“Ağdərəlilər Ağdərənin bölünməsi ilə barışmırdılar”
Ağdərəlilər Milli Məclisdə Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsinin qəbul edilməsini müsbət qarşılayır. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyevlə bu barədə söhbət etdik.
- Ağdərə rayonunun yenidən təşkil olunması ilə bağlı qanun layihəsinin qəbul edilməsi ağdərəliləri çox sevindirdi. Rayonun bərpa edilməsi barədə illərdir müraciət edirik, yazırıq, pozuruq, nəhayət ki, arzumuz yerinə yetirilir. “Şıxov batalyonunun” ilk könüllü zabitlərindən biri kimi Birinci Qarabağ müharibəsində döyüş yolu keçmişəm.
- Səhv etmirəmsə, Vətən müharibəsində də iştirak etmisiniz. Yanılmırıq ki?
- Tale elə gətirdi ki, böyük oğlum İlkin Rzaquliyevlə birlikdə 44 günlük Vətən müharibəsində də iştirak etdik. Oğlum ehtiyatda olan baş leytinat İlkin Rzaquliyev Prezidentdən 6 medal aldı, yaralandı, döyüşü tərk etmədi. Bu barədə sənədli film çəkilib, mahnılar yazılıb. Bunu reklam üçün demirəm, məlumat üçün deyirəm. Vətən bizim üçün canımızdan da, balamızdan da əzizdir, mən bunu həyatımla sübut etmişəm…
- Ağdərə uğrunda döyüşmüsüz, böyük döyüş yolu keçmisiz. Birinci Qarabağ müharibəsinin nəticələrindən danışmaq istəmirik… Son hadisələrə necə qiymət verirsiz?
- Cənab Prezidentin Ağdərəyə bayraq sancması bizim üçün çox əlamətdar hadisə oldu. Bayrağın sancılmasından keçirdiyimiz hisslər sözlə ifadə olunması mümkün olmayan hisslərdir. Azərbaycanın hər bölgəsi bizim üçün əzizdir. Qazaxın 7 kəndini də, Kərkini də, Zəngəzur dəhlizini də, Qərbi Azərbaycanı da gözləyirik. Görüləcək işlərimiz çoxdur.
- Doğulduğunuz Xatınbəyli kəndi haqda nə məlumatlar var?
- Bizim kənd təəssüf ki, 1992-ci ildə məhv olundu. Həmin ədalətsiz, özbaşına bölgüdə Xatınbəyli Ağdama düşmüşdü. Ulu babalarımız 1937- ci ilə qədər rus-erməni birləşməsinə, bolşevizmə, Sovetlərə qarşı mübarizə aparıb. Bu barədə tarixi mənbələrdə var. Bayram Bayramovun “Arakəsmələr”, Əli Vəliyevin də əsərində Qaçaq Alyar bəy haqda danışılır. Bizdə döyüşmək, erməni separatçılarına nifrət qandan-gendən gələn məsələdir.
- Siz hadisələrin içində olmusunuz. Cəbhə halimiyyəti nə üçün Ağdərə rayonunu ləğv etdi?
- Birinci Qarabağ müharibəsində üç qardaş döyüşlərdə oldu. Rəhmətlik kiçik qardaşım Xəqani Rzaquliyev BDU-nun jurnalistika fakültəsində əyani oxuyurdu, ikinci kursda idi. Çox fədakarlıqlar edib. Qardaşım Qarabağın azad olduğunu gördü, amma Ağdərənin azad olduğunu görə bilmədi. Ağdərənin bölünməsinə gəlincə, mən o vaxt döyüşlərdə idim, hərbiçi idim. Bəlkə şəxsi maraqlara, bəlkə başqa məsələlərə görə bölündü. Guya məqsəd erməniləri oradan çıxarmaq olub. Səbəbin nə olmasından asılı olmayaraq, Ağdərə rayonunun ləğv edilməsi, ərazisinin bölünməsi düzgün addım deyildi. Çünki Ağdərə keçmiş “Dağlıq Qarabağın” 60 faizi idi, orada neçə-neçə Azərbaycan kəndi vardı və 15 minə yaxın azərbaycanlı yaşayırdı. Amma rayonu ləğv edib ərazisinin yarısını Kəlbəcərə, yarısını Ağdama, yarısını Tərtərə verdilər. O vaxt kim idi kiminləsə hesablaşan? Ağdərənin azərbaycanlı əhalisi qədim türk Kolanı elləridir. Yəni Agdərə qədim Kolanı türklərinin yaşadığı tarixi ərazi olub. Onların öz adət-ənənələri olub. Bu türk tayfası özünəməxsusdur. Bölünmədən sonra onların yarısı tərtərli, yarısı ağdamlı, yarısı kəlbəcərli oldu...Təbii ki, camaat bunu razılıqla qarşılamırdı. Ağdərəlilər Ağdərənin bölünməsi ilə barışmırdılar.
