AZ

Əsəd İrəvanı çarpaz zərbələrə hədəf etdi: Suriyanı uduzan Kreml indi Ermənistanı "vurmağa" məcburdur

Suriyada bütün hərbi bazaları çıxarıldıqdan sonra Rusiya öz geopolitik hədəflərini yalnız Ermənistan üzərində indeksləşdirmək məcburiyyətində qala bilər... Cənubi Qafqazdakı mövqelərini Azərbaycan-Türkiyə İttifaqına təhvil verməkdə olan Rusiya üçün Qərbin nəzarəti altına düşən Ermənistan indi yeganə regional istinad məkanına çevrilmək üzrədir...
Suriyada Bəşər Əsəd rejiminin çökməsi Ermənistan cəmiyyətində də neqativ əhval-ruhiyyə yaradıb. Suriyanı beynəlxalq məkanda təmsil edən Əsəd rejimi Ermənistan üçün geopolitik əhəmiyyət daşıyırdı. Çünki Suriyanın devrilmiş prezidenti Bəşər Əsəd ərəb dünyasında Ermənistanın ciddi dəstəkçilərindən biri kimi tanınırdı. Və artıq Suriyanın öz xalqına zülm etmiş diktatoru hakimiyyətdə deyil, son anda ölkədən qaçmağa imkan taparaq, Rusiyaya sığınmaq məcburiyyətində qalıb.
 
Ancaq nə qədər qəribə də olsa, Ermənistan cəmiyyətində yaşayan təlaş əslində, sadəcə, ermənipərəst diktatorun devrilməsi ilə bağlı deyil. Əksinə, Ermənistan siyasi dairələri Əsəd rejiminin çöküşündən sonra yaranmış vəziyyətdən əndişə duyurlar. Yəni, erməni siyasi düşüncəsinə görə, Əsəd rejiminin sıradan çıxarılmasının doğra biləcəyi nəticələr Ermənistan üçün yalnız neqativ məzmun daşıyır. Və bunu da daha çox geopolitik faktorlarla arqumentləşdirməyə çalışırlar.
 
Məsələ ondadır ki, Əsəd rejiminin çöküşündən sonra Suriya daxilində təsir dairələri dəyişərək, yenidən formalaşdırılmağa başlayıb. Eyni zamanda, bu, bütövlükdə Yaxın Şərqdə qüvvələr nisbətinin dəyişməsinə də münbit şərait yaradıb. Hər halda, bu prosesin Cənubi Qafqaza qədər uzanaraq, Ermənistanın gələcək taleyində təsir göstərə biləcəyi qətiyyən istisna edilmir. Və belə ehtimalın getdikcə daha ön plana keçməsi Ermənistanın siyasi dairələrində əsl xof effekti yaradır.
 
Onu da qeyd etmək lazımdır ki, əvvəllər Suriya böyük ölçüdə Rusiya, İran və Türkiyə arasında təsir dairələrinə bölünmüş vəziyyətə düşmüşdü. Rusiya və İran ortaq şəkildə Əsəd rejimini dəstəkləyirdi. Türkiyə sərhəd bölgəsində fəal hərbi mövqelərə malik idi. Üstəlik, ABŞ da həm Suriyada yerləşdirdiyi hərbi bazalar, həm də Ağ Evin müttəfiq elan etdiyi PKK/YPG terror təşkilatı üzərindən bu ölkədə dayaqlanmışdı. Və belə vəziyyət adıçəkilən dövlətlər arasında kəskin geopolitik ziddiyyətlərə yol açırdı.
 
İndi situasiya ciddi şəkildə dəyişib. Əsəd rejimi artıq mövcud deyil. Bunun nəticəsində Rusiya və İran Suriyada təsir mexanizmlərini itirərək, Suriyanı tərk etmək məcburiyyətində qalıb. ABŞ isə mövcud situasiyada Türkiyənin geopolitik maraqları və siyasi iradəsi ilə hesablaşmalı olacaq. Yəni, Suriya hazırda böyük sürətlə Türkiyənin təsir dairəsinə keçir. Və bu, Rusiya-İran tandeminin ciddi şəkildə zəifləməsi anlamına gəlir.
 
 
 
Xüsusilə də, Əsəd rejiminin çöküşü ilə məhz İranın ən çox geopolitik itkilərə məruz qaldığı artıq qətiyyən şübhə doğurmur. Rəsmi Tehranın Yaxın Şərq strategiyasının iflasa uğradığı inkaredilməz reallıqdır. Belə ki, İranın regional proxy qüvvələri maksimum səviyyədə zəiflədilib, Suriya isə ümumiyyətlə, nəzarət itirilib. Və nəticədə Rusiya-İran tandemindən boşalmaqda olan geopolitik məkan Türkiyənin hərbi-siyasi iradəsinin nəzarəti altına keçməkdədir.
 
