Minimum əmək haqqındakı artım kimlərin maaşlarını artıracaq?
Minimum əmək haqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək.
Yeniavaz.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı deputat Vüqar Bayramov öz sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da Prezindetin imzaladığı müvafiq sərəncama uyğunlaşdırılacaq və artırılacaq.
“Sosial, elm, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin də əmək haqqları artacaq.
Bu sahələrdə çalışan və dövlət qulluqçusu statusu olmayan vətəndaşlarımızın əmək haqqları Vahid Tarif Cədvəli (VTC) əsasında dövlət büdcəsindən maliyyələşdirilir. Vahid Tarif Cədvəlində maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilir. Hazırda ilk 4 dərəcə üzrə əmək haqqı 400 manatdan azdır və onlar 345-389 manat arasında dəyişir. Ən yüksək dərəcə üzrə əmək haqqı isə 1125 manatdır. Minimum əmək haqqının artırılması paraktik olaraq bütün dərəcələr üzrə artımlara səbəb olacaq. Bu zaman əmək haqqının minimum səviyyədən az və çox olması xüsusi önəm daşımır.
Hazırda Səhiyyə Nazirliyinin tabeçiliyindəki müəssisələr VTC ilə tənzimləndiyi üçün onların əmək haqqlarında artımlar olacaq. Amma Elm və Təhsil Nazirliyinin və TƏBİB-in ayrıca keyfiyyət meyarlarına əsaslanan əmək haqqı sxemi var. Bununla belə, hər iki sektorda aşağı maaşlarda artımlar həyata keçiriləcəyindən dərəcələr arası fərq nəzərə alınmaqla əmək haqqlar müəyyənləşdiyi üçün bu sahələrdə də müəyyən işçilərdə maaş artımları istisna deyil. VTC üzrə yeni maaş məbləğləri Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq”, - deputat qeyd edib.