AZ

TƏCİLİ! Təyyarəni Rusiya vurub – İSTİNTAQIN İLKİN NƏTİCƏSİ

Ötən gün Bakı-Qroznı marşrutu üzrə hərəkət edən AZAL təyyarəsi Qroznı şəhərinə yaxınlaşan zaman hücuma məruz qalıb.

Tribunai xəbər verir ki, bu barədə “Caliber” məlumat əldə edib.

Qeyd olunur ki, Rusiya tərəfindən elektron sistemlərdə məhdudiyyətlərin tətbiq edilməsi təyyarənin rabitə sistemini iflic edib.

Caliber.az-ın etibarlı hökumət mənbələrindən əldə etdiyi məlumata görə, ilkin istintaq nəticələrinə əsasən, Bakı-Qroznı reysi üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”na məxsus təyyarə Qroznı şəhərinə yaxınlaşarkən Rusiya Hava Hücumundan Müdafiə (HHM) sistemi olan “Pantsir-S” ilə hədəf alınıb. Həmçinin, Rusiya tərəfinin Radioelektron Mübarizə (REB) sistemlərindən istifadəsi nəticəsində təyyarənin tamamilə rabitəsiz qaldığı bildirilib. Bu səbəbdən təyyarə Rusiya hava məkanında radarlardan itib, yalnız Xəzər dənizi üzərində siqnal bərpa edilib.

Məlumata görə, hadisə zamanı Çeçenistan üzərində olan Rusiya HHM sistemləri Ukrayna pilotsuz uçuş aparatlarını (PUA) vurmağa çalışıb. Çeçenistanın Təhlükəsizlik Şurasının rəhbəri Xamzat Kadırovun verdiyi açıqlamada, 25 dekabr səhəri Qroznı şəhərinə PUA hücumu olduğu təsdiqlənib, lakin hadisə nəticəsində xəsarət alanların və dağıntıların olmadığı bildirilib.

Lakin belə bir vəziyyətdə Rusiya tərəfinin mülki aviasiya üçün hava məkanını bağlamaması böyük suallar doğurur. Qroznı Hava Limanı təyyarəyə eniş icazəsi verməyib. Eyni zamanda, Mahaçqala və Mineralnıye Vodı hava limanlarından da təyyarənin eniş üçün icazə almadığı qeyd edilir.

REB və HHM sistemlərinin təsiri ilə çaşqın vəziyyətə düşən Azərbaycan təyyarəsinin ekipajı Aktau şəhərinə yönləndirilib. Mənbələrin ehtimallarına görə, təyyarənin Xəzər dənizində qəzaya uğraması üçün bu qərar verilə bilərdi. Bu isə təyyarədəki şahidlərin həyatını itirəcəyi və sübutların yox olacağı mənasına gəlirdi.

Caliber.az yazır ki, Rusiya mətbuatında yayılan alternativ versiyaların həqiqəti əks etdirmədiyi bildirilir. Təyyarənin içərisində çəkilən videolarda iki sərnişinin qəlpə yarası aldığı açıq-aşkar görünür. Şahid ifadələri və təyyarənin xaricində eşidilən partlayış səsləri HHM sisteminin işə düşdüyünü göstərir.

Azərbaycan tərəfi üçün bu hadisənin səbəbləri tam aydındır. Bakıdan verilən açıqlamada bildirilib ki, Rusiya bu hadisənin təsadüf olduğunu iddia etsə belə, məsuliyyəti üzərinə götürməli, rəsmi üzr istəməli və hadisəni ətraflı araşdıraraq günahkarları cəzalandırmalıdır.

Hadisə ilə bağlı istintaq davam edir.

Seçilən
20
50
tribunainfo.az

10Mənbələr