Təbii ki, Rusiya-İran tandeminin zəifləməsi, Türkiyənin yalnız Yaxın Şərqdə deyil, ümumiyyətlə, rəsmi Ankaranın geopolitik maraqları olan digər regionlarda güclənməsinə münbit şərait yaradır. Belə vəziyyət isə ilk növbədə Ermənistan üçün olduqca ciddi problem hesab edilir. Xüsusilə də, İranın zəifləməsi Ermənistana münasibətdə ciddi risk qaynağı yaradır. Üstəlik, Yaxın Şərqdəki uğursuzluqlar İranın daxilinə də keçərsə, bunun Ermənistan üçün yeni situasiya anlamı daşıyacağı qətiyyən şübhə doğurmur. Və Ermənistan Rusiya-İran tandeminin sarsıdıcı Yaxın Şərq məğlubiyyətinin ilk hədəfi olmağa ən real namizəd hesab oluna bilər.
 
Məsələ ondadır ki, zəifləmiş Rusiya-İran tandeminin Cənubi Qafqaza təsir imkanlarının məhdudlaşacağı tamamilə realdır. Belə ki, İran Cənubi Qafqazda oyundan kənar vəziyyətə düşməkdədir. Rusiyanın isə Cənubi Qafqaz siyasətinə yenidən baxıla biləcəyi qətiyyən istisna deyil. Suriyada bütün hərbi bazaları çıxarıldıqdan sonra Rusiya öz geopolitik hədəflərini yalnız Ermənistan üzərində indeksləşdirmək məcburiyyətində də qala bilər. Xüsusilə də, Cənubi Qafqaz mövqelərini Azərbaycan-Türkiyə İttifaqına təhvil verməkdə olan Rusiya üçün Ermənistan indi yeganə regional istinad məkanına çevrilmək üzrədir.
 
 
 
Maraqlıdır ki, belə situasiyada Ermənistanın çarpaz zərbələr altında qalması qaçılmaz olacaq. Belə ki, Kreml Cənubi Qafqazı tamamilə itirməmək üçün yenidən Ermənistanda möhkəmlənmək barədə düşünməli olacaq. Belə ki, Kreml üçün Suriyadan çıxarılacaq hərbi kontingentin Rusiyanın Ermənistandakı hərbi bazalarına yerləşdirmək ən optimal variantdır. Halbuki, Qərbə inteqrasiya kursu seçmiş Paşinyan hakimiyyəti üçün buna razılığın verilməsi Ermənistanı ciddi problemlərlə üzləşdirə bilər.
 
Hər halda, bu, ABŞ və Qərbin qətiyyən xoşuna getməyəcək. Nəticədə Ermənistan Qərbdən sərt təzyiq dalğasını öz üzərinə çəkmək ehtimalı qarşısındadır. Çünki Kreml bundan sonra Ermənistandan daha bərk yapışmağa üstünlük verəcək. Rusiya Suriya və Yaxın Şərqin ardınca daha bir regiondan çıxmaq təhlükəsi qaldıra bilməz. Ona görə də, Kremlin Ermənistanla bu məsələ ilə bağlı "siyasi bazarlığa" başlama ehtimalı tamamilə inandırıcıdır. Və rəsmi İrəvanın mövqeyi isə daha çox Qərbin neqativ reaksiyasına adekvat ola bilər.
 
Halbuki, Ermənistan üçün ən təhlükəli məqam da məhz budur. Çünki Kremlin rəsmi İrəvandan istədiyini "siyasi bazarlıq"la ala bilmədiyi təqdirdə, Ermənistan Rusiyanın amansız təzyiq mexanizmlərinə hədəf olacaq. Yəni, Kreml xoşluqla ala bilmədiyini zorla almağa çalışacaq. Rusiyanın əlində isə Ermənistana qarşı hələ tətbiq etməyə ehtiyac duymadığı çoxsaylı təzyiq faktorlarl cəmlənib. Və bu, o deməkdir ki, Əsəd rejimi devrilməklə, əslində, həm də Ermənistanı çarpaz zərbələrin hədəfinə çevrilmək təhlükəsi ilə də baş-başa buraxıb.
 
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
Seçilən
7
2
moderator.az

10Mənbələr