat marşrutlarının açılması isə yalnız 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli Bəyanatın 9-cu bəndində nəzərdə tutulub. Ermənistan isə bu öhdəlikdən imtina etməklə yalnız Azərbaycana deyil, həm də Türkiyənin regiona daxil olmasına maneə yaratmağa çalışır. 

Zəngəzurdan nəqliyyat-kommunikasiya əlaqələrinin açılması ilə bağlı başqa bir layihənin həyata keçirilməsi üçün yeni formatda, yəni Azərbaycan, Ermənistan və Türkiyə arasında birgə sənədin imzalanması lazımdır. Belə bir razılaşma olarsa, orada Zəngəzurdan keçən nəqliyyat-kommunikasiya marşrutlarının “yol”, “dəhliz”, yoxsa “keçid” adlanacağı danışıqlar zamanı müəyyənləşə bilər. Abdulkadir Uraloğlunun işlətdiyi “keçid” ifadəsi isə daha çox “tranzit” mənasını ifadə edir. 

Doğrudur, Türkiyə tərəfi “keçid” deməklə “dəhliz” anlayışından imtina etmir. Çünki dəhliz özü də tranzit məkandır. 10 noyabr Bəyanatı da Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasında nəqliyyat vasitələrinin, malların və vətəndaşların təhlükəsiz keçidini nəzərdə tutur. Ancaq türkiyəli nazirin “dəhliz” sözünü işlətməkdən yan keçdiyini də görmək olar. Bu isə Ermənistana verilən kompromis variant mesajıdır.

Yəni, Ermənistan Zəngəzurdan keçən nəqliyyat-kommunikasiya xətlərinin açılmasını təmin edərsə, yeni imzalanacaq sənəddə eksterritorial dəhlizin yaradılmasından imtina edən başqa razılaşma öz əksini tapa bilər. Xatırladaq ki, Azərbaycan belə bir variant kimi “Kalininqrad modeli”nin tətbiqini təklif edib. Lakin Ermənistan bunu da qəbul etməyib. Buna baxmayaraq, Uraloğlunun açıqlaması tərəflər arasında ümumi mövqeyin tapılması imkanlarının qaldığını göstərir. Yeganə problem 10 noyabr Bəyanatına görə Zəngəzur dəhlizinin təhlükəsizliyini təmin etməli olan Rusiya ilə yarana bilər. 

Ermənistan-İran sərhədində qoşun yerləşdirmiş və Cənubi Qafqaz Dəmir Yollarının konessiya idarəçiliyinə malik olan Rusiya 10 noyabr Bəyanatından kənar Zəngəzur vasitəsilə nəqliyyat marşrutlarının açılmasına mane olmağa çalışacaq.

Seçilən
14
50
cebheinfo.az

10Mənbələr