AZ

Azərbaycan İslam dünyasına daha dərindən inteqrasiya edir

Ölkəmizin D-8 təşkilatına qoşulması üzv ölkələrlə əməkdaşlığı daha da möhkəmləndirəcək 

D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının yaranması ilə bağlı təşəbbüs ilk dəfə olaraq 1996-cı il oktyabr ayının 22-də adıçəkilən qurumun İstanbulda keçirilən birinci toplantısında səsləndirilib. 

Bundan bir il sonra – 1997-ci il iyunun 15-də isə həmin şəhərdə gerçəkləşən dövlət və hökumət başçılarının Zirvə görüşündə adıçəkilən format təsis edilib. 

Qeyd edək ki, D-8 təşkilatına ölkəmiz qoşulana qədər Türkiyə, İran, Pakistan, Banqladeş, Malayziya, İndoneziya, Misir və Nigeriya daxil idi. D-8-in qarşısında isə üzv ölkələr arasında əməkdaşlığı inkişaf etdirmək, sosial-iqtisadi sahələrdə əlaqələri gücləndirmək əsas vəzifə kimi qoyulurdu. 

Xatırladaq ki, Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 2017-ci il oktyabrın 20-də qurumun İstanbulda “Əməkdaşlıq yolu ilə imkanları artırmaq” devizi altında keçirilən IX Zirvə görüşündə xüsusi qonaq qismində iştirak edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həmin görüşdəki çıxışında 3 qitədə yerləşən ölkələri əhatə edən D-8-in son 20 ildə fəaliyyətinin uğurlu olduğunu vurğulayaraq dünyada baş verən gərginliklər fonunda belə bir nüfuzlu toplantının Zirvə görüşünün reallaşdırılmasının önəmini bildirib. 

Nitqində son illər müsəlmanların yaşadıqları bölgələrdə baş verən münaqişələrin, təbii fəlakətlərin ciddi fəsadlarla nəticələndiyini vurğulayan qardaş ölkənin Cümhurbaşqanı qlobal ədalətsizliyin azalmaq əvəzinə, daha da genişləndiyini təəssüflə vurğulayıb, eləcə də dünyada İslamla terrorizmin əlaqələndirilməsi cəhdlərinin, islamofobiyanın və ksenofobiyanın artdığını, miqrant böhranının dərinləşdiyini diqqətə çatdırıb. 

Türkiyə Prezidenti çıxışında, eyni zamanda, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı dövlətlərinin dinamik artan əhaliyə, zəngin təbii sərvətlərə, sürətli inkişafa malik olduqlarını, sözügedən quruma üzv ölkələrin bu potensialdan tam səmərəli istifadə etmələri nəticəsində qarşılıqlı ticarət dövriyyəsinin hazırkı 100 milyard dollardan qısa müddətdə 500 milyard dollara çatdırıla biləcəyini deyib. 

Prezident Rəcəb Tayyib, həmçinin iqtisadiyyat, ticarət, nəqliyyat, müdafiə sənayesi, təhsil, kənd təsərrüfatı və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün böyük imkanların olduğunu vurğulayaraq D-8 üzvlərinin sayının artırılmasının, qarşılıqlı ticarətin milli valyutalarla aparılmasının təşkilatın daha da güclənməsinə imkan yarada biləcəyini diqqətə çatdırıb.

Dövlətimizin başçısı isə çıxışında Azərbaycanın D-8-in üzvü olmamasına baxmayaraq, Prezident Rəcəb Tayyib Ərdoğanın ölkəmizi bu tədbirə dəvət etdiyinə görə öz qardaşına dərin təşəkkürünü bildirib və bunu Azərbaycan–Türkiyə qardaşlıq və dostluğunun bariz nümunəsi kimi dəyərləndirib. 

Azərbaycan bu təşkilata üzvlük məsələsini həmin vaxtdan diqqətdə saxlayıb. Bu il fevralın 19-da Ankarada dövlətimizin başçısı İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə geniş tərkibdə görüşündə Cümhurbaşqanı üzvlüklə bağlı sözügedən məqama aydınlıq gətirərək deyib: “İqtisadi Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və D8 formatı iqtisadi və ticarət sahəsindəki əməkdaşlığımızı taclandıran digər önəmli regional təşkilatlardır. Xüsusilə İqtisadi Əməkdaşlıq Təşkilatının malik olduğu potensialdan daha çox istifadə edəcəyimizə inanıram.

Azərbaycanın D8-ə üzvlük müraciətini də ən güclü şəkildə dəstəkləyirik. Bəzi tərəddüdləri olan Misir başda olmaqla, D8 üzvləri arasında bu istiqamətdə təşəbbüslər irəli sürdüm və irəli sürməkdə də davam edəcəyik”.

Bu məqamda xatırlatmaq istərdik ki, Türkiyə Prezdenti Rəcəb Tayyib Ərdoğan Qahirədə D-8 11-ci Zirvə görüşündə Azərbaycana yeni qoşulduğu təşkilatda uğurlar diləyib və ölkəmizin D-8-ə üzv olması ilə bu qurumun daha da güclənəcəyi əminliyini diqqətə çatdırıb: “Qardaş Azərbaycana təşkilatımıza xoş gəldin deyirik. Azərbaycanın D-8-ə üzvlüyü təkcə təşkilatı böyütməyəcək, həmçinin gücləndirəcək”.

