Çexiya Prezidenti Petr Pavel 2024-cü ildə Rusiyanın Ukrayna ilə müharibəsində əhəmiyyətli dəyişikliklərin olacağını bildirib.
“AzPolitika.info” xəbər verir ki, yerli mətbuata müsahibə verən Pavel Ukrayna ilə bağlı dəyişikliklərin Rusiya və ABŞ-də keçiriləcək seçkilərlə əlaqəli olacağını bildirib: "Bizim görməli olduğumuz çox iş var. Çünki Ukraynadakı münaqişənin inkişafı onu göstərir ki, gələn il bizi əhəmiyyətli dəyişikliklər gözləyir. İndiyə qədər baş verənlər göstərir ki, bu, sözün yaxşı mənasında, yəni, bizim istədiyimiz kimi olmayacaq. Yeni bir vəziyyət yaranacaq və biz onunla hesablaşmalı olacağıq”.
Çexiya lideri qeyd edib ki, 2024-cü ildə ABŞ və Rusiyada prezident seçkiləri keçiriləcək. Bu zaman Vladimir Putinin Rusiyada heç bir sürpriz olmayacağı təqdirdə qalib gələcəyi gözlənildiyi halda, ABŞ-də nəticə o qədər də aydın deyil: "Gözləmək olar ki, qarşıdakı seçkilər döyüş meydanında müəyyən dəyişikliklərə gətirib çıxaracaq. Axı, Prezident Putin tamamilə açıq şəkildə eyham vurdu ki, Birləşmiş Ştatlarda seçkilərin nəticələrinə qədər heç bir sülh danışıqlarından söhbət gedə bilməz”.
Pavel hesab edir ki, Putin indi Trampın seçkidə qalib gələcəyinə ümid edir: “Çünki Ukrayna və ya Avropanın qalan hissəsinin nə düşünməsindən asılı olmayaraq, onunla anlaşa biləcəyini düşünür”.
Çexiya Prezidentinin fikrincə, Putin Rusiyanı əsas oyunçu statusuna qaytaracaq kompromis istəyir, qalanları isə bununla barışmalı olacaqlar: “Əlbəttə, belə bir vəziyyət bizim üçün sərfəli deyil və biz Vladimir Putinin ümid etdiyi belə bir ssenarinin nə dərəcədə reallaşa biləcəyini görəcəyik”.
Qeyd edək ki, P.Pavel həm də generaldır və NATO Hərbi Komitəsinin keçmiş rəhbəridir. O, hələ Ukrayna əks-hücumundan əvvəl demişdi ki, Ukraynanın yalnız bir hücum şansı olacaq və buna mütləq şəkildə yaxşı hazırlaşmaq lazımdır. Lakin Qərbin silah tədarükünü yubatması, lazım olan aviasiyanı və digər silahları verməməsi Pavelin pessimist proqnozlarını doğrultmuş oldu...
ABŞ-dəki seçkiyə gəlincə isə, doğrudan da Rusiya ilə müqayisədə ABŞ seçkilərinin nəticələri olduqca qaranlıq görünür. Belə ki, Prezident Co Baydenin siyasi mövqeyi onun prezidentliyi dövrünün ən zəif nöqtəsindədir. Seçicilər ilk dəfə onun əsas rəqibi sayılan Donald Trampa üstünlük verməyə başlayıblar. “Wall Street Journal”-ın yeni seçkiqabağı sorğusu göstərir ki, Tramp Baydeni 4 faiz geridə qoyur. Bu vəziyyət Ukraynanın onsuz da həsəd aparılmayacaq vəziyyətini daha da ağırlaşdırır. Bir tərəfdə cəsarətsiz, qətiyyətsiz, korrupsiyaya bulaşmış reputasiyası və fiziki, əqli imkanları məhdud olan Bayden, digər tərəfdə isə qeyri-adekvat, nə edəcəyi bilinməyən və Putinə təriflər yağdıran Tramp var. İşğala məruz qalmış Ukraynanın və bütünlükdə sivil dünyanın bu iki anormal fiqurun ümidinə qalması isə bəşəriyyətə yaxşı heç nə vəd etmir...
C.Məmmədov
“AzPolitika.info”