- Ağdərədə erməni kənbdləri də vardı?
- Bəli, amma onlar çox sonradan ora köçürülüb məskunlaşdırılmışdı. Məmməd Səid Ordubadinin “Qanlı illər” əsərində hər şey detallı yazılıb. Yəni azərbaycanlıları necə köçürüblər, onlara necə məşəqqətlər yaşadıblar və onları çıxarıb kəndlərində erməniləri məskunlaşdırıblar. Ağdərə qədim türk torpağıdır və orada ağdərəlilər, qədim kolanılar yaşayıb, orada erməni olmayıb. 1905, 1918-ci ildən sonra ora ermənilər köçürülüb yerləşdirilib.
- Sonuncu dəfə Ağdərədə nə vaxt olmusunuz?
- Faciəm ondadır ki, 1992-ci ildən sonra ora getməmişəm.
- Ağdərəyə getsəniz ilk ziyarət edəcəyiniz yer hara olar?
- Yəqin kəndimizin qəbristanlığının izləri qalıb, ilk olaraq qəbristanlığa gedib nənələrimizin-babalarımızın qəbirlərini ziyarət edərdim. Ata-anamı Bərdədə dəfn etdik. Bərdə müqəddəs torpaqdı, 100 min əhalisi olan Bərdə o vaxt 120 min köçkün qəbul etmişdi. Azərbaycanın heç bir yerində belə olmayıb ki, gəlmə yerli sakinlərdən çox olsun. Biz həmişə Bərdə camaatını alqışlamışıq...
Sonra Ağdərədə Sığnaq deyilən bir yer var, ora gedərdim. Allah qismət edər, bir dəfə yolunuz düşər görərsiz necə yerdir. Sığnaq yaylası qeyri-adi bir məkandır. Ulu babalarımız elə o Sığnaqda yaşayıblar. 1937-ci ildə ermənilərin fitvası ilə Sovet hökuməti babalarımı oradan köçürüblər.
- Səbəb nə göstərilib?
- Deyiblər ki, orada qaçaq saxlayırlar, hökumətdən yayındırırlar və sair.
- “Marağa-150” abidəsini ermənilər niyə dağıtdı? O abidə yəqin yadınıza gəlir?
- Bəli, qarşısında şəklim də var. Marağa Cənubi Azərbaycandakı Marağa şəhəridir. Marağa (Marquşevan) kəndləri ki vardı, ora o vaxt indiki İrandan 40 min erməni köçürülüb. O dövrdə 40 min erməni İrandan, 80 min erməni Türkiyədən bizim torpaqlara köçürüldü, İrandan gətirilən ermənilər Qarabağda, Türkiyədən gətirilənlər isə Qərbi Azərbaycanda məskunlaşdırıldı. Ermənilər Qarabağa gəlmələrinin 150 illiyi ilə bağlı abidə quraşdırmışdılar, sonra “Böyük Ermənistan” eşqinə düşəndə o abidəni qırıb sökdülər. Yaxşı ki, 1992-ci ildə Marağa (Marquçevan) alınanda həmin abidəni bizimkilər götürüb bərpa ediblər. Hazırda o abidə durur.
- Ermənilər 1988-ci ilə qədər özlərini necə aparırdı? Onlarla münasibət necə idi?
- Vallah yaxşı olanları da vardı. Bizdə erməniyə qız verilmirdi, tək-tük erməni qızları alanlar vardı, onlara da həmişə pis baxmışıq. Məsələn, rəhmətlik qasrdaşım Xəqani 24 yaşında məktəb direktoru olmuşdu. 1989-90-cı ildə kolxozun direktoru ermənicə iclas aparmaq istəyib, qardaşım onu qoymamışdı, demişdi ki, bura Azərbaycan respublikasının ərazisidir, Azərbayan dilində çıxış et. O da məcburən Azərbaycan dilində çıxış etmişdi. Azərbaycan dili dövlət dili idi, o vaxt ulu öndər Azərbaycan dilinin dövlət dili olması ilə bağlı qərar qəbul etmişdi. Bu hal tək-tək respublikalarda vardı.
Ermənilərin vəziyyətinə gəlincə, Sovet hökuməti onlara hər cür şərait yaradırdı. Onlar da bundan hədsiz dərəcədə istifadə edib separatçılıqla məşğul oldular.
- Ağdərəlilər qayıdışa hazırdır...
- Bəli, hər bir ağdərəli qayıtmaq istəyir. Çox arzu edərdik ki, başqa yerlərdə yaşayan ağdərəlilərin də Ağdərədə məskunlaşmasına icazə verilsin. Bu arzuediləndir. Çox istərdik ki, belə olsun. Biz cənab Prezidentə təşəkkür edirik, o bizə böyük sevinc yaşatdı...
İradə SARIYEVA