Prezident İlham Əliyev də bu tarixi hadisə – Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı “X” səhifəsində paylaşım edib: “Bu gün Qahirədə İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Zirvə toplantısı zamanı Azərbaycanın təşkilata üzv qəbul edilməsinə görə Türkiyə, Pakistan, Misir, İran, İndoneziya, Malayziya, Nigeriya və Banqladeşin dövlət və hökumət başçılarına təşəkkürümü bildirirəm”.

Dövlətimizin başçısı daha sonra qeyd edib ki, Azərbaycanın namizədliyinə dəstək bu ölkələr ilə səmimi dostluğumuzun və əməkdaşlığımızın göstəricisidir. Türkiyənin təşəbbüsü ilə yaradılmış D-8 təşkilatı 30 ilə yaxındır ki, fəaliyyət göstərir və ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul olunmuşdur. Bu, bizim üçün qürur mənbəyidir.

Qeyd edək ki, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının adındakı “D” ingilis dilindəki “Developing” (inkişaf etməkdə olan) sözünün baş hərfidir, yəni bu format 8 dövləti adıçəkilən qurum daxilində bir araya gətirən təşkilatdır. Onun üzvləri İslam Əməkdaşlıq Təşkilatında yer aldıqlarından və müsəlman ölkələri olduqlarından D-8 bir sıra hallarda, həm də “İslam İttifaqı” da adlandırılır. Ekspertlər bildirirlər ki, Azərbaycanın bu təşkilatda təmsil olunmasına tam haqqı çatır. Çünki ölkəmiz, əvvəla, Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin yaradılmasına geniş həcmdə investisiyalar yatırır. Belə bir sərmayə qoyuluşu isə Avrasiyanın, o cümlədən D-8 ölkələrinin iqtisadi inkişafını şərtləndirir. 

D-8 dünyada böyük iqtisadi potensiala malik bir təşkilat kimi tanınır. Üzv ölkələrdə, təqribən, 1,1 milyard insan yaşayır. 8 ölkənin iqtisadiyyatının həcmi, təxminən, 3, 8 trilyon dollar təşkil edir. Üzv ölkələrin ticarət dövriyyəsi isə 1,6 trilyon dollar səviyyəsindədir. Yəni dünya ticarət dövriyyəsinin 4,5 faizini təşkil edir. Bütün bunlarla yanaşı, 3 qitəni əhatə edən D-8 4 trilyon ABŞ dollarından artıq ÜDM-ə malikdir. Eyni zamanda, 130 milyard ticarət dövriyyəsi həyata keçirir, üzv ölkələrin əhalisinin sayı ümumilikdə dünya müsəlmanlarının 60 faizini təşkil edir. Bu isə həm də o deməkdir ki, D-8 böyük iqtisadi potensiala malikdir.

D-8-in perspektiv əhəmiyyəti isə təşkilatın fəaliyyətində iqtisadiyyatın diversifikasiyasının önəmli yer tutması ilə bağlıdır. Başqa sözlə, D-8 ölkələri bu sahədə birgə fəaliyyət göstərərək xammal əsaslı məhsullardan asılılığı azaltmaq, istehsalat, texnologiya və xidmət sahələrinə diqqəti daha da artırmaq imkanı əldə edir.

Digər ölkələrlə əməkdaşlıq D-8 üzvü olan dövlətlər üçün enerji infrastrukturunun inkişafını prioritet təşkil edir. Ümumilikdə quruma üzv olan bir sıra ölkələrin bərpa olunan enerji sahəsində geniş potensialı var. D-8-in qarşısındakı qlobal məqsədlərindən biri də üzv ölkələr arasında ticarət sahəsindəki əngəllərin aradan qaldırılması və birbaşa investisiyaların təşviqinə nail olmaqdan ibarətdir.

Məqsədə çatmaq üçün iqtisadi inkişafa xidmət edən birgə təşəbbüslərin reallaşdırılması, hər ölkənin potensialına və gələcəyə əsaslanan iqtisadi layihələrin icrası, təcrübə mübadiləsi, daxili və xarici ticarətin inkişafı yolundakı maneələrin aradan qaldırılması, siyasi dialoqun təşviq edilməsi və genişlənməsi, texnoloji inkişafa xidmət edən innovativ layihələrin icrası, “yaşıl” enerji layihələrinin icrası proseslərinin dəstəklənməsi və rəqabət qabiliyyətinin artırılması kimi şərtlərin təmin olunması vacibdir.

Onu da deyək ki, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının qəbul etdiyi “2020-2030 D-8 10 illik Yol Xəritəsi” adlı sənəd 3 mərhələli inkişaf strategiyasına əsaslanılaraq hazırlanıb. Birinci mərhələdə, yəni 2020-2022-ci illərdə ticarət, kənd təsərrüfatı, qida təhlükəsizliyi, sənaye əməkdaşlığı və kiçik biznesin inkişafı, nəqliyyat, turizm, səhiyyə sahəsində əməkdaşlığın istiqamətləri müəyyənləşdirilib. Sonrakı mərhələdə – 2023-2027-ci illərdə üzv ölkələr arasında ticarət əlaqələrinin dərinləşməsi və daha əvvəlki dövrdə planlaşdırılan 6 istiqamətdə əlaqələrin inkişafının gerçəkləşdirilməsi nəzərdə tutulub. Nəhayət, sonuncu mərhələdə–2028-2030-cu illər ərzində isə üzv ölkələrin daxili ticarət dövriyyəsinin ümumi ticarət dövriyyəsinin 10 faizinə çatdırılacağı qarşıya mühüm vəzifə kimi qoyulub. 

V. BİNYATOĞLU 
XQ

 

phrase_var_article.chosen
37
13
xalqqazeti.az

10phrase_var_article.sources