AZ

Putinin çıxışı - hakimiyyəti onlara verir

Rusiya prezidenti “Vahid Rusiya” partiyasının qurultayında ölkəni kimlərə etibar edə biləcəyini anons etdi

Bu gün “Vahid Rusiya” partiyasının XXII qurultayında çıxış edən prezident Vladimir Putin hakimiyyətin gələcəyi ilə bağlı da önəmli açıqlamalar verib. Putin Federal Məclisə bu ilin fevralında müraciətində kadrların hazırlanmasında, mühüm vəzifələrə təyinatda Ukrayna müharibəsi iştirakçılarına önəm verilməsinin vacibliyini bir daha vurğulayıb. Deyib ki, partiya üçün bu, sadəcə olaraq prioritet deyil, ümuniyyətlə, ölkənin gələcəyi bu kadrların yerləşdirilməsindən asılıdır.

Putinin çıxışından bəlli olub ki, bu il federasiya subyektləri üzrə keçirilən müxtəlif səpkili seçkilərdə üç yüzdən çox döyüşçü, xüsusi təyinatlı hərbi əməliyyat veteranı ali icra və qanuverici orqanlarında seçicilərin dəstəyini qazanıb. “İnsanlar belə namizədlərə güvənir, onların dürüstlüyünə və peşəkarlığına arxalanırlar”. Qurultayda müharibə iştirakçılarına partiyanın rəhbər vəzifələrinə də daxil ediləcəklər, 2025 qubernator və qanunverici orqanlara, 2026-cı ildə isə Dövlət Dumasına keçiriləcək seçkilərdə onların adları partiya siyahısına daxil ediləcəklər. Prezident Adminisrtrasiyasında da onların yüksək vəzifələrə təyinatı planlaşdırılır.

Putin qurultaydakı çıxışında Federal Məclisə müraciətini təsadüfi yada salmır. Bu ilin fevralındakı müraciətində o, yaxın 6 ildə (yeni prezidentlik müddəti martda başlayacadı) dövlətin qarşısında duran vəzifələri açıqlayarkən hökumətin kadr siyasətini, daha dəqiqi tərkibinin əhəmiyyətini vurğulamışdı. Bu o vaxtlar idi ki, Putin gözlənilmədən və bir az da müəmmalı “Priqojin qiyamı” yaşamışdı, siyasi elitada hakimiyyətin gələcəyi ilə bağlı müəyyən narahatlıqlar qalırdı. Elita Putindən yeni prezidentlik müddətində ölkənin strateji cəhətdən necə, hansı istiqamətlərdə inkişaf edəcəyini eşitmək istəyirdi. Putinin bu gün yada saldığı o çıxışı əslində sensasiya idi. Çünki Rusiya prezidenti hakimiyyətdəki elita haqda nə düşündüyünü dedi, ali hakimiyyəti kimə etibar edə biləcəyini anons etdi.

Putin o cıxışında demişdi ki, “elita” sözü gözdən salıb: “Bilirsiniz ki, “elit” sözü cəmiyyətə heç bir xidməti olmayan, özlərini xüsusi kasta hesab edənlər tərəfindən böyük ölçüdə nüfuzdan düşüb. Mən iqtisadiyyatında baş verən proseslərə görə ciblərini düşünənləri nəzərdə tuturam. Onlar mütləq elit deyillər. Əsl elita Rusiyaya xidmət edənlərdir, özlərini sübut etmiş döyüşçülərdir. Yəni elita vətənə sədaqətlə xidmət edənlərdir”. Putin demişdi ki, Ukrayna müharibəsində fərqlənmiş hərbi qulluqçular, könüllüləri vətənin müdafiəsi üçün silaha sarılanları bütün sahələrdə- biznesdə, hökumətdə, vilayətlərdə rəhbər vəzifələr tutmalıdırlar. “Təbii ki, bunu onlara öyrətmək lazımdır” deyən, Putin martın 1-dən etibarən hərbi veteranlar, eləcə də əsgər və zabitləri “Qəhrəmanların vaxtı” adlanan proqrama müraciət edə biləcəklərini dedi. Putinin dedikləri sadəcə, söz olaraq qalmadı. “Qəhrəmanların vaxtı” tezliklə “qubernatorlar məktəbi” və “Rusiya liderləri” proqramının standartları əsasında quruldu. Bundan əlavə, veteranların və xüsusi əməliyyat iştirakçılarının ölkənin aparıcı universitetlərində təhsil almaq imkanı yaradıldı. Prezident ondan dəstək gözləyən elita adlanan “xüsusi kastaya” deyil, kimlərə güvəndiyini də açıq dedi: “Gələcəkdə Rusiya indiki qəhrəmanlara əmanət edilə bilər”.

Putin bu yaxınlarda müharibədə döyüşmüş Yevgeni Pervışovu Tambov vilayətinin başçısı təyin edib. Dövlət Dumasının deputatı, Krasnodarın keçmiş meri Pervişov könüllü müharibəyə getmişdi. Bu ilin may ayından Pervışov hərbçilər üçün yaradılmış “Qəhrəmanların vaxtı” kadr proqramı üzrə təhsil alıb. Bu proqramın daha bir məzunu, Rusiya Qəhrəmanı, Artyom Joga prezidentin Ural dairəsi ilə xüsusi nümayəndəsi təyin edilib. Yəhudi Muxtar Vilayətinin rəhbəri vəzifəsinə təyin edilən Mariya Kostyukun oğlu 2022-ci ildə həlak olub və ölümündən sonra Rusiya Qəhrəmanı adı verilib. Onun anası bundan sonra Ukraynada vuruşmuş əsgərlərinə və onların ailələrinə qayğı göstərməyə həsr edib.

Rusiyada müharibə veteranlarına münasibət gələnəksəldir, onlara həmişə fərqli münasibət olduğu da yenilik deyil, amma mühüm dövlət postlarının etibar edilməsi məhz Ukrayna savaşından sonra başlayıb. Bunun bir neçə səbəbi haqda danışmaq olar. Əsas səbəb Putinin bu müharibəyə verdiyi önəmdir. İkincisi, Putinin bu illər ərzində hakimiyyətdəki varisləri haqda çox versiyalar irəli sürülüb, hakimiyyətin gələcək taley haqda ən müxtəlif versiyalar səslənib. Rusiya prezidentin xüsusilə builki addımları onu deməıyə əsas verir ki, varis elitadan olmaya bilər.

Nazim SABİROĞLU,
Musavat.com

Seçilən
13
1
musavat.com

10Mənbələr