AZ

TAP biometanın nəqli perspektivlərindən danışıb

Trans-Adriatik Boru Kəməri (TAP) mövcud infrastruktur daxilində minimal texniki dəyişikliklərlə biometanın nəqlinə başlaya bilər.

Day.Az xəbər verir ki, bu barədə Trend-ə özəl müsahibəsində TAP-ın icraçı direktoru Luka Skiepatti məlumat verib.

"Biz hidrogen bazarının tələblərinə və müvafiq tənzimləmə standartlarına cavab vermək üçün səhmdarlarımız və əsas təchizatçılarımızla fəal işləyirik", - deyə o bildirib.

Skiepatti həmçinin xatırladıb ki, Avropa Komissiyasının "Qaz Paketi" - Aİ qaz bazarının dekarbonlaşdırılmasına yönəlmiş bir sıra qanunvericilik islahatları keçən il qüvvəyə minib. Yeni qaydalara əsasən, Aİ-yə üzv dövlətlərə direktivi milli qanunlara uyğunlaşdırmaq üçün 22 aya qədər vaxt verilir.

"TAP mövcud infrastruktur daxilində minimal texniki dəyişikliklərlə biometanı nəql edə bilər. Biz fəaliyyət göstərdiyimiz ölkələrdə biometanla bağlı qanunların işlənib hazırlanmasını izləməyə davam edirik", - deyə TAP-ın icraçı direktoru əlavə edib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz nəql olunur.

31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqli başladılıb. Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını diversifikasiyalaşdırıb.

phrase_var_article.chosen
10
1
day.az

2phrase_var_article.sources