AZ

Azərbaycanın beynəlxalq mövqeyini gücləndirən müstəqil və balanslı xarici siyasət

Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibə ilə bir çox mühüm məsələlərə, həmçinin, 2022-ci il fevralın 22-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Rusiya Federasiyası Prezidenti Vladimir Putin tərəfindən imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin əhəmiyyətinə toxunub. Bu bəyannamə Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi və genişləndirilməsi məqsədi daşıyır. Bu sənədin hər iki ölkə arasında siyasi, iqtisadi, humanitar, mədəni və təhlükəsizlik sahələrində qarşılıqlı əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasını təmin etmək üçün hüquqi baza yaratmışdır. Bəyannamə çərçivəsində tərəflər eyni zamanda iqtisadi, ticarət və enerji sahələrində əlaqələrin daha da dərinləşdirilməsini hədəfləyiblər. Azərbaycan Rusiya ilə həm Qafqazda, həm də Xəzər regionunda qonşudur və bir çox cəhətdən bu ölkələrin xarici siyasət prioritetləri üst-üstə düşür. Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır. 

Rusiya daxilindəki türk muxtar qurumlarının Azərbaycanla əməkdaşlığı da əhəmiyyətlidir. Bu, özünü Rusiya ilə iqtisadi əməkdaşlığımızda da göstərir. Azərbaycan məhsulları üçün etibarlı və ən uyğun bazar - Rusiya bazarıdır və tələbat da kifayət qədərdir. Eləcə də, Rusiya üçün bu iqtisadi əməkdaşlığın bir çox perspektivləri var. Rusiya daxilindəki türk muxtar qurumlarının Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan digər türk dövlətləri ilə əməkdaşlığı mühüm geosiyasi, iqtisadi və mədəni müsbət nəticələri ola bilər. Rusiya Prezidentinin Azərbaycana çox əlamətdar, həm də tarixi səfəri baş tutmuşdu. Bu səfər Azərbaycan-Rusiya münasibətlərinin təkcə ikitərəfli səviyyədə deyil, həm də regionda sabitlik və təhlükəsizlik baxımından böyük əhəmiyyət kəsb etdiyini bir daha nümayiş etdirmişdi. Prezident Vladimir Putinin Azərbaycana səfəri, iki ölkə arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin güclənməsinə və gələcəkdə daha məhsuldar əməkdaşlıq üçün möhkəm təməl yaradılmasına xidmət etmişdir. Xüsusilə, Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsindən sonra regionda dayanıqlı sülhün bərqərar olunması və əməkdaşlığın inkişafı məsələləri daim diqqət mərkəzində olmuşdur.
 
Cənab Prezident müsahibə zamanı, həmçinin, ölkəmizin beynəlxalq münasibətlərinə də toxunub. Həqiqətən, Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq mövqeyini gücləndirmək üçün müstəqil və balanslı xarici siyasət həyata keçirmişdir. BMT-dən sonra ən böyük platforma olan, ölkələrin sayına və fəallığına görə seçilən Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə uğurlu rəhbərlik edən cənab İlham Əliyev təşkilatın beynəlxalq nüfuzunu artırmışdır və inkişafına böyük töhfə vermişdir.
 
Prezident İlham Əliyevin növbəti uğuru BMT-in İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına ev sahibliyinin dünyanın 200-ə yaxın ölkəsi tərəfindən Azərbaycana həvalə olunması oldu. Uğurlu COP29 tədbirinin keçirilməsi beynəlxalq arenada qazandığımız növbəti nailiyyət oldu. Türk Dövlətləri Təşkilatının regionda güc mərkəzinə çevrilməsində məhz cənab Prezident İlham Əliyevin böyük dəstəyi olmuş, türk dövlətlərinin inteqrasiyasını təşviq edərək regional əməkdaşlığı gücləndirmişdir.
 
Cənab Prezident qeyd edib ki, İkinci Dünya müharibəsinin nəticəsində formalaşan reallıqlar və müəyyən edilmiş oyun qaydaları bu gün artıq keçərli deyil. Bəli, beynəlxalq hüquq anlayışı ciddi şəkildə sarsılmışdır. Müharibədən sonra yaranmış təhlükəsizlik sistemi artıq mövcud deyil və “Kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir. Bu şəraitdə ən vacib vəzifə hərbi gücümüzü daha da artırmaqdır. Minsk qrupu Qarabağ münaqişəsinin həlli məqsədilə yaradılmışdı. Lakin bu məsələ artıq həll olunmuşdur. Azərbaycan BMT-in TŞ 4 qətnaməsini icra edərək 30 il ərzində aparılan danışıqların nəticə verməməsi səbəbindən öz torpaqlarını özü azad etmişdir. Azərbaycan 3 onillik ərzində müharibə cinayətləri ilə üzləşmişdir. Bununla yanaşı, bütün təkidlərə baxmayaraq, Minsk qrupunun formal şəkildə saxlanılması absurddur. 
 
Ölkəmizin hərbi sahədə Rusiya və Türkiyə ilə əməkdaşlığı və müttəfiqliyi dostluq münasibətlərindən irəli gəlir. Rusiyanın müdafiə sənayesinin yeniliklərindən yararlanmaq üçün ölkəmiz tərəfindən təşəbbülər irəli sürülmüş və yeni müqavilənin imzalanması nəzərdə tutulur. Həmçinin, Türkiyə də 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın müdafiə sisteminin müasirləşməsinə, dünya hərb tarixində analoqu olmayan döyüş texnikasının istifadəsi həyata keçirilmişdi.  Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri üçün 8,4 milyard manat ayrılması nəzərdə tutulur. Bu, 2024-cü illə müqayisədə 17,8% artım deməkdir. Bu vəsait ölkənin hərbi potensialının gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi məqsədilə istifadə olunacaq. Cənab Prezident vurğulayıb ki, biz bunu etməyə məcburuq və edəcəyik. Birincisi, Ermənistanda revanşist qüvvələr baş qaldırır. Bunu Ermənistanın havadarları, bir sıra Qərb dövlətləri edir. Onlar İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələri ilə barışmaq istəmirlər. Ermənistana dəstəyini ifadə edən dövlət Azərbaycana dost ola bilməz. Fransa və Hindistan Ermənistanı öldürücü silahlarla təmin etdiklərini etiraf etməkdən çəkinmirlər. Təbii ki, bu da Azərbaycana qarşı Ermənistanın silahlandırılması deməkdir. 
 
Prezident həmçinin, Qarabağ və Şərqi Zəngəzura dəymiş zərərin 150 milyard dollardan çox olmasını da qeyd edib. Ermənistan silahlı qüvvələrinin işğalı illərində Azərbaycanda 1,5 milyon mina basdırılıb. Bugünədək 160 min hektardan çox ərazi təmizlənsə də, 250 min hektardan çox ərazi hələ də mina və partlayıcı sursatlarla çirklənmiş təhlükəli zona hesab olunur. Ermənistanın 30 illik mina terroru nəticəsində beynəlxalq humanitar hüquq, o cümlədən fundamental insan hüquqları kobud şəkildə pozulub. Minaların təmizlənməsi uzun illər çəkə bilər ki, bu da münaqişədən sonrakı reabilitasiya və yenidənqurma işlərinə təsir göstərir. Bütün bunlar azərbaycanlıların öz doğma yurdlarına qayıtmasını çətinləşdirir. Ermənistan tərəfindən təqdim edilən mina xəritələri isə qeyri-dəqiqdir. Həmçinin, mina partlamadıqda da zərər verir. Belə ki, insanlar onun olduğu ərazidən istifadə edə bilməməklə zərərçəkmiş olur. Məsələn, əkin yerləri, evlərin yaxınlığı minalı vəziyyətdə olarsa, belə ərazilərdən istifadə edə bilməmək də onların sahiblərinin zərərçəkməsi deməkdir. Biz mina məsələsində zərərçəkmişləri tanıda bilsək və onların çevrəsini, sayını müəyyənləşdirə bilsək, Azərbaycanın Beynəlxalq Məhkəmələrdə Ermənistana qarşı kompensasiya tələbi irəli sürülərkən tam yerinə düşür və qanuni əsası olur. İddia qaldıranda bunlar hamısı onun predmeti olacaqdır. Çünki bu zərərçəkmə Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini işğalı nəticəsində baş verib.     

Pərvanə Vəliyeva,
Milli Məclisin deputatı

Seçilən
27
1
ikisahil.az

2Mənbələr